İrəvan BMT-dəki uğursuzluqdan sonra Azərbaycanla şərti sərhəddə yeni oyuna başlayıb. Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan Qafana yollanaraq ölkənin yeni “infrastruktur layihəsi” kimi təqdim edilən “Sünik” aeroportunun” açılışında iştirak edib.
Paşinyanın arvadı Anna Akopyana məxsus “NovAir”in 19 yerlik, Çexiya istehsalı olan bu kiçik təyyarəsi ilə uçan Paşinyan, Baş Nazir aparatının rəhbəri Araik Arutyunyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvan-Qafan marşrutu ilə deyil, İrəvan-Zəngilan marşrutu ilə uçuş həyata keçirib.
“Yeni Müsavat” bildirir ki, “Flightradar24" təyyarələri izləmə proqramında ”Ermənistan rəhbərliyi Zəngilana “uçub” qeyd edilib. Bu da təsadüfi deyil. Qafandakı aerodrom Beynəlxalq Mülki Aviasiya Təşkilatında (International Civil Aviation Organization, İCAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (International Air Transport Association, İATA) müvafiq qeydiyyatdan keçərək indeksləşdirilməyib. “Sünik”dən fərqli olaraq Zəngilan aeroportu beynəlxalq, qanuni statusa malikdir. Bu səbəbdən də İrəvandan Qafana yollandığı “EK4117" reysi beynəlxalq aviatəqib resurslarında Azərbaycanın Zəngilan şəhərindəki aeroporta edilmiş uçuş qismində qeydə alıb.
Bu faktın özü Ermənistanın şərti sərhəddə guya beynəlxalq standarta uyğun, əslində isə aşağı keyfiyyətdə və çox ucuz materiallardan istifadə olunmaqla “rekonstruksiya” edilərək “Sünik” aeroportunun" qanunsuz olduğunu göstərir. Qafan şəhəri Ermənistanın Azərbaycanla şərti dövlət sərhədində yerləşir və beynəlxalq hüququn şərtlərinə görə, sərhədyanı bölgə sayılır. Bu səbəbdən də ölkəmizin hələ də ermənilərlə delimitasiya və demarkasiya olunmamış sərhədinin yaxınlığında olan şəhərdəki aerodromun aeroport statusuna yüksəldilməsi, müntəzəm uçuşlara hazırlıqla bağlı Azərbaycanla mütləq şəkildə ilkin müzakirələr aparılmalı idi.
Yenə də beynəlxalq hüququn tələblərinə görə, Azərbaycanın razılığı olmadan Qafandakı aerodrom fəaliyyətini intensivləşdirə bilməz, çünki eniş və uçuş zamanı təyyarələrin ölkəmizin hava sərhədlərinə tam yaxın, hüdudlarımız boyunca hərəkəti qaçılmazdır. Rəsmi Bakı Zəngilan və Laçındakı aeroportları uçuş-eniş zamanı Ermənistanın hava sərhədlərinin pozulması ilə bağlı insidentlərin yaşanmaması üçün sərhəddən uzaqda tikilib. Ermənistan Mülki Aviasiya Komitəsi bildirib ki, guya İrəvan sınaq aviareysi ilə bağlı Azərbaycana əvvəlcədən məlumat verib, təyyarə Qafanda eniş və uçuş zamanı Azərbaycanın hava sərhədlərini pozmayıb. “Təyyarə Qafanda eniş və uçuş zamanı Azərbaycanın hava sərhədlərini pozmayıb”, - İrəvanın açıqlamasında deyilir.
Paşinyan isə deyib ki, bu həftədən etibarən İrəvan - Qafan və Qafan-İrəvan istiqamətində müntəzəm aviareyslər olacaq. Azərbaycan Ordusunun mövqeləri isə Qafandakı aerodromdan cəmi 60 metr kənarda yerləşir və aerodromun sağ tərəfindəki yüksəkliyin yamacında bayrağımız dalğalanır. Qafan hava limanı Azərbaycan sərhədinin bir neçə yüz metrliyində yerləşir. Keçən həftə erməni tərəfi iki dəfə iddia irəli sürdü ki, guya azərbaycanlılar aeroporta atəş açıb.
Erməni ekspert və blogerlər isə tənə ilə Paşinyanı qınayaraq qeyd edirdilər ki, hər şeyin bu yerə gəlib çıxacağını hakimiyyət bilməliydi. Məsafə o qədər qısadır ki, Azərbaycan sərhədçiləri aeroportun içində nə baş verdiyini rahatlıqla izləyə bilirlər. Deputat Ziyafət Əsgərov da açıqlamasında bu detala xüsusi diqqət çəkib...
Məsələyə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya kontekstindən yanaşmaq lazımdır. Sözügedən konvensiyanın 3-cü maddəsinin “b” bəndində deyilir ki, konvensiyaya qoşulan tərəflər öz suverenliyini həyata keçirərkən mülki hava gəmisinin onun ərazisi üzərindən icazəsiz uçuşlar həyata keçirəcəyi təqdirdə həmin hava gəmisinin təyin olunmuş hava limanına enməsini tələb etmək hüququna malikdir. Bu (hava məkanının pozulması) Konvensiyanın məqsədlərinə uyğun olmayan hər hansı niyyət üçün istifadə edildikdə, belə hava gəmilərinə bu cür pozuntulara son qoymaq üçün hər hansı digər göstəriş verə bilər.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a qeyd etdi ki, ermənilər hər vəchlə bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Partiya sədrinin fikrincə, buna əsas səbəb odur ki, Azərbaycanla sülh sənədi imzalanmasın. A.Nağının sözlərinə görə, onlar döyüşlərdə məğlub olublar deyə sülh sazişi düşmənə sərf etmir. “İndi də Qafan aeroportuna uçuşlar təşkil etmək istəyirlər. Halbuki Qafana təyyarə ilə gediş-gəlişə elə böyük ehtiyac və tələbat yoxdur. Paşinyanın səfərini ”şəhər günü" ilə əlaqələndirdilər, Rusiya tərəfindən də gələnlər olmuşdu. Məqsəd Ermənistan-Azərbaycan münasibətlərini gərginləşdirməkdir. Eyni zamanda hazırda Laçında hava limanının istifadəsinə hazırlıq gedir, buna qarşılıq olaraq da belə bir addımın Qafanda atılması istisna deyil", - deyə partiya sədri vurğuladı. A.Nağı digər bir səbəb kimi Zəngəzur uğrunda strateji mübarizəni göstərdi: “İran və Rusiya Qafanda konsulluqlar açıb, Avropa Birliyi nümayəndəlik açmaq istəyindədir, Fransa da eyni fikrə düşüb. Bir sözlə, başqa ölkələrin regionda fəallığı var, avropalı müşahidəçilərin də missiyası sərhəddə yerləşdirilib. Azərbaycan isə beynəlxalq qanunlara uyğun olaraq addımlarını atmalıdır. Yəni sərhədlərimizin pozulması riskini nəzərə alaraq aeroportun fəaliyyətini dayandırmağa nail olmaq lazımdır. Necə ki, Arazdəyəndə metallurgiya zavodu ekologiyanı çirkləndirir və artıq müəssisənin köçürülməsinə başlanır, həmçinin Qafanda aeroportun fəaliyyəti hava məkanımızı pozmaq ehtimalını artırır, o səbəbdən hava limanının işinin dayandırılmasına müvəffəq olmalıyıq”.
Alp Arslan İmamqulu
Hərbi ekspert Alp Arslan İmamqulu isə dedi ki, Ermənistan ciddi narahatlıq içərisindədir. Onun sözlərinə görə, Paşinyanın Qafan səfəri, aeroportun açılması bu ərazilərlə bağlı həyəcandan irəli gəlir. Hərbi analitikin fikrincə, şərti sərhəddə bu addımı atmaq Ermənistanın Qafanı öz ərazisi kimi bir daha təsdiqləmək kontekstindən irəli gəlir: “Çünki turist bölgəsi deyil, bu hava limanına heç bir ehtiyac yoxdur, sərhədə 60 metr yaxında aeroportun fəaliyyət göstərməsi isə tamamilə beynəlxalq qanunlara ziddir. Bizim Füzuli və Zəngilanda beynəlxalq aeroportlarımız var, Laçın və Kəlbəcərdə isə hava limanlarının olması sərhədlərə yaxın nəzərdə tutulmayıb. Digər tərəfdən, Qafan aeroportuna beynəlxalq kod verilməyib. Ümumiyyətlə, Ermənistan narahatdır, buna da əsas var, işğalçı dövlət Qərbi Zəngəzur ərazilərinin onun tarixi torpaqları olmadığını yaxşı anlayır. Azərbaycan beynəlxalq hüquqa və qanuna uyğun şəkildə tələblərini irəli sürməlidir”.
Elçin Mirzəbəyli
Siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, Qafanda işə salınan hava limanı təkcə Azərbaycanla sərhədə deyil, eyni zamanda Zəngilan və Füzuli hava limanlarına da yaxın məsafədə yerləşir: “İnşa edilməkdə olan Laçın hava limanı ilə Qafan hava limanı arasındakı məsafə çox deyil. Şübhəsiz ki, Ermənistanın Qafan hava limanını işə salması, həm də əraziyə beynəlxalq reyslərin təşkil edilməsi ilə bağlı ola bilər. Bunun da ”erməni ağlı"nın məhsulu olduğunu düşünmürəm. Avropa İttifaqının missiyasını Ermənistanın Azərbaycanla sərhədinə göndərənlər Qafanda hava limanının fəaliyyətə başlamasını da sifariş verə bilərlər". Onun fikrincə, bütün hallarda Qafan hava limanının fəaliyyətə başlamasına sərnişin və ya yükdaşıma məqsədi kontekstindən yanaşılması doğru olmazdı".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”