ABŞ Ukraynaya silah, Rusiyaya isə elektronika məhsulları verir...
Beynəlxalq analitiklər bir çox hallarda Ukrayna ilə Rusiya arasında gedən müharibəni Qərblə Rusiya arasındakı qarşıdurma kimi təqdim edirlər. Lakin il yarımdır davam edən müharibəni hərtərəfli şəkildə və xronoloji ardıcıllıqla izləsək, bilinməyən çox mətləblər üzə çıxar və məlum olar ki, Qərb dünyası heç də Moskvanı strateji səhnədən birdəfəlik silmək barədə düşünmür.
Düzdür, ABŞ başda olmaqla Qərb dünyası Ukrayna ordusuna böyük həcmdə silah və maliyyə yardımı göstərib, əks təqdirdə ruslar çoxdan qalib gəlmişdilər. Amma buna baxmayaraq, Ukraynanın Rusiyanı məğlub etməsi üçün ən kritik addımlar atılmır. Belə ki, Kremlin maliyyə qaynaqlarını təmin edən neft və qazın satışına qarşı qoyulan qadağalar dolayı yolla elə yarılıb keçilir ki, Rusiyaya yenə də böyük miqdarda dollarlar axır. Digər yandan, ağır sanksiyalara məruz qoyulan Rusiya üçüncü ölkələr vasitəsilə özünü Qərbin elektronika sənayesinin məhsulları ilə təmin edir.
Rusiya mikroelektronika sahəsində hədsiz dərəcədə geridə qalır və hələ müharibədən öncəki dönəmlərdə də bu məsələdə böyük ölçüdə xaricdən asılı olub. Məlumdur ki, mülki sahə üçün nəzərdə tutulan bəzi mikrosxemləri və elektron komponentləri Qərbdən ixrac edən Rusiya bunları hərbi məqəsdlər üçün istifadə edirdi. Ukaryna ilə müharibə başlayandan sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar sırasında mikroelektronika sahəsini əhatə edən məhsullar da yer alır.
Bildiyimiz kimi, Rusiya İrandan “Şahed -136” zərbə dronları alır. Ukraynada vurulan İran dronlarını tədqiq edən mütəxəssislər deyirlər ki, onların hazırlanmasında istifadə olunun materialların 90 faizi Qərb texnologiyasıdır.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Unian.ua” internet potalında dərc olunan Ukrayna Silahlı Qüvvələrinin ehtiyatdakı polkovniki, hərbi ekspert Roman Svitanın “Qanuni hədəf: Ukrayna Rusiya ərazisindəki onlarla obyekti vura bilər” başlıqlı məqaləsində yuxarıda söylənilən məsələlərə xüsusi yer ayrılıb.
Roman Svitan sözügedən vəziyyətlə bağlı yazıb: ”Rusiya Federasiyasının ərazisində silahlar üçün element bazası istehsal edən zavodlar var və onlar optimal hədəflər sırasında olmalıdır. Burada söhbət elə detallardan gedir ki, onlarsız hər hansı cihazın hazırlanması mümkün deyil. Biz xüsusilə, optik-mexanika zavodlarından danışa bilərik ki, bu cür zavodlar adətən hərbi müəssisələr sayılır. Əlbəttə, belə obyektlər Ukrayna dronlarının zərbələri üçün qanunu hədəflərdir. Rusiya KİV-ləri məlumat vermişdilər ki, “Zaqorsk Optik-Mexanika Zavodu”nun ərazisində yerləşən özəl şirkətlərdən birinin icarəyə götürdüyü pirotexnika anbarında partlayış baş verib(Ukrayna dronunun zərbəsi nəticəsində). Ancaq bununla belə, zavod təkcə Rusiya hərbçilərinin optik təchizatı ilə məşğul deyil, eyni zamanda onlar artıq 2019-cu ildən yeni nəsil “Poslannik” strateji bombardmançı raket daşıyıcısının hazırlanmasında da iştirak edirlər.
Rusiya ərazisində buna bənzər bir neçə zavod var. Xüsusilə, bu cür müəssisələrə Yekaterinburqda (Ural optik-mexanika zavodu), Voloqdada (Voloqda Optik mexanika zavodu), Moskva vilayətinin Litkarino şəhərində(Litkarino optik şüşə zavodu), Moskva vilayətinin Krasnoqorsk şəhərində “Zverev adına mexanika zavodu” və digərləri aiddir.
Bundan başqa, Taqanroqdakı mikrosxemlər üçün monokristallar hazırlanmasında ixtisaslaşmış zavod bütövlükdə Ukraynanın zərbə hədəfinə gələ bilər. Optik elektronika sənayesi üçün süni sapfirlərin istehsalı ilə məşğul olan “Monokristal” zavodunun filialları bir neçə şəhərdə yerləşir. Rusiyada təxminən üç-dörd bu cür zavod var. Digər yandan, lokal zərbələri Rusiya müdafiə sənayesi kompleksi üçün işləyən layihə bürolarına da vurmaq mümkündür. Onların əksəriyyəti Moskva yaxınlığında yerləşir. Bunlar Dubna, Kolomna və digər şəhərlərdir. Maraqlıdır ki, Dubna şəhərində nüvə tədqiqatları kompleksi var.
Yuxarıda haqqında danışılan və “qanuni hərbi hədəflər”adlandırılan müəssisələrlə yanaşı, Ukrayna ordusunun zərbə endirə biləcəyi zavodların sayı onlarladır. Amma çox təəssüf ki, Qərbin sanksiyaları Rusiya müdafiə sənayesindəki istehsala demək olar ki, ciddi təsir göstərməyib. Belə ki, böyük pulla alınmayan şeyi, daha böyük pula almaq mümkündür. Ona görə də nə qədər ki, rusların neft dolları var və iqtisadiyyat işləyəcək, deməli onlar üçüncü ölkələr vasitəsilə müxtəlif “boz sxemlər” quraraq özlərinə ehtiyac olan məhsulları narkotik alveri rejimində ala biləcəklər. Məsələ yalnız ödəniləcək hesabın necəliyinə bağlı olacaq.
Təəccüblü deyil ki, Ukraynaya edilən hücumlar zamanı vurulan Rusiya raketləri və PUA-larında xarici istehsal olan mikrosxemlər və çiplərin aşkarlanması nadir hadisə sayılmır. Burada söhbət hətta anti-Rusiya sanksiyalarına qoşulan və Rusiyaya hərbi təyinatlı məhsulların ixracına qadağa qoyan ölkələrdən gedir. Məsələn, Rusiyanın radar sistemlərində, dronlarında, tanklarında, yerüstü avadanlıqlarında, sahil gəmilərində və digər texnikalarında Amerikan çipləri və komponentləri tapılır. Həmçinin, bundan əvvəl araşdırmaçı jurnalistlər xəbər vermişdilər ki, Çin sanksiyalardan yan keçərək Niderland şirkətlərinin istehsal etdiyi milyonlarla çipi Rusiyaya ixrac edib.
Bu məsələnin kökündən həll edilməsi üçün Rusiya iqtisadiyyatını sanksiya leprazoriyasına çevirmək lazımdır. Deməli, burada söhbət Rusiyanın “SWIFT”-dən birdəfəlik aralanmasından, onunla aparılan ticarət dövriyyəsinin tamamilə durdurulmasından və sairə qadağalardan gedir. Əgər Rusiyanın nəsə alması üçün pulu olmazsa, ona heç kim heç nə satmayacaq. Rusiya Federasiyası bu cür total təcridə məruz qoyulmayınca, onun Hərbi Sənaye Kompleksi qlobal problemləri hiss etməyəcək”.
“Unian.ua” saytında eyni mövzuya aid “Ukraynanı “Şahed”lərlə vurmaq: “Washington Post” Rusiyada istehsal olunacaq dronların detallarını açıb” başlıqlı məqaləsində də İranın və Rusiyanın hansı yollarla mikrosxemlər əldə etməsindən danışılır.
Məqalədə qeyd edilir ki, ”The Waşington Post” qəzeti Ukraynaya qarşı müharibənin əleyhinə olduğunu iddia edən və Rusiyada İran dronlarının istehsalı ilə məşğul olan şəxsdən aldığı sənədlərə istinadla yazır ki, Rusiya 2025-ci ilə kimi Alabuqa zavodunda (Tatarıstan Respublikasındakı xüsusi iqtisadi zona) 6000 ədəd zərbə PUA-sı istehsal etmək istəyir və o, bu istiqamətdə müəyyən uğur da qazanır: ”Tehran Moskvaya franşizaya (xüsusi imtiyaz forması) bənzər bir şey satmağa razılaşıb. İran Rusiya ilə layihə sənədləri, yerli istehsal komponentləri və texnologiya ilə bölüşüb. Rusiya Federasiyasında dron istehsalının layihə dəyəri 2 milyard dolları ötür və bunun üçün ruslar İrana dollar və ya qızıl ödəyib (“Washington Post”-a aid mənbənin sözlərin görə, rublun məzənnəsi sabit olmadığından Tehran bu cür ödəniş aparılmasını tələb edib).
Tehranın ruslara təqdim etdiyi məlumatlar əsasında aparılan geniş inventarlaşma göstərib ki, bu PUA-larda yerləşdirilmiş kompyuter mikrosxemlərinin və elektrik komponentlərinin 90 faizindən çoxu Qərbdə və xüsusən də ABŞ-da istehsal edilir.
Həmin sənədlərə görə, PUA-ların istehsalı üçün lazım olan 130 elektron komponentdən yalnız 4-ü Rusiyada istehsal olunur. Qərbdə istehsal edilən detallar- akselometr, naviqasiya və kommunikasiya sistemləri daxil olmaqla dronların bütün əsas lövhə sxemlərində var.
Məsələn, bu PUA-ların 21 komponenti Dallasdakı “Texas Instruments” şirkəti, 13 müxtəlif elektron komponent isə Massaçusets ştatındakı “Anolog Divices” şirkəti tərəfindən istehsal olunur. Sənədlərdə PUA-ların istehsalı üçün İran və Rusiyaya lazım olan komponentlərin hər hansı Qərb şirkəti tərəfindən birbaşa tədarükü barəsində heç nə göstərilmir. Bununla yanaşı, Çinin “Metastar” şirkəti korpus üçün materialların nümunələrini yollayıb.
Təhqiqat qrupu qeyd edir ki, zərbə dronlarının hazırlanması üçün lazım olan komponentlərdən heç biri təkcə hərbi PUA-larda istifadə üçün nəzərdə tutulmayıb. Həmçinin, onların heç biri ABŞ Ticarət Nazirliyinin ixrac nəzarətinə daxil olan məxfi texnologiyaların siyahısına da salınmayıb. Amma bu komponentlər ABŞ-ın Rusiyaya ixrac olunmasına qadağa qoyduğu elektronika məhsulları sırasındadır.
Daxili sənədlərin göstərdiyi kimi problemlərin əksəriyyəti mühərriklərin çatdırılması ilə bağlıdır. İran “Şahed-136”-da iyirmi il bundan öncə almanlardan oğurladığı “Limbach Flugmotoren L550E” mühhəriklərinin hazırlanma texnologiyasından istifadə edir. ”Alabuqa” layihəsinin final mərhələsində Rusiya öz mühərrik varinatını işləyib hazırlamağa çalışır.
Ruslar PUA istehsalı üçün 810 nəfəri işə cəlb edib və onlar bütün gün ərzində üç növbə ilə işləyirlər. ”Telegram”-da verilmiş elanlarda “Alabuqa” gənclərə ayda 550 dollar maaş təklif edir. Zavodun aparıcı mütəxəssisləri isə Rusiyadakı orta əmək haqqının (2013-cü ilin yanvarında 62 min rubl) 10 mislini alırlar. Əməkdaşlar şikayətlənirlər ki, zavodda çalışanların işdən çıxmalarının qarşısını almaq məqsədi ilə onların bəzilərinin pasportları əllərindən alınır”.
Ümumiyyətlə, haqqında danışdığımız mövzu son zamanlar aktuallaşmağa başlayıb. Ukraynada gedən müharibə geniş ictmaiyyəti və hətta bir çox məlumatlı ekspertləri də yeni faktlarla tanış etdi. 2014-cü ildən indiyədək Rusiyanın mikroelektronika ilə təchiz edilməsinin qarşısının alınması məqsədi ilə Qərb bu ölkəyə sanksiyalar tətbiq edib və bu tipli sanksiyaları il yarımdır ki, sərtləşdirilib. Amma görünən odur ki, bu tədbirlərin heç bir faydası yoxdur.
ABŞ və Avropadakı siyasi icmalçılar bunun səbəblərini izah edən zaman deyirlər ki, bəs istər İran və istərsə də Rusiya beynəlxalq ticarətdə müxtəlif hiyləğər mexanizmlər quraraq, sanksiyalardan yan keçməyə müəssər ola bilirlər. Həm də ki, onlar bunun üçün böyük pullar ödəyirlər. Deməli, əgər bu cür izahlara və təhlillərə inansaq, onda belə çıxır ki, Qərb sanksiyalara nəzarət mexanizmini həyata keçirə bilmir. Bu doğurdanmı məhz belədir,yoxsa qəsdən nələrəsə göz yumulur?
Vaqif Nəsibov
“AzPolitika.info”