İrəvan sülhməramlılara əvəz axtarır

14-09-2023, 19:29   


İrəvan sülhməramlılara əvəz axtarır


“Ermənistan öz təhlükəsizliyini NATO-ya əmanət etmək istəyir”.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Politoco”-ya müsahibəsində Ermənistan-Rusiya münasibətlərində yaşanan gərginliklə ilə bağlı məsələyə toxunub.

“Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, hazırda Amerika və Ermənistan hərbi birləşmələri birgə hərbi təlimlər keçirirlər.

Ermənistanın hökumət başçısı, həmçinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rus sülhməramlılarını öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Paşinyan bildirib ki, sülhməramlılar öz missiyalarını yerinə yetirmirlər. Ola bilsin ki, Paşinyan bununla Rusiyanın hərbi-siyasi rəhbərliyinə eyham vurmağa çalışır ki, 2025-ci ildə Ermənistan rus sülhməramlıların Qarabağda qalmasına razılıq verməyə bilər.

Məsələ ilə bağlı politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Paşinyanın bu yöndə açıqlaması Ermənistanın Rusiyanın təhlükəsizlik sistemindən tədricən çıxmağa çalışmasına işarədir:

“Əgər Ermənistan Rusiya vasitəsilə öz təhlükəsizliyini təmin edə bilmirsə, o cümlədən bu barədə Ermənistan hökumətində əminlik yoxdursa, onda İrəvan onun təhlükəsizliyinə zəmanət verə biləcək alternativ güc mərkəzlərinə baş vuracaq.

Əlbəttə, Ermənistan bu məsələdə yalnız Qərbə etibar edəcək. Bildirim ki, qlobal dünyada bütün imkanlara və xüsusi qüdrətə malik olan əsas hərbi güc mərkəzi NATO-dur. Hazırda ABŞ və Ermənistan hərbçilərinin “Qartal tərəfdaşı 2023” birgə təlimləri başlayıb.

Bu, biləvasitə Ermənistanın gələcək təhlükəsizliyinin Qərbin dəstəyi vasitəsilə təmin etmək üçün düşünülən addımdır. Hesab edirəm ki, Paşinyanın açıqlaması, eləcə də ABŞ hərbçilərinin Ermənistana dəvət edilməsi Moskvaya ciddi mesajdır. Bu isə Rusiyanı çox narahat edir”. 

Paşinyanın Qarabağdakı rus sülhməramlıların missiyası ilə bağlı açıqlamasına gəlincə, politoloq vurğulayıb ki, İrəvan bu bölgədə alternativ sülhməramlı qüvvələrin yerləşdirilməsini istəyir:

“İki ildən sonra Paşinyanın Qarabağda rus sülhməramlıların qalmasına razılıq verməyəcəyinə heç bir şübhə ola bilməz. Çünki Paşinyan hesab edir ki, rus sülhməramlıları öz missiyasını doğru-dürüst yerinə yetirmir.

Bu da onu deməyə əsas verir ki, Paşinyan alternativ sülhməramlı qüvvələr axtarışındadır. Yəni İrəvan Qarabağda başqa bir ölkənin sülhməramlı qüvvələrinin yerləşməsini istəyə bilər. Amma bu o qədər asan məsələ olmayacaq. Ona görə ki, Qarabağ Azərbaycanın qanuni ərazisidir və bu bölgədə hər hansı qüvvənin yerləşməsi üçün yalnız Azərbaycanın icazəsi lazımdır.

Düzdür, Ermənistana qalsa, çoxdan bölgədəki rus sülhməramlılarını digər sülhməramlı qüvvələrlə əvəz edərdi. Bunu Ermənistan hakimiyyəti çox istəyir. Sadəcə olaraq, bunun həyata keçməsi xəyal olacaq”.

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.