Dünən Soçidə Rusiya və Türkiyənin Prezidentləri Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçirilib.
Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunub. Görüşdə Cənubi Qazqazda mövcud vəziyyət, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi və Qarabağdakı son durum ilə bağlı məsələlərə də toxunublar.
Bu görüşdə konkret bir nəticə əldə olunmasa da, hər iki lider bəzi məsələlərdə ortaq mövqeyə yaxınlaşıblar.
Ərdoğan-Putin görüşünün təfərrüatlarını təhlil etmək üçün Cebhe.info-nun suallarını politoloq Rəşad Bayramov cavablandırıb.
-Rəşad bəy, dünən Soçidə keçirilən Ərdoğan-Putin görüşü nəticəsiz bitib. Lakin bəzi ekspertlər hesab ediblər ki, iki dövlət rəhbəri müəyyən məsələlər üzrə razılaşmaya yaxınlaşıblar. Siz bu barədə nə düşünürsünüz?
-Bu görüşə uzun müddətdir ki, hazırlıq gedirdi. Bundan öncə də hər iki ölkənin XİN rəhbəri Hakan Findan və Serqey Lavrov arasında ikitərəfli görüş keçirilib. Ümumiyyətlə, dövlət rəhbərləri səviyyəsində mühüm görüşlər o zaman baş tutur ki, masada hansısa ortaq şəkildə razılaşdırılan məsələlər olur. Yəni əgər hər hansı bir məsələ ilə bağlı ümumi razılıq yoxdursa, onda prezidentlər səviyyəsində görüşün keçirilməsi məqsədəuyğun hesab edilmir. Onsuzda razılaşdırılmayan məsələlər telefon görüşlərində müzakirə edilir.
Soçidə keçirilən son görüşdə Ərdoğan və Putin arasında yeni taxıl sazişi layihəsi, o cümlədən ticarət, enerji, kənd təsərrüfatı, turizm və iqtisadiyyat sahələrində çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Bu, özlüyündə müsbət addımdır. Onu da qeyd edim ki, keçən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 69 milyard dollara çatıb. Hər iki ölkənin qarşılıqlı ticarət əlaqələrinin inkişafında birdən-birə sıçrayış olub. Son görüşdə də hər iki tərəf bu dövriyyənin 100 milyard dollar həcminə qədər artırılması ilə bağlı konkret qərara gəlib. Hazırda Türkiyə-Rusiya münasibətlərində sadaladığım sahələr üzrə geniş əlaqələr mövcuddur. Rusiya və Türkiyənin dövlət rəsmiləri bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.
Eyni zamanda, hər iki ölkənin dövlət rəhbərləri səviyyəsində Türkiyədə Sinop Atom Elektrik Stansiyasının tikilməsi, eləcə də Akkau Atom Elektrik Stansiyasının bloklarının istifadəyə verilməsi ilə bağlı məsələlər də önəmli müzakirə mövzusuna çevrilib.
Bununla yanaşı, Türkiyədə qaz habının yaradılmasına yönələn danışıqlarda hər nə qədər problemlər olsa da, bu istiqamətdə müəyyən müsbət nailiyyətlər əldə olunub. Deyirdilər ki, bu məsələ yönündə görülən işlər təxirə salınacaq. Amma biz bunun baş vermədiyini görürük. Həmiçinin Rusiyanın Prezidenti Vladimir Putin Türkiyədə qaz habının yaradılmasında maraqlı olduğunu bəyan edib.
Bu gün Rusiya faktiki olaraq bir çox məsələlərdə Türkiyədən asılıdır. Avropanın Rusiya üzərində tətbiq etdiyi sanksiyalar, Ukrayna müharibəsindəki vəziyyət, eləcə də digər problemlər Moskvanı Türkiyədən müəyyən mənada asılı duruma salıb. Bundan başqa, rus qazının Avropa ölkələrinə çatdırılması üçün Türkiyə yeganə münasib yol hesab olunur.
Bu baxımdan Ərdoğan-Putin görüşünü səmərəsiz və nəticəsiz kimi təqdim etmək düzgün deyil. Bir məqamı da əlavə edim ki, yaxın zamanda Rəcəp Tayyip Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünə şahidlik eləyəcəyik. Ərdoğan neytral vasitəçi kimi Rusiya və Ukraynanın ortaq mövqeyini tapıb hər ikisi arasında yeni taxıl sazişi, yaxud əsirlərin dəyişdirilməsi və müəyyən müddət ərzində atəşkəsin elan olunması ilə bağlı razılaşmaların əldə olunmasına çalışacaq.
-Türkiyə və Rusiyanın Cənubi Qafqazda həm geosiyasi maraqların bölüşməsi, həm də təhlükəsizliyin təmini baxımından birgə əməkdaşlıq etməsi mümkündür?
-Əməkdaşlıq qapıları hər zaman açıqdır. Əgər tərəflər bu və ya digər şəkildə hər hansı bir məsələ üzərində ortaq məxrəcə gəlirlərsə, burada əməkdaşlıq imkanları hər zaman olacaq. Misal üçün, Türkiyə və Rusiya arasında Suriya məsələsində müəyyən fikir ayrılıqları var, amma hansısa mərhələdə hər iki dövlət bu ölkədə ortaq nöqtə tapıb əməkdaşlıq ediblər.
Cənubi Qafqaza gəlincə, bu regionun əsas siyasi oyunçuları Rusiya, Türkiyə və İrandır. Bəli, İran müəyyən qədər bir tərəfə çəkilib, Rusiya diqqətini Ukrayna müharibəsinə yönəldib, ancaq bütün bunlara baxmayaraq bu üç ölkənin Cənubi Qafqazda təsir imkanları ABŞ, Fransa, Avropa İttifaqı və digər güc mərkəzlərinin bu regiondakı təsirləri ilə müqayisə edilə bilməz.
Konkret olaraq bu üç ölkənin regionda bu və digər şəkildə toqquşan maraqlarını bir kənara qoyub uzlaşan maraqları çərçivəsində əməkdaşlıq etməsi mümkündür. Təbii ki, Moskva və Tehran tərəfindən Türkiyə və Azərbaycanın maraqları nəzərə alınmalıdır. Əgər nə vaxtsa Azərbaycan və Türkiyənin ortaq mövqeyi olaraq rus sülhməramlılarının 2025-ci ildə ərazilərimizi tərk etməsi ilə bağlı məsələ gündəmə çıxarılarsa, Rusiya mütləq bununla razılaşmalıdır. Rusiyanın bu məsələdə əks və zidd mövqe ortaya qoyduğu təqdirdə, əlbəttə ki, Ankara və Moskvanın burada maraqları toqquşacaq. Mütləq şəkildə arada bir gərginlik yaranacaq.
İndidən bu gərginliyin yaranmaması üçün tərəflər digər məsələlərdə özlərinin ortaq nöqtələrini axtarıb tapmağa çalışmalıdırlar. Hesab edirəm ki, bu ortaq nöqtələr nə qədər çox olacaqsa, biz 2025-ci ildə rus sülhməramlıların ərazilərimizi tərk etməsinə nail olacağıq. Amma bu, Rusiyanın Cənubi Qafqazdan tam çıxarılması anlamına gəlməyəcək.
Onu da vurğulayım ki, bu gün Rusiyanı ən çox narahat edən məsələ rus sülhməramlıların ərazilərimizi tərk etməsindən sonra Ermənistanın Gümrü şəhərində rus hərbi bazasının taleyidir. Yəni Moskva narahatdır ki, rus hərbi bazası Ermənistandan çıxarıla bilər. Ona görə də Rusiya Qarabağ və Ermənistanda mövqelərini möhkəmləndirməklə Cənubi Qafqazı itirməməyə çalışır.
-Ərdoğan-Putin görüşündə müzakirə olunan önəmli məsələlərdən biri də ikitərəfli ticarət əlaqələrinin hər iki ölkənin milli valyutası ilə aparılması oldu. Azərbaycan da Türkiyə və Rusiyanın öz milli valyutası ilə ticarət razılaşmasına qoşula bilərmi?
-Prinsip etibarı il bu, yaxın gələcəkdə mümkündür. Amma indiki şəraitdə Azərbaycanın büdcəsi daha çox neft və qaz hesabına formalaşır. Azərbaycanın neft və qazı, eləcə də neft məhsulları beynəlxalq bazarlara, xüsusilə Avropa bazarına dollar üzərindən satılır. Təbii ki, Azərbaycanın Rusiya və Türkiyənin bu və ya digər şəkildə rubl və lirə ilə alış-veriş etməsi mümkündür. Amma Azərbaycan iqtisadiyyatı böyük həcmdə xarici valyuta olaraq dollardan asılı olduğu üçün bir-birə Rusiya və Türkiyə ilə bütün ticarətin rubl və lirə aparılması ölkənin maraqlarına cavab vermir. Həmçinin ortada iqtisadi maraqlar da var.
-Bu maraqlar nədən ibarətdir?
-Son bir il ərzində rus rublunun və türk lirəsinin dəyərinin nə qədər aşağı düşməsinə şahidi olmuşuq. Azərbaycan manatı isə sabit olaraq qalır. Belə bir şəraitdə ticarətin rubl və lirə ilə aparılması ölkənin iqtisadiyyatına uğurlu heç nə vəd eləmir.
Hesab edirəm ki, bu istiqamətdə addımların atılması üçün müddət lazımdır. Türk lirəsi və rus rublunun dəyəri yuxarı qalxdığı təqdirdə bu məsələləri müzakirə etmək olar. İndiki mərhələdə buna getmək Azərbaycanın maraqlarına cavab vermir.
Yunis Abdullayev
Cebhe.info