Taxıl dəhlizi yenidən açılacaqmı? BMT buna ehtiyac olduğunu deyir. Türkiyə və BMT Rusiyaya nə təklif edib?

2-09-2023, 14:46   


Türkiyə Rusiya

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES


Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və Rusiya prezidentləri arasında gələn həftə keçiriləcək mühüm görüşdən əvvəl Moskvada danışıqlar aparıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü sentyabrın 4-də, Soçidə gözlənir.

Fidan Rusiyanı BMT-nin taxıl dəhlizinin yenidən açılması üçün hazırladığı yeni təklifləri qəbul etməyə razı salmağa çalışıb. Taxıl dəhlizinin taleyinə Erdoğan-Putin görüşündə aydınlıq gətiriləcəyi gözlənilir.

Rusiyanın Ukraynanı işğal etməyə başlamasından- 24 fevral 2022-ci ildən bəri müharibəni bitirmək və onun mənfi təsirlərini aradan qaldırmaq üçün fəal diplomatiya aparan Türkiyənin digər prioriteti də Rusiyanın 17 iyulda dayandırdığı taxıl dəhlizinin yenidən açılmasıdır.

Xarici işlər naziri Fidan ötən həftə Ukrayna səfərindən sonra cümə günü Rusiyaya gedib.

Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü gərgin gündəmlə yanaşı, tarixi baxımdan da önəmli idi.

Belə ki, iki xarici işlər nazirinin görüşdüyü dəqiqələrdə BMT-nin baş katibi Antonio Guterres-in taxıl dəhlizinin yenidən açılması ilə bağlı yeni təkliflərdən ibarət məktubunun Moskvaya çatdığı açıqlanıb.

BMT-nin baş katibi Guterres: "Biz Rusiyanın narahatlığını nəzərə alırıq"

BMT-nin baş katibi Guterres məktubunda Rusiyanın narahatlığının nəzərə alındığını, Rusiya ərzaq məhsullarının və gübrələrinin dünya bazarlarına münasib qiymətə çıxarılması üçün tənzimləmələr aparıldığını və yeni taxıl dəhlizi sazişinin daimi və sabit bir tətbiq kimi düşünülməli olduğunu bildirib.

“Böhrandan böhrana düşən və mütəmadi dayandırılan Qara dəniz təşəbbüsü ola bilməz. İşə yarıyan və hər kəsə fayda verən bir şeyə ehtiyacımız var” deyən Guterres Rusiyanın tələblərini yerinə yetirmək üçün konkret həll yolu təklif etdiklərini qeyd edib.

Diplomatik mənbələrin məlumatına əsasən, Türkiyə və BMT-nin hazırladığı yeni taxıl dəhlizi təşəbbüsü Rusiya və Ukrayna məhsullarının Türkiyə boğazları vasitəsi ilə və İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılmasını və icrasını əhatə edir.

Bu taxıl dəhlizinin, həmçinin 2022-ci ildəki razılaşmadan fərqli olaraq, 120 günlük qısa bir müddət yox, daha uzun müddət qüvvədə olması, bununla da tətbiqin siyasi hadisələrdən təsirlənməməsi hədəflənir.

Guterres:

ŞƏKLİN MƏNBƏYİ,EPA-EFE/REX/SHUTTERSTOCK

Şəklin alt yazısı,

BMT-nin baş katibi António Guterres

İyulun 17-də Rusiya taxıl dəhlizinin öz məhsullarını ixrac edə bilməməsinə görə dayandırıldığını və iyulun 20-dən etibarən Ukrayna limanlarına üzən bütün gəmilərin potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcəyini açıqlayıb. Bu bəyanatda, həmçinin Rusiyanın şərtlərinə əməl ediləcəyi təqdirdə taxıl dəhlizinin yenidən işə salınacağı qeyd edilib.

Rusiyanın şərtləri arasında ərzaq məhsullarının ixracına mane olan gəmiçilik, sığorta və ödənişlər kimi sahələrdə sanksiyaların ləğvi də yer alır.

Şərtlərə Rusiya Kənd Təsərrüfatı bankının SWIFT beynəlxalq pul köçürmə sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin alınmasına yenidən icazə verilməsi, Rusiyanın Togliatti şəhərindən Ukraynanın Odessa şəhərinə ammonyak boru kəmərinin açılması daxildir.

Guterres mayda Rusiya Kənd Təsərrüfatı bankını SWIFT sisteminə qoşmağa cəhd etsə də, onun təşəbbüsü baş tutmayıb. Rusiya üçün ən həssas məsələlərdən biri pulun maneəsiz köçürülməsidir. BMT-nin yeni təklif zərfində bu problemin yeni həll yolunun olub-olmaması gələcəkdə açıqlanacaq.

Hakan Fidan: "Keçmiş təcrübədən dərs almışıq"

Taxıl dəhlizinin başladığı ilk gündən Ankara Rusiya məhsullarının da ixracının zəruri olduğunu qeyd edərək, ABŞ başda olmaqla, Qərb ölkələri ilə əlaqələrində bu ixracın qarşısındakı maneələrin aradan qaldırılması mesajını verib.

Fidan Lavrovla görüşlərinin sonunda keçirdiyi mətbuat konfransında BMT-nin təkliflərinə dəstək verdiyini ifadə edərək: “Ölkəmizin intensiv səyləri və töhfələri ilə BMT yeni bir təklif paketi hazırladı. Hesab edirik ki, bu, təşəbbüsün canlanması üçün münasib əsas təşkil edir”, - deyib.

Ankara və BMT-nin Rusiyanın mövqeyini və tələblərini daha yaxşı anlamağa və qarşılamağa yönəlmiş bir prosesi idarə etdiyini izah edən Fidan, Qara dəniz taxıl təşəbbüsünün ilk icra dövründə ortaya çıxan problemlərə və ondan alınan dərslərin əhəmiyyətinə diqqət çəkib.

Lavrov: "Vədlər var, təminat yoxdur"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Türkiyə və BMT-nin səylərini yüksək qiymətləndirib. Lakin o qeyd edib ki, Moskvaya gələn yeni təkliflər zərfində “təminat” yox, “vədlər” var.

“Bu mesajlarda hələ də heç bir təminat yoxdur. Yalnız daha sürətli və daha aktiv olmaq vədləri var”, - deyən Lavrov sözlərinə belə davam edib:

“Vədlərdən artığını edib, sabahdan etibarən dərhal icraata başlanılması üçün ciddi nəticələr verəcək təminatlar verilərsə, doğrudan da, sabahdan etibarən bu zərfin tətbiqinə başlanacaq”.

Lakin Lavrov onu da deyib ki, burada əsas problem Qərbin bu addımı dəstəkləməməsidir və buna görə BMT-nin səyləri bir addım da irəli gedə bilməyəcək.

Lavrov, həmçinin qeyd edib ki, bu maneələrə baxmayaraq, Rusiya Prezidenti Qara dəniz taxıl təşəbbüsü çərçivəsində Afrikanın ən yoxsul 6 ölkəsinin hər birinə pulsuz olaraq 50 min ton taxıl vermək və 1 milyon ton taxılın türk şirkətləri tərəfindən emal edilərək Qətərin maliyyə dəstəyi ilə dünya bazarlarına çıxarılması ilə bağlı vədlərinə əməl edəcək.

Gözlər Ərdoğan-Putin görüşünə yönəlib

Lavrovun açıqlamalarında təminat veriləcəyi təqdirdə, Rusiyanın razılaşmaya hazır olduğunu deməsi müsbət hal kimi qiymətləndirilib.

Fidan, həmçinin təklif edilən zərfin çox əhatəli və texniki ölçüyə malik olduğunu və bunun üzərində işləməyə davam edəcəklərini bildirərək, Moskvanın təklif zərfini tamamilə rədd etmədiyini bildirib.

Lakin bütün bu düzəlişlərin həyata keçirilməsi üçün onları Qərb, ilk növbədə, ABŞ dəstəkləməlidir. Erdoğan və Putinin gələn həftə üçün ehtimal olunan görüşünə qədər Ankaranın bu istiqamətdə səylərini davam etdirəcəyi gözlənilir.

Prezident Erdoğan Putinlə taxıl təşəbbüsü ilə bağlı keçirəcəyi görüşdən alınacaq müsbət bir nəticə ilə 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək G20 sammitində və sentyabrın 18-də başlayacaq BMT Baş Assambleyasının iclaslarında iştirak etməyi hədəfləyir.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.