Azərbaycan 44 günlük müharibədə ərazi bütövlüyünü bərpa etdikdən sonra üçtərəfli razılaşmaya əsasən Qarabağda erməni əhalisinin yaşadığı ərazilərə Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Sülhməramlıların əsas missiyası bölgənin təhlükəsizliyini qorumaq – orada qalan erməni silahlı birləşmələrin üzvlərini çıxarmaq, qanunsuz silahlı dəstələri tərki-silah etmək – və birgəyaşayışı təmin etmək idi. 10 noyabr razılaşmasından ötən üç ilə yaxın müddətdə bu missiyaya uyğun heç bir addım atılmayıb, əksinə, sülhməramlıların nəzarətində olan ərazilərin “boza zona”ya çevrilməsi üçün hər şey edilib:
- Humanitar məqsədlər üçün istifadə edilməli olan Laçın yolundan silah-sursatın və canlı qüvvənin daşınması həyata keçirildi;
- Erməni separatçılarının silahlanması və ərazidə yaşayan əhalini girovluqda saxlaması imkanları genişləndi;
- Zaman-zaman Azərbaycan Ordusuna qarşı təxribat və terror hücumları həyata keçirildi, belə təxribat hazırlığının bu gün də aparıldığı göz önündədir;
Azərbaycan Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə öz ərazisinə qanunsuz daşımaların qarşısını alsa da, artıq silahlanmış separatçı-terrorçular təslim olmaqdan imtina edir və erməni əhalisini girovluqda saxlamağa davam edir. Ağdam-Xankəndi yolunun bloklanması bunun son nümunəsidir.
Və mövcud mənzərə Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinin “boz zona”ya çevrildiyini təsdiq edir.
“Boz zona” nədir və bu zonada nələr baş verir?
Beynəlxalq terminologiyada “boz zona” anlayışı lingvistik, sosioloji və siyasi olaraq təsnif olunur.
- Linqvistik olaraq, “nəyin doğru, nəyin yanlış olduğu bilinməyən ərazilərə” deyilir, yəni hərfi mənası “nəzarətsiz ərazi” deməkdir;
- Sosioloji olaraq, bir ölkə daxilində cinayətkar qruplaşmaların nəzarətində olan və hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətin aparıldığı ərazi deməkdir: bu bölgələrdə yaşayan əhali cinayətkar qruplaşmaların girovuna çevrilir; hazırda Kolumbiyada narkokartellərin fəaliyyət göstərdiyi məntəqələr bu anlayıın əsas nümunələri hesa edilir;
- Siyasi olaraq, dövlət və qeyri-dövlət qüvvələrinin mübarizəsində sülh və müharibə məkanı arasındakı ərazi olaraq göstərilir: qeyri-dövlət qüvvələri dövlət və milli təhlükəsizliyə açıq təhdid yaradır, ölkə qanunvericiliyinə tabe olmaqdan imtina edir və silahlı qarşıdurmaya gedirlər; bu təhlükə daha çox münaqişə bölgələrində ortaya çıxır;
Qarabağdakı mövcud vəziyyət beynəlxalq münasibətlərdə “boz zona”nın nəzəri izahını praktiki olaraq özündə ehtiva edir: bölgə faktiki nəzarətsiz əraziyə çevrilib, erməni əhalisi separatçılar tərəfindən girovluqda saxlanılır və qondarma rejim Azərbaycan qanunlarına tabe olmur, milli təhlükəsizliyə təhdid yaradır;
“Boz zona”ya qarşı mübarizə üsulları və beynəlxalq təcrübə
Beynəlxalq təcrübədə “boz zona”lara qarşı mübarizə bir neçə aspektdən dəyərləndirilir:
a) Qeyri-dövlət qüvvələrini (separatçı-terrorçular) sıxışdırmaq: burada yolların bağlanmasından tutmuş kommunikasiya xətlərinin kəsilməsinə qədər müxtəlif vasitələr daxildir;
b) “Boz zona”dakı qanunsuz qüvvələr tərəfindən girovluqda saxlanılan əhalini təşkilatlandırmaq, daxili müqaviməti formalaşdırmaq: bu adətən sosioloji aspektdə mümkün vasitədir, misal üçün, Kolumbiya hökuməti narkokartellərin nəzarət etdiyi məntəqələrdə bu taktikadan istifadə edir və həmişə uğurlu olmasa belə, müəyyən nəticələrin əldə edilməsi təcrübəsi var;
c) Hərbi müstəvidə addımların atılması, separatçı-terrorçuların neytrallaşdırılması: bu variant münaqişə bölgələrində mövcud olan “boz zona”lara qarşı həmişə effektiv olub və adətən belə bölgələrdə seçim imkanı da çox az olur;
Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdəki “boz zona”ya qarşı ilk iki variantı tətbiq etməsi mümkün görünür, hərçənd, nəticə əldə etmək çətindir. Son üç ildə bu istiqamətdə addımlar da atılıb: erməni əhalisinə daha yaxşı həyat şərtlərinin təqdim edilməsi və separatçı-terrorçuların sıxışdırılması istiqamətində müəyyən işlər görülür, lakin nəticə etibarilə “boz zona”nın ləğv edilməsinə nail olunmayıb.
Bu addımların istənilən nəticə verməməsinin əsas səbəblərindən biri də Qarabağda mövcud “boz zona”nın hibrid müharibə platformasına çevrilməsidir.
- Rusiya Qarabağda sülhməramlı kontingentə malik olmasının verdiyi üstünlükdən istifadə edərək, bölgədəki maraqlarını təmin etməyə çalışır;
- Ermənistan “boz zonadan” Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidi davam etdirir və bu faktordan sülh danışıqlarında rəsmi Bakıya qarşı istifadə edir;
- Fransa Qarabağda “boz zona”nın mövcudluğunu Cənubi Qafqaz siyasətinin dayaq nöqtələrindən birinə çevirib;
- ABŞ Cənubi Qafqazdakı maraqlarının təmin edilməsində bu zonadan yararlanmağa çalışır;
- Və Azərbaycana qarşı olan şəbəkələr də zaman-zaman bu amildən istifadə etməyə cəhd göstərirlər;
Bu situasiya Qarabağda sülhməramlıların nəzarətindəki ərazilərdəki “boz zona”nın aradan qaldırılmasının yeganə yolunun üçüncü variant – hərbi müdaxilə olduğunu zərurətə çevirir. Beynəlxalq təcrübə də yeganə çıxış yolunun bu olduğunu təsdiqləyir. Bu gün Krımda və Donbasda, Dnestryanıda, Cənubi Osetiya və Abxaziyada, Liviyada və dünyanın müxtəlif yerlərində münaqişə ocağı üzərində yaranmış “boz zona”lara qarşı məhz hərbi müstəvidə atılan addımlar effektiv mübarizə üsulu sayılır. Və bu prosesdə tarixi istinad nöqtəsi Şimali İrlandiya nümunəsi qəbul edilir. Böyük Britaniya vaxtilə Şimali İrlandiyada mövcud olan qanunsuz silahlı birləşmələri terrorla mübarizə strategiyası altında hərbi müdaxilə ilə sıradan çıxardı. Bu gün belə sivil Avropada terrora qarşı mübarizə strategiyasında “Şimali İrlandiya nümunəsi” effektiv yol olaraq seçilib.
Bütün bunlar – beynəlxalq hüquq və təcrübə Qarabağın sülhməramlıların nəzarətində olan hissəsindəki “boz zona”nın ləğv edilməsinin effektiv yolu hərbi əməliyyatlardan keçdiyini təsdiq edir. Separatizm ləğv edilməli, erməni silahlı qüvvələrinin ərazilərimizdə qalan ünsürləri neytrallaşdırılmalı, qanunsuz silahlı dəstələrin hamısı tərki-silah edilməli, erməni əhalisi girovluqdan xilas edilməli və Azərbaycan qanunvericiliyi bərpa olunmalıdır.
Asif Nərimanlı
Publika.az