“Sizin üçün həmin o bəzi ölkələrdə cinsiyyətin dəyişməsi ilə bağlı azğıncasına aparılan təbliğat məqbuldur. Bu, uşaqları məktəblərdə zəhərləyən təbliğatdır, hələ universitetləri demirəm”, -mayda Budapeştdə Mühafizəkar Siyasi Hərəkətlər Konfransından (CPAC) qayıdan Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə bildirmişdi.
Qaribaşvili həmin tədbirdə əsas sözçü olan Macarıstanın Baş naziri Viktor Orbanı çıxmaqla, yeganə fəaliyyətdə olan ölkə lideri olub. Qaribaşvilinin tənqidçilər tərəfindən populistlər və avroskeptiklər iclası adlandırılan mühafizakarlar yığıncağına getməsi nümayişkaranə idi, amma bu, heç də Gürcüstan rəhbərliyinin liberal dəyərlərə yeganə qarşı çıxması deyildi.
Əvvəllər də azlıqların hüquqlarının müdafiəsində xüsusi ilə fərqlənməyən Gürcüstan iqtidarı son zamanlar xüsusi fəallıqla “LGBT-təbliğatı” deyilən anlayışa qarşı çıxır, opponentlərini “liberal faşizm”də, etiraz edən gəncləri isə “oriyentasiyalarını qarışdırmaq”da günahlandırır.
Hətta müdafiə naziri belə, bu məsələdə biganə qala biməyib. Gürcüstan ərazisinin 20 faizini Rusiyanın işğal etdiyini bildirdiyi şəraitdə belə, Cuanşir Burçuladze bəyan edib ki, ölkənin təhlükəsizliyi və suverenliyinə məhz liberalizm birbaşa təhlükə ola bilər.
Gələn il Gürcüstanda parlament seçkiləri gözlənilir və iqtidarın belə ritorikası eyni zamanda, həm elektoratın mühafizəkar hissəsini cəlb etmək, həm də - Aİ namizədi statusu verilməyəcəyi halda, özünü sığortalamaq üçün cəmiyyəti Avropaya dair şübhəyə salmaq cəhdi ola bilər.
Bu yolda Gürcüstan hakimiyyəti bir çox cəhdlə, LGBT, adət-ənənə və kilsə mövzularını manipulyasiya edərək Macarıstan və Rusiyanın artıq keçdiyi yolları təkrarlayır.
Gürcüstanın Baş naziri ölkənin NATO və Aİ-yə üzvlüyünü dəstəkləyən Viktor Orbanı Gürcüstanın “əsl dostu” adlandırır.
Orban isə Qaribaşvilini necə “öz ölkəsini və sülhü qoruyaraq Rusiyanın kölgəsində yaşamağın” nümunəsinə görə tərifləyir.
Macar və gürcü siyasətçiləri tarixdə və mədəniyyətdə oxşarlıqdan, Qaribaşvilinin “xristian dəyərləri, milli, vətənpərvərlik, ailə dəyərləri” kimi təsvir etdiyi ümumi dəyərlərdən danışırlar.
“Macar xalqının bəxti çox gətirib ki, onun belə müdrik və uzaqgörən lideri var. O, fundamental dəyərlərin keşiyində dayanır və nümunəvi siyasətçi, mübariz xristiandır”, - Gürcüstanın Baş naziri deyir.
“Onlar [hakimiyyət] göstərmək istəyir ki, Rusiyasayağı deyil, Avropasayağı mühafizəkarıq. Belə albilər daxili istehlak üçün yaradılır.
Görünür, iqtidar öz məsləhətçilərindən problemli Rusiyapərəst imicini Avropapərəst, əsl Avropa tərəfdarları kimi tarazlaşdırmaq məsləhəti alıb”, - politoloq Gia Nodia hesab edir.
“Əslində isə, hakimiyyəti birləşdirib saxlamağa çalışaraq istər Gürcüstanda, istərsə də Rusiya və Macarıstanda eyni qaydalar üzrə oynayırlar”, Gürcüstan Universiteti nəzdindəki Gnomon Wise institutunun tədqiqatçısı David Zedelaşvili ehtimal edir.
"Bu kimi rejimlərin səciyyəvi cəhətlərindən biri odur ki, onlar cəmiyyətin onları dəstəkləyən nisbi çoxluğuna arxalanırlar. Belə bir dayaq yaratmaq üçün onlara daimi qütbləşmə lazımdır ki, cəmiyyətdə mənfi liberal elitaların mövcudluğunu, özlərinin isə sadə insanların müdafiəçiləri olduqlarını göstərə bilsinlər. Seçicilərin dəstəyini almaq üçün Putin, eləcə də Orban və Gürcüstandakı mövcud rejimin istifadə etdiyi əsas strategiyaları budur”, - Zedelaşvili deyir.
Rusiya və Macarıstan hakimiyyət orqanlarının arsenalında ən sevimli alət olan cinsi azlıqlar mövzusu bu gün Gürcüstan iqtidarı tərəfindən də fəal istifadə edilir. Viktor Orbanın baş nazirliyi dövründə həddi-buluğa çatmayanlar üçün homoseksuallıq və cinsiyyət dəyişməyi “reklam və ya təsvir edən” materiallara əlçatanlığı qadağan edən “anti-LGBT” deyilən qanun qəbul edilib.
Yerli fəallar və hüquq müdafiəçiləri bu qanunvericiliyi 2013-cü ildə Rusiyada qəbul olunmuş “LGBT təbliğatı” əleyhinə qanunun Macarıstan versiyası adlandırıb, Avropa Komissiyası isə, Macarıstan qanununun fundamental Avropa hüquqları və dəyərlərini pozduğunu iddia edərək, Avropa Məhkəməsinə müraciət etmişdi.
2022-ci ildə Rusiya hakimiyyəti daha da uzağa gedib və artıq bütün yaşlar arasında “qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatı”na qadağa qoyub. Qanunun müəllifləri hələ də “gey-təbliğat” ifadəsinin konkret tərifini verməyib, ancaq o, artıq ədəbiyyatda və kinematoqrafiyada senzuranın tətbiq edilməsinə, eləcə də, insanların LGBT-yə dair ayrı-seçkiliyinin daha da güclənməsinə səbəb olub.
Gürcüstanda “LGBT-təbliğatı” qanununun qəbul olunmasını vaxtaşırı ifratçı mühafizəkar və Kremlə loyal qrup və siyasətçilər tələb ediblər, lakin Avropa İttifaqına daxil olmağa can atan bir ölkədə bu kimi təşəbbüslərin perspektivi yaxın zamanlaradək dumanlı olub.
Ancaq heç olmasa, bu gün belə təşəbbüslərin müzakirəsinə başlanması ehtimalı artıq mümkünsüz kimi görünmür.
Hakim “Gürcü arzusu” partiyasında əvvəllər deyirdilər ki, belə bir qanun layihəsinin qəbul edilməsini nəzərdən keçirmirlər, lakin iyulun sonunda Gürcüstanın Baş naziri parlamentdə növbəti dəfə həddi-buluğa çatmayanlar arasında “LGBT-təbliğatının” qəbuledilməzliyindən danışdı və bu məsələnin tənzimlənmə tələb etdiyini bildirdi.
Zedelaşvilinin sözlərinə görə, "iqtidar əvvəllər də LGBT ilə bağlı xoş münasibətlə fərqlənməyib, lakin elektoratı səfərbər etmək üçün onlar tez-tez başqa mövzulara əl atırdılar".
"Məsələn, “düşmən obrazı” üçün hakimiyyət sabiq Prezident Mixail Saakaşvilinin təsis etdiyi və sonradan müxalifətə keçmiş “Vahid milli hərəkat”ın “doqquzillik qanlı idarəçilik” mövzusundan istifadə edib.
Lakin “belə rejimlər zamanı qütbləşmə və “düşmən obrazları”nın axtarışı heç vaxt başa çatmır”, Zedelaşvili deyir.
2022-ci ildə, Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını almağa çalışan Qərb ölkələrinin Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq etdiyi bir vaxtda, Macarıstan və Gürcüstan hakimiyyətləri opponentlərini öz ölkələrini özgəsinin müharibəsinə sürükləmək cəhdində ittiham edirdilər.
Zedelaşvili hesab edir ki, Moskva, Budapeşt və Tbilisi biri-birindən öyrənirlər, lakin onların arasında fərq də var: “Məsələn, Rusiya əzəldən daha müstəbid olub. Siyasi rəqiblərinin özbaşınalıqla təqib olunması kimi aşkar müstəbidlik elementləri Gürcüstanda da həmişə olub. Orban onunla fərqlənir ki, bu kimi kobud manevrlərə əl atmadan öz məqsədlərinə çatır”.
Xarici siyasətdə də oxşarlıq var, Macarıstan Aİ-nın hissəsi olsa da, bəzən Brüsselin mövqeyi ilə uzlaşmır.
Çoxdandır ki, Ukrayna ilə fikir ayrılığı və Kreml ilə səmimi münasibətləri olan Orban müharibəyə dair ikili mövqe tutur: sözdə ümumi Aİ və NATO siyasətini dəstəkləyərək, o, tək Macarıstan üzərindən Ukraynaya silah tədarükünə yol vermir, həm də vaxtaşırı Avropa İttifaqının Kiyevə yardım üzrə təşəbbüslərinə mane olur.
Gürcüstan hakimiyyətinin davranışı bundan az ziddiyyətli deyil. Onlar deyirlər ki, Ukraynanı diplomatik səviyyədə dəstəkləyirlər, lakin ona hərbi yardım göstərməyəcək və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəklər. Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanını bağlayıb, rəsmi Tbilisi isə Moskvanın Gürcüstanla birbaşa hava əlaqəsini bərpa etmək qərarını alqışlayıb.
Gürcüstan hakimiyyəti birbaşa Kremlin ünvanına tənqiddən çəkinir və Kiyevi “ikinci cəbhə” açıb, Gürcüstanı Rusiyaya qarşı müharibəyə cəlb etmək cəhdində ittiham edir. Tbilisi ilə Kiyev arasında daha bir əngəl həbsxanada olan keçmiş Gürcüstan Prezidenti (və Odessa vilayətinin keçmiş qubernatoru) Mixail Saakaşvilidir. Ukrayna hakimiyyəti Saakaşvilinin Ukraynaya təhvil verilməsini tələb edir.
Macarıstanla Gürcüstanın vəziyyətlərində fərq yalnız ondadır ki, Gürcüstan hələ heç Avropa İttifaqına namizəd statusuna malik deyil və onun üçün demokratik Qərb aləmindən tam təcrid olunmaq riski daha böyükdür.
“Macarıstan NATO və Aİ üzvüdür, onun Rusiya ilə sərhədi yoxdur, ona Rusiya tərəfindən xüsusi təhdidlər yoxdur. Gürcüstan üçün hər şey əksinədir, ona görə də Gürcüstan hakimiyyətinin bu cür faktiki Rusiyapərəst siyasəti Gürcüstanın milli maraqlarına təhdidlər baxımından daha böyük narahatlıqlar doğurur. Macarıstan Rusiyaya dair eyni siyasəti yeridə bilər, lakin o heç vaxt Rusiyanın satellitinə çevrilməz, bir halda ki, Gürcüstan üçün riski məhz bundadır”, - politoloq Gia Nodia deyir.
Macarıstanın himayəsi Gürcüstana Aİ namizədi statusunu almağa kömək edə bilər, amma Macarıstanın Baş naziri ilə yaxınlığı, təhlilçilərin sözlərinə görə, ölkənin İttifaqın bir hissəsi olmaq niyyətlərinin ziddinə gedir.
“Orban Avropa İttifaqı daxilində ən avtoritar hökmdar sayılır və Gürcüstan hökumətinin onun ideologiyasına yaxınlığını vurğulaması Gürcüstanın bəyan etdiyi avrointeqrasiya məqsədi ilə uyğunlaşmır”, - Nodia qeyd edir.
Avropa ölkələrinin həqiqətən də Gürcüstan hakimiyyətinə demokratik islahatlardan çəkilməklə bağlı sualları çoxalır.
Bu ilin mart ayında Aİ "xarici agentlər haqqında" deyilən qanunu kəskin şəkildə tənqid etmişdi – opponentlər onu Rusiyanın 2022-ci qanunvericiliyinin analoqu adlandırmışdı. Nəticədə hakimiyyət Tiflisdə kütləvi etirazlar qalxdığına görə, ondan imtina etdi. Buna bənzər qanunvericilikdən 2021-ci ildə Macarıstan da – Aİ strukturlarının qərarlarına görə - imtina etməyə məcbur olmuşdu.
Gürcüstan hakimiyyətinin açıq-açığına Orbanın dəyərlərinə yaxınlığı “Gürcü arzusu”nun Avropa parlamentindəki nüfuzlu tərəfdaşlarının da səbr kasasını doldurub. Avropa Sosialistləri Partiyası (ASP) Qaribaşvilinin Budapeştdə konfransda iştirakından sonra, 2015-ci ildən ASP-də müşahidəçi-üzv statusunda olan “Gürcü arzusu”nu öz sıralarından kənar edib.
Ancaq burası da var ki, Gürcüstanın hakim partiyası kənar edilməsi haqqında rəsmi qərarı gözləmədən, özü ASP ilə tərəfdaşlığını kəsib, ASP-ni isə “saxta liberal platformaya” keçməkdə ittiham edib.
“Gürcü arzusu” bunda da Macarıstan lideri və onun “Fides” partiyasının yolunu təkrarlayıb. “Fides” də kənar edilmə təhlükəsi altında və üzvlüyü dayandırıldıqdan iki il sonra Avropa Xalq Partiyasından çıxdığını bəyan edib.
Gürcüstan hakimiyyəti yenə də Avropa və Avroatlantika inteqrasiyasına sadiqliyini bəyan edir, lakin işdə, politoloqların fikrincə, Macarıstanın təcrübəsini təkrar etməyə çalışır.
“Onların [Gürcüstan hakimiyyətinin] strategiyası, heç bir şeydə güzəşt etməyərək və mövcud rejimi qoruyaraq, maksimal inteqrasiyaya nail olmaq və Aİ-dən maksimal fayda almaqdır. Onlar anlayırlar ki, bu, alınmaya bilər, odur ki, onlar hər iki mümkün ssenariyə, gələn ilin seçkilərinə hazır olmalıdırlar”, - David Zedelaşvili deyir.
"Gürcüstanın qərbmeyilli kursu son zamanlar faktiki formallığa çevrilir", Gia Nodia qeyd edir.
“"Qərb homoseksualizm və mənəvi pozğunluq deməkdir" ritorikası həmişə olub, lakin onu formal olaraq, hakimiyyətlə bağlı olmayan, amma faktiki müəyyən dərəcədə hakimiyyətin himayəsindən faydalanan ifrat sağçı qruplar səsləndirirdi.
Ötən ildə bu ritorika hakim partiyanın ana xətti olub, faktiki olaraq, Qərb əleyhinə ritorikaya çevrilir, lakin bircə "bizi olduğumuz kimi qəbul edin” əlavəsi ilə"- politoloq deyir.
Hakim partiyada deyirlər ki, Gürcüstana namizəd statusunu verməkdən imtina etmək üçün heç bir səbəb yoxdur və hakimiyyət onu qazanmaq üçün mümkün olan hər şeyi edib.
Eyni zamanda, onların sözlərinə görə, dekabrda “siyasi qərar” qəbul ediləcək, odur ki, indidən onun məzmunu barədə heç nə demək mümkün deyil.
Avropa Komissiyasının iyunda açıqladığı şifahi hesabata əsasən, Aİ namizədi statusu almaq üçün Gürcüstana təqdim edilən 12 prioritetdən yalnız üçü tamamilə yerinə yetirilib.
Gürcüstandan fərqli olaraq, Ukrayna və Moldova Aİ namizədi statusunu 2022-ci ilin yayında alıblar.
Gürcüstana status təqdim edilməsinə dair Avropa İttifaqının qərarı bu ilin sonunadək gözlənilir.
BBC.com