Müharibə, yoxsa sülh: Ermənistan hansını seçəcək?

15-08-2023, 21:13   


Müharibə, yoxsa sülh: Ermənistan hansını seçəcək?


Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Qarabağda yaşayan ermənilərin guya humantiar böhranla üzləşməsi barədə Azərbaycana qarşı iddiası fonunda bölgədə vəziyyət gərginləşib. 

Mövcud situasiyanın yaranmasında Ermənistanın və regionda marağı olan geosiyasi aktorların Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək niyyəti açıq görünür.

Ona görə də Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin ardıcıl bəyanatları bu təhlükəni zərəsizləşdirmək üçün erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatlarının başlanacağını deməyə əsas verir. 

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin avqustun 14-də yayılmış bəyanatında Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını davam etdirdiyi, dövlət sərhəddinə isə ordu və zirehli texnika yığdığı bildirilir. 

Həmçinin, XİN Ermənistanın və ona tabe olan qondarma rejimin humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə erməni sakinlərə çatdırılmasının qarşısını aldığı bəyan edir. 

Sənəddə o da qeyd edilir ki, Ermənistan və Qarabağdakı qondarma qurum erməni sakinlərin Azərbaycana reinteqrasiyası məqsədilə görüşün keçirilməsinə mane olur.

Bu səbəbədn, XİN bəyanatın sonunda xəbərdarlıq edərək bildirir ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır. 

Avqustun 15-də isə Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinin müşahidə olunması ilə bağlı bəyanat yayıb: 

“Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzunmüddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.

Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir”, - deyə bəyanatda qeyd edilir.

Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərinin görüldüyünü bəyan edən Müdafiə Nazirliyi baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəyinə dair xəbərdarlıq edib.

Bütün bunlar bölgədə gərginliyin silahlı qarşıdurma müstəvisinə keçəcəyindən xəbər verir. Əvvəlcə “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində humanitar müdaxilə etməklə dövlət sərhəddini pozmağa çalışan Ermənistan bu məqsədə nail olmadığı üçün qarşıdurmanı Azərbaycanın daxilinə keçirməyə çalışır.

Qarabağdakı erməni əhalinin təmsilçiləri ilə Azərbaycan dövlət nümayəndələri arasında Yevlax şəhərində görüşün keçirilməsi barədə razılaşmanı pozan Ermənistan növbəti mərhələdə qanunsuz silahlı birləşmələri hərbi təxribatlara hazırlayır. Bu isə bölgədə hərbi toqquşmanı qaçılmaz edir. Azərbaycanın antiterror əməliyyatlarına başlamaqla iki istiqamətdə dəyişiklliyə nail ola bilər. 

Birincisi, Qarabağda gizlənmiş Ermənistan ordusunun qalıqlarının və qanunsuz silahlı birləşmələrin ləğvi məsələsi öz həllini tapmış olar. Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılması isə qondarma rejimin mövcudluğuna son qoyacaq. 

İkincisi, Azərbaycan güc tətbiq etməklə humanitar yardımların daşınması üçün Ağdam-Əsgran-Xankəndi yolunu aça bilər. Bu isə regionda Azərbaycanın xeyrinə yeni siyasi konyukturun formalaşması deməkdir.

Konfliktoloq Azad İsazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycana qarşı təzyiqləri gücləndirməkdə məqsədi sülh danışıqlarında mövqeyini gücləndirməkdir:

"Azərbaycan bu təzyiqi neytrallaşdırmaq üçün antiterror əməliyyatlarına başlamalı olacaq. Azərbaycanla Ermənistan arasında mövcud gərginlik sülh müqaviləsi imzalanmayana qədər davam edəcək. 

Hazırkı gərginliyi yaratmaqla ermənilər sülh müqaviləsinin şərtlərini özlərinin xeyrinə yumşaltmağa çalışırlar. Əgər sülh sazişi bağlansa vəziyyət nisbətən sabitləşəcək, amma vaxtaşırı gərginliklə rastlaşacağıq. Çünki sülh müqaviləsi Ermənistan dövləti ilə imzalanır. Başa düşürük ki, Ermənistan cəmiyyətində revanşist, milliyyətçi fikirlər hələ davam edir. Ona görə də onlar rəsmi İrəvanın razılığı olmadan təxribatlar törədə bilər. Bu baxımdan, biz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli hərbi əməliyyatlara hazır olmalıyıq. 

Hesab edirəm ki, Ermənistan hazırda danışıqlar masasında əlini gücləndirmək üçün təzyiq üsullarından istifadə etsə də, buna nail ola bilməyəcək. Sadəcə olaraq, Ermənistan vaxt qazanmaq istəyir. Onlar ümid edirlər ki, dünyada vəziyyət bəlkə dəyişdi, Ermənistan yeni silahlar alıb ordusunu bərpa edə bildi. Amma biz hələlik bu təxribatlara reaksiya vermirik. Əgər belə təxribatlar davam etsə, Azərbaycan hansısa antiterror əməliyyatını keçirə bilər. 

Azərbaycanın antiterror əməliyyatı keçirməyə gücü var. Ancaq buna hələ al atmır və xəbərdarlıq edir ki, gec-tez bu baş verə bilər. Genişmiqyaslı müharibənin baş verməsi riski yüksək olmasa da, həmişə qalır”. 

Azad İsazadənin sözlərinə görə, rəsmi İrəvanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələr Ermənistanın mövqeyini gücləndirməyəcək: 

“Vaxtilə BMT Təhlükəsizlik Şurası Azərbaycanın lehinə dörd qətnamə qəbul etmişdi. Amma Ermənistan həmin qətnamələrə əhəmiyyət vermədi.

BMT Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Eyni zamanda, Azərbaycan dövlətinin “Laçın” sərhəd-buraxılış məntəqəsində bütün avtomobilləri, yükləri və insanları yoxlamaq hüququ var. Yəni BMT bütün qərarları bu çərçivədən kənara çıxmamaqla qəbul etməlidir”. 

Ekspert onu da qeyd etdi ki, son günlər Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, sülh sazişinə olan ümidlər aradan qalxmayıb:

“Bu baxamdan, mən Brüssel formatına daha çox ümid bəsləyirəm. Brüsseldə həm Azərbaycanı, həm də Ermənistanı qane edən ədalətli saziş imzalana bilər. Əgər sülh bu proses Rusiyanın nəzarətinə keçsə, müqavilədə nə Azərbaycanın, nə də Ermənistanın deyil, Kremlin maraqları öz əksini tapacaq”. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar