“Siz və biz hüquq, məhkəmə sitemi olmayan və heç zaman da olmamış bir ölkədə yaşayırıq... Ötən əsrin 90-cı illərində bizneslə hakimiyyətin birləşdiyi sistem düzəldildi. Bundan sonra müstəqil məhkəmənin, parlamentin, partiyaların, KİV-lərin mövcudluğu mümkünsüz oldu. Bununla da məsələ bağlandı və bu, həmin dövrdə islahat aparanların ən böyük səhvi idi...”
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın ən təcrübəli siyasətçilərindən biri, “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinski “Exo Moskva”-nın baş redaktoru Aleksey Venediktova müsahibəsində bildirib.
Yavlinski öz sosial şəbəkə səhifəsində həmin müsahibəni yayımlamaqla yanaşı, olduqca maraqlı bir məqalə ilə çıxış edib. Həmin məqalə əsas etibarilə Rusiyadakı vəziyyətə həsr olunsa da, bir çox məqamları ilə bütünlükdə postsovet məkanı dövlətlərinin əksəriyyətinə aid edilə bilər.
Tanınmış siyasətçi yazısında qorxu ilə idarə olunan cəmiyyətləri və dövlətləri qarşıda böyük çətinliklər gözlədiyini bildirib: “Dünyada müxtəlif cür dövlətlər var. Onların bir qismi fərdi azadlıqlar, insan haqları, demokratiya, ümumbəşəri dəyərlər üzərində qurulub. Ancaq elələri də var ki, onların siyasi və ideoloji özülünü digərlərinə qarşı dözümsüzlük, nifrət, “biz və onlar” pinsipinə əsaslanan bölgü təşkil edir. İkinci tip modeldə aparıcı, sistem yaradan rol qorxuya aiddir. Belə ölkələrin vətəndaşlarına daima xarici təhlükə, təhlükəsizliyin olmaması, şəxsi güvənsizlik təsəvvürləri aşılanır. İnsanlar sonsuz təhlükələr, təzyiqlər, məhdudiyyətlər, həm hakimiyyət, həm də kriminal tərəfindən özünə və yaxınlarına qarşı fiziki repressiyalar riski şəraitində yaşayırlar. İnsan ölkədə baş verənlərlə bağlı özünü tamamilə aciz hiss edir. Siyasətə və ümumən ictimai həyata inamsızlıq, hətta nifrət yaranır...”
Yavlinski məqaləsində Rusiya rəsmi təbliğat maşınını şovinizmin yayılmasında və qızışdırılmasında günahlandırıb: “Yetişdirilmiş ənənəvi qəbilə və kollektivist instinktlərə müraciət edən rəsmi təbliğat ksenofobiyanı, şovinizmi yayır və qızışdırır. Bütün bunlar ölkə vətəndaşlarında hansısa ciddi təhlükə, öz milli kimliyinə və müstəsnalığına inam hissi, xarici düşmənlərdən hərbi müdafiəyə ehtiyac olması illüziyasını və bunu guya yalnız avtoritar-populist rəhbərin təmin edə biləcəyi təsəvvürünü yaradır. Təəccüblü deyil ki, tarixən qanuna və hüquqa əsaslanan dövlətlərlə, qorxu və repressiya ilə idarə olunan dövlətlər müxtəlif istiqamətlərdə inkişaf ediblər.
Bu modellər bir-birilə uzlaşmır və yalnız qorxusuz həyat insanları qanunun aliliyinə və azad cəmiyyətə doğru can atmağa stimullaşdıra bilər. Və əksinə: qorxu vətəndaşları korporativ sistem daxilində müdafiə axtarmağa, onun qaydalarına tabe olmağa vadar edir (belə sistemlər avtoritar və totalitar, qaydalar isə qəddar cəza qanunları formasını ala bilər). Qorxuya əsaslanan sistemlərdə insanlar azadlıqlar və insan haqları ilə daha az maraqlanırlar. Belə sistemlərdə təhlükəsizlik və sabitlik ön plana çıxır ki, guya buna da yalnız həm yaxın, həm də uzaq qonşularla aqressiv qarşıdurma yolu ilə nail olmaq olar. Nəticədə bu qorxu bütün ətraf dünyaya qarşı düşmənçilik yaradır”.
Yavlinski yazır ki, Rusiyada yaranmış hazırkı rejimin əsası 90-cı illərin əvvəllərində yol verilmiş cinayətə bərabər səhvlərdən qurulub: “90-cı illərin əvvəllərində soydaşlarımızın böyük əksəriyyəti həqiqi şəxsi azadlıqlara, hüquqlara, qanuna və demokratiyaya hörmətə əsaslanan dövlət quruluşu üçün səmimiyyətlə çalışırdılar. Lakin səhv və hətta bəzən cinayətkar islahatlar nəticəsində Rusiyanın postsovet modernləşdirilməsi uğursuz oldu. İnsanlar aldadıldı və 2000-ci illərdə məyus əhaliyə real hüquq və azadlıqlardan imtina müqabilində neftin və qazın dünya bazarında qiymətlərinin sürətlə artması nəticəsində əldə edilən gəlirlərə əsaslanan sabitlik və təhlükəsizlik vəd edildi. Daha sonra ölkədə qeyri-məhdud avtoritar idarəçiliyi gücləndirmək üçün əhaliyə hərtərəfli depolitizasiya tətbiq edildi. Bu məqsədlə mediadan, dövlət təbliğatından və siyasi boşboğazlıdan istifadə olundu...”
Siyasətçi bildirir ki, getdikcə əhaliyə onun acizliyi və heç nəyi həll etmədiyi daha çox aşılanır: “Hətta ağır cinayətlərlə bağlı jurnalist araşdırmalarının sistemli şəkildə dərci, qəribə də olsa, yalnız hakimiyyətin əlinə işlədi. Çünki bu araşdırmaların heç bir hüquqi nəticəsi olmadı, əvəzində onlar insanlarda daha böyük qorxu yaratdı, insanları öz siyasi acizliyinə, heç nəyi dəyişə bilmədiyinə inandırdı. Bu da nəticədə biganəlik yaratdı. Beləliklə, 2000-ci ildən sonra Rusiyada elə bir dövlət-siyasi struktur yaradıldı ki, burada prinsipcə azad insan-şəxsiyyətə yer qalmadı. Əvəzində, insanlardan yalnız hakimiyyət ətrafında korporativ həmrəylik tələb olundu. Artıq 2010-cu illərdə isə hakimiyyətlə həmrəylik nümayiş etdirməkdən imtina etmək xəyanət, hətta dövlətə xəyanət kimi qiymətləndirilməyə başladı...”
Yavlinski hazırkı gedişatın tək Rusiya deyil, bütün dünya üçün sarsıntılar yaşada biləcyini proqnozlaşdırıb: “Qarşıdakı illər dünyada süni intellektin yayılması, ABŞ, Çin və Rusiya arasında artan münaqişələr, iqlim dəyişikliyi (qlobal istiləşmə) kimi qaçılmaz hadisələrin səbəb olduğu bir çox sarsıntılar gətirəcək. Bu çağırışların öhdəsindən gəlmək çox çətin olacaq. Çox güman ki, o dövlətlər bu problemləri uğurla həll edə biləcəklər ki, orada insanların azadlığı, yaradıcılıq imkanları və şəraiti olacaq, orada hüquq və ümumbəşəri dəyərlər həyatın əsası olacaq, qorxudan əzilməmiş cəmiyyətin öz gələcəyinə inamı olacaq. Davamlı qorxu mühitində yaşayanlar üçün isə dəyişikliklərin öhdəsindən gəlmək son dərəcə çətin, bəlkə də qeyri-mümkün olacaq. Bu ölkələrin hakimiyyət orqanları öz uğursuzluqlarını xarici aləmə qarşı düşmənçilik, dözümsüzlük yaymaqla və müharibə yolu ilə kompensasiya edəcəklər...”
Bütün bunlarla yanaşı, Yavlinski yazının sonunda Rusiyanı azad gələcək gözlədiyinə əmin olduğunu bildirib: “Əminəm ki, 21-ci əsrdə Rusiya üçün gələcək azadlıq, insan ləyaqəti, yaradıcılıq və qorxusuz həyatdır. Gələcəyə aparan yol isə sülhdür”.
C.Məmmədov
“AzPolitika.info”