“Heç kim zəmanət verə bilməz ki, indiki hərbi kampaniya uzunmüddətli olacaq, çünki siyasi xətt dəyişkəndir. Bununla yanaşı, münaqişənin ümumi vəziyyəti getdikcə daha aydın görünür”.
Bunu Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Ekspertin fikrincə, həm Rusiya, həm Ukrayna, həm də Ukraynanın arxasında qərarlaşmış dövlətlərin davranışları başqa ssenarinin olduğunu üzə çıxarır:
“Dünya nizamının formalaşmasının məhz Ukraynada baş verməsi real deyil. Afrikada başlanan qarşıdurma Qərb-Rusiya qarşıdurmasında müəyyən zaman qazanılması mərhələsi kimi dəyərləndirilə bilər. Zelenskinin Saakaşvilinin aqibətini yaşayacağı real görünmür. Biz pravoslav kilsəsinin parçalanmasını müşahidə etdik. Avropada Asiyadakından fərqli yəhudi dövləti qurulacaq. Yəhudiləşmiş Ukrayna inşa edildiyini nəzərə alsaq, Zelenski tərk edilmiş görünməyəcək, çünki ciddi dəstək alır. İki günlük Ciddə sülh sammitindən sonra yayılan məlumata görə, Rusiya-Ukrayna arasında sülh prosesinin başlanması ilə bağlı ciddi təkliflər olub. Düşünürəm ki, sülh danışıqları üçün bir araya gəlmək mümkündür. Bu perspektiv Çinə qarşı savaşda ciddi əsas təşkil edir”.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib ki, bütün NATO sistemi praktiki olaraq açıq şəkildə bizə qarşı mübarizə aparır. Buna baxmayaraq, Rusiyanın “xüsusi hərbi əməliyyat”ın bütün tapşırıqlarını yerinə yetirmək üçün kifayət qədər qüvvəsi var. “2008-ci ilin avqustunda olduğu kimi düşmənlərimiz darmadağın ediləcək, Rusiya öz şərtləri ilə sülhə nail olacaq. Qələbə bizim olacaq!” - Medvedyev bildirib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə deyib ki, Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyini təkrarlayacaq: “Vaşinqton və Brüsselin kuklalarının taleyi həmişə eyni şəkildə bitir - onlardan xilas olurlar. Növbəti Zelenskidir. Saakaşvili yalnız qalstuk çeynəməsi ilə yadda qalıb. O, həbsxanada təcrid olunmuş adamdır. Eyni şey Zelenskini də gözləyir”.
Nigar HƏSƏNLİ,
Musavat.com