Qarabağdakı “humanitar fəlakət” şousunun davam etdiyi müddətdə İrəvanla Xankəndi arasında gərginlik artır.
Separatçılar Ermənistanı kifayət qədər səy göstərməməkdə, Nikol Paşinyanı isə satqınlıqda ittiham edir. İrəvandan göndərilən və Laçın postunu keçmək üçün günlərdir gözləyən 21 TIR da Paşinyan hakimiyyətinə güvəni bərpa edə bilmədi. Bölgədə vəziyyətin hər an dəyişdiyi bir zamanda isə Araik Arutyunyanın Qarabağdakı durumla bağlı sensasion müsahibə verəcəyi açıqlaması İrəvanla Xankəndini qarışdırıb.
Anaxeber.info Globalinfo.az-a istinadən xəbər verir ki, bir neçə gündür gözlənilən, dəfələrlə təxirə salındığı, suallara cavabların dəyişdirildiyi iddia edilən müsahibədə Araikin Ağdam yolu ilə bağlı təklifi qəbul edəcəyi iddia olunur.
Hazırkı vəziyyətdə Ermənistan mediasında yayılan məlumatlar İrəvan və Xankəndi arasında münasibətlərin gərgin olduğu iddialarını bir daha gücləndirib. Məlumata görə, Araik Arutyunyan Qarabağın “blokadası” məsələsinin ən çox Nikol Paşinyanın işinə yaradığını düşünür. Separatçıların rəhbəri anonsunu verdiyi müsahibədə Ağdam təklifini qəbul etdiyini açıqlayarkən Rusiya və Ermənistanı passivlikdə ittiham edəcək.
İddia edilir ki, Araikdə Qarabağ ermənilərini İrəvana qarşı etiraza qaldıra biləcək çox vacib məlumatlar var. Lakin o, Paşinyandan qorxur. İddialara görə, Paşinyannın əlində sübutlar var ki, Araik Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurulmasını gizli olaraq dəstəkləyib. Bildirilir ki, Araik Arutyunyanın əsl məqsədi odur ki, Qarabağ xalqına çarəsiz olduğunu qəbul etdirsin, nəticədə Bakının tələblərini yerinə yetirsin. Paşinyan da bunlarla bağlı əlindəki faktlarla Araiki təhdid edib.
Ermənistan mediasında yayılan məlumatlarda Araik Arutyunyanın bölgədəki rus sülhməramlılarına qarşı narazılıqları artırmağa çalışdığı bildirilir. Bunun üçün onun gizlin şəkildə ciddi kampaniya apardığı deyilir. Bəzi siyasətçilər isə iddia edir ki, Araik humanitar daşımaların Ağdam vasitəsilə həyata keçirilməsini, burada tək günahkarın Rusiya olaraq görülməsini istəyir.
Ümumilikdə Ağdam təklifinin qəbul edilməsi, rus sülhməramlılarının bölgədən çıxarılması və Qarabağın Azərbaycana reinteqrasiyasını əsas dəstəkləyən şəxsin Nikol Paşinyan olduğu hesab edilir.