Banklarda əmanətlərin azalmasının ilginc səbəbləri: Devalvasiya, risk, yoxsa səyahət?

23-08-2023, 20:17   


İqtisadçı ekspert Rəşad Həsənovun Yenisabah.az-a müsahibəsi: 

- Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Banklardakı depozitlər əhali tərəfindən niyə geri çəkilir?

- Bu gün bu istiqamətdə düzgün olmayan bir mövqe var. Əhali əmanətlərini bankdan çəkmir, bunu qəbul etmək lazımdır. Azalan əmanətlər 43 milyon manatdır. 12 milyardlıq portfeldə 43 milyon manat çox kiçik göstəricidir. Bu, eyni zamanda, texniki vəziyyətdir. 2015-1019-cu il məlumatlarına baxanda görürük ki, bu illərin hər birində iyul ayında əmanətlərin həcmində azalma baş verir. Bu azalmanı mən turizm mövsümü və məzuniyyət dövrü ilə əlaqələndirirəm. Yay aylarında ailələrdə xərclər artır və bu xərc ehtiyaclarının bir hissəsini yığımlar hesabına konpensasiya edirlər. İnsanlar səyahət edirlər, müxtəlif xərclər yaranır. Statistikaya baxsaq görərik ki, bu il xarici ölkələrə səfər edən insanlar ötən illə müqayisədə 20 faiz daha çoxdur. İyul ayında hər zaman əmanətlərin həcmində 40-60 milyon ətrafında azalmalar baş verib. 

2020-ci ildə bu azalmada fasilə yarandı, bu da pandemiya, turizm fəaliyyətlərinin məhdudlaşdırılması ilə əlaqəli idi. 2023-cü ildə isə eyni iqtisadi fenomen yenidən ortaya çıxdı. 

Bundan əlavə, Mərkəzi Bankın açıqladığı rəqəmlər toplanılmış rəqəmlərdir, prosesin özü isə axandır, ay, gün hətta saat ərzində insanlar banka əmanət yerləşdirir, yaxud geri götürürlər. Bu sadəcə anlıq dəyişmənin nəticəsini görmüş oluruq. Əmanətlərin qoyulması və ya geri çəkilməsi yığım imkanı ilə əlaqəlidir. Yay aylarında isə yığım imkanı məhduddur. Başqa sözlə, əmanət götürənlər əmanət qoyanlarla müqayisədə daha çox olur. 

- Bəs əmanətlərin azalmasına başqa səbəbləri də varmı?

- Bəli, əmanətlərin müəyyən qismi məqsədli xarakterdə olur. Məsələn, ailə növbəti ilin yay aylarında harasa səyahət planlaşdırır və bu məqsədlə yığımlar edirlər. Yığımları da inflyasiyadan  qorumaq üçün rasional yanaşma ortaya qoyan ailələr pulu banklara yerləşdirirlər ki, üstünə az da olsa, faizlər gəlsin, inflyasiyadan qorunsun. Növbəti ilin yay ayında isə həmin vəsaiti götürür. Bu da əmanətlərin azalmasına başqa bir təsirdir. 

Ümumiyyətlə, 2023-cü ildə yığım etmə imkanları daha məhduddur, çünki iqtisadiyyat zəif böyüyür. İqtisadiyyatımız cəmi 0,7 faiz böyüyüb. Bu da əvvəlki illərlə müqayisədə yığım tempinə mənfi təsir göstərir. Bütövlükdə baxanda isə hələlik proses artan istiqamətlidir, burada biz nominal rəqəmlərlə artımdan danışırıq. Növbəti aylardan yenidən artım dinamikasını görmüş olacağıq. 

- Bəzən deyirlər ki, "Günay Bank"ın bağlamasının da bu məsələyə təsiri oldu. Bu, azalmaya təsir edən amillərdən biridir? 

- Xeyr, bu məsələ ilə əlaqəli deyil. Əgər "Günay Bank"ın bağlanmasının təsiri olsaydı, biz kəskin şəkildə azalma görmüş olacaqdıq. Ən azından bir neçə milyard azalma baş verməli idi. Əgər bank sektoruna ictimai inam aşağı düşsə idi azalma indikindən qat-qat çox olardı. Biz bənzər hadisələri təhlil edəndə görürük ki, bu, kütləvi xarakter daşıyan hallardır. Sadəcə “Günay Bank"ın bağlanmasından qaynaqlanan texniki azalma baş verib və onun portfeli olan 86 milyon manat əmanətlərin strukturundan çıxarılır, bu da həmin aya düşür, növbəti aylarda müşahidə olunmur. Əksinə, biz bankın bağlandığı aydan sonrakı ayların xronikasına baxanda görürük ki, artımlar var, nəinki azalamalar. Qısası, məsələni hansısa bankın bağlanması ilə əlaqələndirmək düzgün deyil. 

- 43 milyonluq azalma iqtisadiyyata mənfi yöndə ciddi təsir edə bilərmi?

- Xeyr. Çünki yığımların həcminin azalmasının o vaxt iqtisadiyyata mənfi təsirləri olur ki, iqtisadiyyatda buna tələb olsun. Yəni iqtisadiyyatda kapital qoyuluşları ehtiyacları var, amma bu istiqamətdə tələb ödənilə bilmir. Azərbaycanda vəziyyət bu gün belə deyil. Çünki bankların özünün izafi likvidliyi var, yəni banklarda əlavə pul kütləsi var ki, banklar bu pulları bazarda, real sektorda yerləşdirə bilmir, məcburən dövlət istiqrazlarında, Mərkəzi Bankın bondlarında yerləşdirirlər. Bu onu deməyə əsas verir ki, hazırda bank sektorunda bazarın tələb etdiyindən daha çox pul var. 43 milyonluq azalma tələb-təklif arasında kəsrə doğru nisbətin dəyişməsi demək deyil, hələ də təklif tələblə müqayisədə yüksəkdir. İndiki halda bu məbləğ iqtisadiyyata ciddi təsir göstərmir. 

- Cəmiyyətdə belə bir fikir var ki, devalvasiya gözlənilir, bəziləri Azərbaycanda milli valyutanın dəyərsizləşəcəyindən narahatdırlar. İndiki halda bu narahatlığa əsas varmı?

- İndiki şərtlər daxilində mövcud konyuktur manatın məzənnəsini dəstəkləyir. Xüsusilə bu barədə hökumət şanslıdır, bunu etiraf etmək lazımdır. Neftin qiyməti ölkəyə daxil olan valyutanın həcminin daha çox olmasına gətirib çıxarır.  Bu profisit (Büdcə artıqlığı) gözlənilənin üzərindədir. Hökumət 60 dollardan nefti satmağı planlaşdırırdı, hazırda 83 dollara satır. Burada çox böyük profisit yaranır. Nəticədə bizim valyuta ehtiyatlarımız ilin ötən dövründə 6 milyard dollardan çoxalıb. Eyni zamanda, mövcud qlobal enerji bazarı konyukturu da qısamüddətli dövrdə enerji qiymətlərinin kəskin azalacağı istiqamətində proqnozlaşdırma aparmağa uyğun deyil. Bütün bunların fonunda manatın məzənnəsi üçün hər hansı risk yoxdur. Hökumətin mesajlarında da bu görünür. Mesajlardan bəlli olur ki, hökumət "üzən məzənnə" rejiminə keçmək istəmir. Bu istiqamətdə hər hansı ciddi təhlükə yoxdur. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.