Moskva merinin ardınca Jirinovski də gəldi
Rusiya mətbuatı: «Qərbin sanksiyaları fonunda Azərbaycan Rusiya üçün önəmli ölkədir»
Azərbaycanda səfərdə olan Moskva meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti dünən ölkə başçısı Ilham Əliyevlə görüşüb. Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirib. Moskva şəhəri ilə ənənəvi əlaqələrin önəmini vurğulayan dövlət başçısı Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu deyib.
Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva meri bildirib ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan hökuməti ilə Moskva şəhəri arasında imzalanan memorandum və əlavə sazişlərdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlərin əks olunduğunu qeyd edən Sergey Sobyanin bu sənədləri ticarət əlaqələri, iqtisadi əlaqələrin yeni səviyyəyə qalxmasının göstəricisi kimi dəyərləndirib.
Dünən Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski də Azərbaycana səfər edib. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu modern.az-a deyib ki, Jirinovski səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək.
Akif Təvəkküloğlunun sözlərinə görə, Jirinovskinin bir çox yerlərdə görüşü gözlənilir: “Təbii ki, görüşdə iki ölkə arasında dostluq qruplarının üzvləri də iştirak edəcək. Jirinovski Bayraq meydanına gedəcək, Fəxri xiyabanda, Şəhidlər xiyabanında olacaq. Onun rusdilli məktəblərə baş çəkəcəyi də gözlənilir”.
Publika.az-ın xəbərinə görə isə Rusiyanın “Vestik Kafkaz” nəşri Moskva merinin Bakı səfərini Rusiyanın xilası üçün atılan növbəti addım kimi dəyərləndirib. Ötən həftə Bakıda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası iqtisadiyyat Komissiyasının iclasında hər iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində səslənən fikirləri xatırladan nəşr qeyd edib ki, Qərbin sanksiyaları fonunda Azərbaycan Rusiya üçün önəmli ölkədir.
azadlıq.info