Hakimiyyət hamıya qarşı qəzəbli görünür. Bu kurs özünü həm daxili, həm də xarici siyasətdə büruzə verir. Rəsmi Bakı dünyanın aparıcı ölkələri ilə qarşıdurma vəziyyətindədir.
SSRİ-ni bərpa etməyi qarşısına məqsəd qoyan Rusiya prezidenti Vladimir Putinin MDB-yə yönələn aqressiv kursu ilə Bakının qarşısında seçim qoymur. Kreml Azərbaycanı ram etmək istəyir.
Lakin Qərb təşkilatlarının rəsmi Bakıya yönələn təhdidləri hakimiyyəti daha əsəbi edib. İqtidar hamıya qarşı əsəbilik nümayiş etdirir - Qərbə, müxalifətə, mətbuata, Rusiya və İrana.
İlk baxışdan görünən odur ki, rəsmi Bakı hamı ilə düşmən olmağı qarşısına məqsəd qoyub. Lakin hamını bir sual düşündürür - Bakı diplomatiyasının istiqamətini dəyişəcəkmi və seçim Rusiya, yoxsa Qərbə tərəf olacaq?
Belə vəziyyət yeni deyil. Son 20 ildə belə siyasət davam edib. Lakin rəsmi Bakı konkret seçim etməyib. Zaman-zaman rəsmi Bakı ABŞ, İran, Rusiya və Avropa ilə münasibətlərini dondurmaq həddinə qədər gəlib. Azərbaycanın Qərb qarşısındakı öhdəliklərinin bir qismi hələ də yerinə yetirilməmiş qalır.
Qərb təşkilatları birmənalı şəkildə bəyan edir ki, islahatlar həyata keçirmədən Avropa ailəsi ilə yaxın tərəfdaşlıq mümkün olmayacaq. Ancaq Bakı ümid edirdi ki, Avropa enerji amilinə görə islahatlar şərtində israr etməyib onu özünə tərəfdaş kimi qəbul edəcək. Bu isə baş vermədi. Avropadan demokratiya tələbləri gəlməyə başladı.
Rusiya isə demokratiya müstəvisində heç bir tələblə çıxış etmir. Bu amil rəsmi Bakı üçün Rusiyanı daha cəlbedici edir. Lakin istənilən halda Rusiya məğlub tərəfdir. Bakının Rusiyanın yanında olması imkansız görünür.
Fəqət Qərblə mövcud problemlər Bakını Moskvaya doğru addım atmağa sövq edir.
Avropa Parlamenti bu günlərdə qəbul etdiyi qətnamədə isə artıq rəsmi şəkildə insan haqlarını pozan Azərbaycanı sanksiyalarla hədələyib. Buna baxmayaraq, hakimiyyət öz siyasi kursundan imtina etmədi və Qərbə qarşı açıq çıxış etməyə başladı.
Göründüyü kimi, Bakının Qərb və Moskva ilə problemləri var. Geosiyasi maraqlar Qərbi seçməyi labüd edir.
Digər tərəfdən, Qərb Azərbaycanla bağlı tələblərində heç bir zaman ardıcıl olmayıb. Vaşinqton və digər “demokratiya paytaxtları”nın səbatsız siyasi kursu avtoritarizmin möhkəmlənməsinə səbəb olub. Lakin Qərb heç bir zaman öz əsas silahından - “demokratiya dəyənəyi”ndən o qədər uzaq düşməyib.
Siyasi məhbuslar, söz azadlığı problemi rəsmi Bakı üçün həmişə baş ağrısı yaradıb. Lakin Qərb prioritetlərini müəyyən edərkən öncə enerji maraqlarına, daha sonra sabitlik məsələlərinə, bütün bunlardan sonra isə demokratiya tələblərinə üstünlük verib. Bütün bunlara baxmayaraq, Qərb Azərbaycanda siyasi məhbusların azad olunması, mətbuatın boğulmasının qarşısının alınması istiqamətində addımlar da atıb.
Bütün tənqidlərə baxmayaraq, Qərb Azərbaycan üçün əlverişli tərəfdaşdlr. Bunu hakimiyyət də anlayır və Qərbə qarşı demarşlar yalnız müvəqqəti xarakter daşıyır...
Azər RƏŞİDOĞLU