“SÜLHMƏRAMLILAR”IN “MİNNƏT JESTİ”... – Rusiya hərbi kontingenti ermənilərin "Həkəri yürüşünü" niyə müşayiət etmədi?

7-08-2023, 19:02   



Artıq xeyli vaxtdır ki, "Qarabağdakı ermənilərə humanitar yardım" adı altında Azərbaycana qarşı davam edən təzyiq kampaniyasının tərkib hissələrindən biri də bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) doğru avtoyürüşünü nəzərdə tutan “aksiyası”dır. 

Bu gün separatçıların bəzi nümayəndələrinin açıqlamalarından məlum olub ki, Qarabağdakı Rusiya "sülhməramlı" hərbi kontingenti bu aksiyanı müşayiət etmək fikrində deyil. Ermənistan KİV-lərinin yazdığına görə, "sülhməramlıların" komandanlığı belə aksiyaların müşayiət edilməsinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olmadığını bildirib. Bir qrup "aksiya təşkilatçısının" müraciətinə "sülhməramlı" kontingentin başçısının müavini polkovnik İ.Sazonovun cavab məktubunda deyilir ki, Rusiya sülhməramlı kontingentinin vəzifələrinə avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi daxil deyil.

Bəziləri üçün Rusiya hərbi kontingentinin bu qərarı gözlənilməz oldu. Axı nə vaxtdan Rusiya və onun Qarabağdakı hərbi birləşməsi hansısa razılaşmalara, sazişlərə əməl edən olub? Bəlkə 9 noyabr sazişi "sülhməramlılar"a erməni postlarına silah-sursat və ərzaq daşınmasını təşkil və müşayiət etmək, erməni məktəblilərinə silahla davranma və atəş təlimləri keçirmək, erməniləri dəstə-dəstə yığıb Azərbaycanın qədim alban kilsələrinə erməni kilsəsi adı ilə daşımaq kimi səlahiyyətlər verib? İndiyə qədər "sülhməramlılar" Azərbaycan cəmiyyətinin və bir sıra hallarda Azərbaycan hakimiyyət orqanlarının rəsmi etirazlarına və ortaya foto, videofaktlar qoymasına baxmayaraq, bütün bu çirkin əməllərini həyata keçirib. Bəs indi nə baş verib? Nədən Rusiya hərbi kontingenti bu məlum təxribatçı yürüşü müşayiət etməkdən imtina edib?

Bizdəki "rusbaşlar"ın əksəriyyəti bunu dərhal Rusiyanın Azərbaycana qarşı müsbət jesti kimi qələmə verməyə çalışdılar. Hansı ki, əslində bu, Kremlin sadəcə, əlacsızlıqdan irəli gələn "minnət jesti"dir. Guya indiyə qədər Qarabağdakı Rusiya hərbi kontingenti 9 noyabr sazişinin hansı bəndini doğru-dürüst yerinə yetirib ki, indi də ermənilərin avtoyürüşünü müşayiət etməkdən imtina edir? Bəlkə, indiyə qədər belə təxribatları düşünən və ermənilərə "ideya" verənlərin kim olduğunu heç kim bilmir? Rusiya "sülhməramlıları" 9 noyabr sazişinə riayət edən idilərsə, çoxdan Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrini tərksilah edib, ərazilərimizdən rədd edərdilər.

"Sülhməramlılar" bilirlər ki, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunan bu cür təxribatlar gözlənilən effekti, nəticəni vermir və verməyəcək. Odur ki, rusların növbəti dəfə erməni təxribatını açıq-aşkar müdafiə və öz adlarını "bədnam" etmələrinin heç bir mənası yoxdur. Rəsmi Bakı artıq öz iradəsini ortaya qoyub. Azərbaycan öz iradəsini hələ Azərbaycan-Ermənistan sərhədində "sülhməramlılar"ın iradəsinin əksinə olaraq Laçın nəzarət-buraxılış məntəqəsini quraşdıranda ortaya qoyub.

Nəhayət, ortada təkcə Azərbaycanın yox, Türkiyənin də iradəsi var. Avqustun son həftəsində Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir. İstər Rusiya, istərsə də Qərbin bu səfərdən ciddi gözləntiləri var. Beynəlxalq təzyiqin və təcridin məngənəsində boğulan Kreml üçün Türkiyə yeganə nəfəslik rolunu oynayır və onun Qərblə gələcək anlaşması üçün də Ankaradan uyğun, etibarlı meydança yoxdur. Rəcəb Tayyib Ərdoğan isə bəlkə də yeganə dünya lideridir ki, həm Zelenski, həm də Putin ona etibar etdiklərini və vasitəçi kimi qəbul etdiklərini rəsmən bəyan ediblər. Belə bir məqamda tərəzinin bir gözünə bu qeyd etdiklərimizi, digərinə isə Qarabağdakı hansısa 3-5 dılğırın təxribat yürüşünü qoymaq olarmı? Əlbəttə ki, yox.

Cığal və hər hansı "olmazsa olmaz" səviyyəsində bir ciddi strateji önəm daşımayan Ermənistanın, yaxud Qarabağdakı separatçıların xatirinə Azərbaycanın və Türkiyənin iradəsinin əleyhinə getmək Rusiyanın beynəlxalq arenadakı indiki həssas durumunun fonunda qətiyyən sərfəli deyil. Odur ki, belə bir məqamda rus hərbi kontingentinin Qarabağda hansısa mənasız təxribata açıq dəstək verməməsində təəccüblü heç nə yoxdur...

C.Məmmədov

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar