Qarabağda toqquşan maraqlar: Qərbin sülh təşəbbüsü yarımçıq qaldı?

2-09-2023, 19:39   


Qarabağda toqquşan maraqlar: Qərbin sülh təşəbbüsü yarımçıq qaldı?


Azərbaycan-Ermənistan şərti sərhəddində baş verən hərbi təxribatın təşkilində daha çox xarici təsirlərin rol oynadığına dair rəylər səslənir. 

Bu xüsusda son günlər Qarabağdakı ermənilərə humanitar yardım adı altında Fransa diqqəti cəlb edir. Fransa Ermənistanı münaqişəyə təhrik etməklə sülh prosesini əngəlləmək və özünün regiona müdaxiləsi üçün şərait yaratmağa çalışır.

Ancaq siyasi müşahidəçilərin fikrincə,  yaranmış gərginliyin ssenari müəllifi Rusiyadır. Moskvanın bu təxribatda bir neçə məqsədi var. 

Birincisi, Azərbaycanın Ağdam-Xankəndi yolu ilə erməni sakinlərə un göndərməsi Laçın yolunun açılmasını tələb edən Ermənistanın və müttəfiqlərinin arqumentlərini fiaskoya uğradıb. Ona görə də sərhəddə silahllı toqquşmanın törədilməsi Azərbaycana qarşı beynəlxalq təzyiqi artırmaq üçün yeni vəziyyətin yaradılmasına xidmət edir. 

İkincisi, Araik Arutyunyanın istefaya getməsi  qondarma rejimin mövqeyini zəiflədib və separatçılar arasında daxili paraçalanmanı gücləndirib. Bu isə bölgədə hərbi-siyasi üstünlüyünü saxlamağa çalışan Rusiyanın maraqlarına cavab vermir. Hətta Araikdən sonra Azərbaycanın Ağdam-Xankəndi yolunu açmaq və qanunsuz erməni silahlı birləşmələrini ləğv etmək üçün antiterror əməliyyatına başlaması ehtimalı artır. Belə olan halda Rusiya bu prosesi əngəlləmək üçün əlavə münaqişə mənbəyi yaradır. 

Üçüncüsü, sözügedən qarşıdurma həm də Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyalarının təşkilinə hesablanıb. Artıq sabiq prezident Serj Sarkisyan sərhəddə əsgərlərin ölümünə görə Paşinyanı istefaya çağırıb.

Dördüncüsü, Rusiya münaqişə ocağını sərhəddə daşımaqla ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh sazişinin əldə olunmasına mane olmaq istəyir.   

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirdi ki, Azərbaycanın dövlət sərhəddinə Ermənistanın təxribat törətməsində, həm Rusiyanın, həm də Fransanın ciddi maraqları var:

"Burada əsas məqsəd Azərbaycanın diqqətini Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlar aparmaqdan yayındırmaqdır. Rusiya baş verən proseslərdən məmnundur və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da deyib ki, sülhməramlıların fəaliyyəti dəyişib, artıq onlar ermənilərin təhlükəsizliyi və hüquqları istiqamətində iş aparır. 

Göründüyü kimi, Rusiya bölgədə separatçılığın qalmasına, Ermənistanla Azərbaycan arasında böhranın davam etməsinə və öz mövcudluğunu qoruyub saxlamağa çalışır. Ona görə də Ermənistan ordusunun tərkibindəki revanşist qüvvələrdən istifadə edir. 

Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan ordudakı bəzi qüvvələrin ona tabe olmadığını demişdi. Amma hazırda yaranmış vəziyyətə görə Nikol Paşinyan da məsuliyyət daşıyır. O, qondarma rejimin “müstəqilliyi” ilə bağlı göndərdiyi məktubda onlara dəstək verəcəyini qeyd edib. 

Yəni Rusiya, Fransa və Ermənistan Azərbaycana təzyiq etmək üçün sinxron fəaliyyət göstərirlər. Lakin hesab edirəm ki, regionda baş verən geosiyasi proseslər Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Bu ölkələrin Qarabağ məsələsini əllərində rəhbər tutaraq Azərbaycana təzyiq göstərmək siyasəti də fiaskoya uğrayacaq. 

Rusiya çalışır ki, Azərbaycan ərazisindəki sülhməramlı qüvvələrin fəaliyyətini 2025-ci ildən sonra da davam etdirsin. Ona görə də istənilən təxribatı həyata keçirə bilər. Biz sülhməramlı kontingentin qanunsuz erməni silahlı birləşmələrinin döyüş postlarına logistik dəstəyini də görürük.

Rusiya bu prosesdə iştirak edir və geri çəkilmək niyyətində deyil. Amma Rusiyanın Ukraynadakı müharibədə mövqeyi zəifləyib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də bəyan etdi ki, biz erməni silahlı birləşmələrinin Qarabağda mövcudluğuna dözümlü yanaşmayacağıq. 

Yəni Azərbaycan öz qərarını verib və Araik Arutyunyanın istefaya getməsini bu prosesin başlanğıcı kimi dəyərləndirmək olar. Rusiyanın nə etməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə bu məsələdə qərarlıdır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfəri zamanı Qarabağdakı vəziyyət də müzakirə predmeti olub. 

Türkiyə amili qarşısında Rusiya Azərbaycana çox təzyiq edə bilmir. Düşünürəm ki, Azərbaycan bu ilin sonuna qədər erməni silahlı birləşmələrini Qarabağdan çıxartmaq istəyir. Bu istiqamətdə müəyyən hərbi əməliyyatların keçirilməsi də mümkündür. Ona görə də Azərbaycan-Ermənistan şərti sərhəddində hərbi təxribatlar və lokal döyüşlər baş verə bilər. 

Sentyabrın 1-də Kəlbəcər istiqamətində baş vermiş döyüş də Rusiya tərəfindən planlaşdırılmış addım idi. Məqsəd qanunsuz silahlı birləşmələrin ləğvinə mane olmaqdır. Amma bunların heç biri nə Rusiyanın, nə də Ermənistanın planlarının həyata keçməsinə gətirib çıxartmayacaq”.

Müşfiq Abdulla  
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.