Ermənistanda ABŞ ilə birgə təlimlər başlanır

11-09-2023, 13:52   



Sentyabrın 11-dən 20-dək Ermənistanda ABŞ ilə birgə "Eagle Partner 2023" təlimləri başlanır. Təlimlər çərçivəsində sülhyaratma missiyaları vaxtı münaqişə tərəfləri arasında sabitləşdirmə tapşırıqları icra olunacaq.

Rusiya bu təlimlərə mənfi reaksiya verib, ötən həftə bir neçə dəfə "narahatlıq" bildirib.

Ötən həftə yayılmış informasiyaya görə, təlimlərə 85 ABŞ, 175 erməni əsgəri qatılacaq. Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, onlar xəyali münaqişə zonasında birgə sülhyaratma əməliyyatını simulyasiya edəcəklər.

"İndiki vəziyyətdə belə təlimlərin keçirilməsi regionda sabitliyin gücləndirilməsi və etimad mühitinə töhfə vermir", – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Ermənistan Moskvanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birgə təlimlərinə qatılmalıdır.

Yerevan ilin əvvəlində bu payız ev sahibliyi etməli olduğu KTMT təlimini təxirə salıb. Bundan öncə Ermənistan liderləri Rusiya və KTMT-nin Azərbaycanla münaqişədə Ermənistana dəstək verməməsindən narazılıq bildiriblər.

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 3-də İtaliyanın "La Repubblica" qəzetinə demişdi ki, Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılı hala salınması "strateji səhv" olub. Onun sözlərinə görə, rəsmi Moskva Qarabağda təhlükəsizliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.