Cəbhə üçün saunalar. Bu, Ukrayna müharibəsi üçün ianə toplanarkən eşitdiyiniz ilk şüar olmaya bilər. Yəni, Kiyevin müttəfiqlərindən uzaqmənzilli raketlər və ya F-16 qırıcıları istəməsi başa düşüləndir. Bəs saunalar?
Bununla belə, Ukraynaya tez-tez səfər edən estoniyalı kinorejissor və humanitar yardım könüllüsü Ilmar Raag-ın sözlərinə görə, Ukrayna ordusu saunalar istəyib.
Raag indi xalqdan toplanan ianələrlə yüzlərlə Ukrayna əsgərinə xidmət üçün səyyar sauna bölmələri tikdirir. Bölmələrdə geyimlərin yuyulması üçün duş kabinləri və paltaryuyan maşınlar var. Saunalar, həmçinin Rusiya atəşindən qorunmaq üçün diqqətlə kamuflyaj edilir.
Özünüz üçün sauna tikdirmək istəyirsinizsə, bir estoniyalıya müraciət etməyiniz faydalı olar. Bu ölkədə sauna mədəniyyəti çox böyükdür. Sauna həm soyuq gecələrdə gigiyenikdir, həm də əhval-ruhiyyəni gücləndirir.
Estoniya əsgərləri, demək olar ki, saunasız heç yerə getmir. Əfqanıstan səhrasında və Livandakı son xidmətləri dövründə də onların saunaları yanlarında olub.
Bu, təxminən 100 il əvvəl Estoniyanın bolşeviklərə qarşı müharibəsi zamanı başlayan hərbi ənənədir.
Müharibə zamanı milli dəmir yolu şirkəti cəbhənin yaxınlığında bir sauna qatarı yerləşdirmişdi və həftələrlə səngərlərdə qalan əsgərlər bu saunalarda yuyunub təmizlənə bilirdilər.
Raag-ın sözlərinə görə, o, ukraynalı əsgərlərin bəzən günlərlə, hətta həftələrlə yuyuna bilmədiklərini, hətta çəkmələrini belə çıxara bilmədiklərini eşidib.
Bu isə Baxmut yaxınlığındakı cəbhə komandirlərindən birinə etdiyimiz videozəngdə onun mənə “Estoniyanın göndərdiyi saunalar Tanrının xeyir-duası kimidir” deməsinin səbəbini izah edir.
Vladimir Putinin bilavasitə yaxınlığında Aİ və NATO ölkələrində yaşayan bir çox insan Ukraynaya kömək etmək üçün əllərindən gələni edir.
Estoniya və onun Baltikyanı qonşuları Latviya və Litva İkinci Dünya müharibəsindən dərhal sonra onilliklər ərzində Sovet İttifaqının işğalı altında qalıb. Onlar bu gün Rusiya tərəfindən işğal olunmuş Ukraynanın dərdinə şərik olduqlarını deyirlər.
Almaniyanın nüfuzlu Kiel İnstitutu müharibənin əvvəlindən bəri Ukraynaya göndərilən bütün yardımların monitorinqini aparır.
Təşkilatın son məlumatlarına görə, bu ölkələr iqtisadiyyatının həcminə görə, ABŞ və Böyük Britaniya kimi dövlətlərlə müqayisədə daha çox qısamüddətli yardım göstərən ölkələrdir. Uzunmüddətli öhdəliklər nəzərə alındıqda isə yalnız Norveç Baltikyanı ölkələri üstələyir.
Drift üzrə Litva çempionu Gediminas İvanauskas Rusiya işğalının ilk günündən dinc sakinlərin təxliyəsinə kömək etmək üçün Ukraynaya gedib. İvanauskas mənə oradakı insanların çəkdiyi əzabları danışanda gözləri yaşarır.
Kömək etmək arzusu, beynəlxalq yardımın ləngliyinə qəzəbi və mühərriki olan istənilən nəqliyyat vasitəsini idarəetmə qabiliyyəti onu ianələr toplayaraq onlarla maşın almağa sövq edib.
Sonra isə o, Litvanın kəndində icarəyə götürdüyü təmir sexində bu maşınları gülləkeçirməz zirehlərlə təchiz edib. İvanauskas bu maşınların bəzilərini Ukrayna ordusunun istifadə edəcəyi dördtəkərli təcili yardım maşınlarına çevirib.
Ukrayna ordusunun beynəlxalq briqadasında döyüşən könüllü snayper Mindaugas Lietuvninkas isə deyir ki, Ukraynaya kömək etmək üçün onun başqa motivasiyası var.
Qürurlu bir litvalı kimi, o, Ukraynada döyüşməklə öz ölkəsini qoruduğuna inanır.
"Biz indi Rusiyanı dayandırmalıyıq. O, Ukraynadadır", - o, növbəti dəfə cəbhəyə getmək üçün çantalarını yığarkən deyir.
Lietuvninkas hesab edir ki, Putin Kiyevə qarşı son nəticədə uğur qazanarsa, onun növbəti hədəfi Baltikyanı ölkələr ola bilər.
Litva Qərbin hərbi ittifaqı olan NATO-da Rusiya ilə qonşu olan bəzi ölkələrdən biridir. Onların hamısı uzun müddətdir ki, Kremlin genişlənmə planları və Vladimir Putinin Qərbi zəiflətmək, sabitliyi pozmaq niyyətləri barədə xəbərdarlıq edir.
Uzun illər müttəfiqləri onlarla paranoyalı kimi davranırdılar. Amma bu, artıq belə deyil.
Rusiyanın Ukraynaya hərtərəfli müdaxiləsi NATO qarşısında yeni məqsəd qoydu: Rusiyaya yaxın müttəfiq ölkələrdə və Putinin demək olar ki, qapısının ağzındakı yeni üzvlərdə mövcudluğunu artırmaq.
Finlandiyanın Rusiya ilə 1300 kilometr uzunluğunda quru sərhədi var.
Ölkə qonşuluqdakı böyük ayını təhrik etməmək üçün həmişə NATO-ya üzv olmaqdan imtina edirdi.
Lakin finlər rus qoşunlarının suveren Ukraynaya daxil olduğunu görəndə fikirlərini dəyişdilər.
Müharibə başlayandan sonra İsveçlə birlikdə üzvlük üçün müraciət edən ölkə üçün bu, böyük bir dəyişiklik idi.
Bu, futbol dili ilə desək, Moskvanın öz qapısına vurduğu qol idi.
Hazırda silahdan istifadə təlimlərinə müraciət edən finlərin sayında da əhəmiyyətli artım var. Finlandiyada hərbi xidmət məcburidir və sonra siz ömürlük ehtiyatda qalırsınız. İnsanlar mənə deyir ki, Rusiyanın Finlandiya üzərindəki kölgəsi indi daha təhlükəli görünür.
Müharibə Finlandiya şirkətlərinə də çox təsir edib. Müharibə başlayana qədər Rusiya turizmi illik təxminən 630 milyon dollar gəlir gətirirdi.
Rusiya və ya onun əsas müttəfiqi Belarusla həmsərhəd olan əksər Avropa İttifaqı ölkələri kimi, Finlandiya da müharibədən əvvəl Rusiya vətəndaşlarına vizasız gediş-gəliş icazəsi verirdi.
Qarla örtülmüş Laplandiyada xizək kurortunun sahibi Ville Aho ilə o taydakı rus dağlarına baxan evində görüşdüm.
Aho izah edir ki, o, illərdir rusiyalı qonaqlarla böyük dostluq əlaqələri qurubmuş. Amma indi onları geri qaytarmaq istəmir.
O, sadə rusların, xüsusən də ölkədən kənarda yaşayanların müharibə əleyhinə daha çox çıxış edəcəyinə ümid etdiyini deyir.
Söhbət Ukraynaya gələndə kövrəlir və deyir ki, qanlı müharibə davam edərkən bununla heç kimin maraqlanmama şansı yoxdur:
"Rusiya qalib gəlsə və Putin öz gücünü genişləndirsə, nəticənin necə olacağını təsəvvür belə edə bilmirəm. Növbəti kim olacaq? Finlandiya, Polşa, Estoniya, Litva?"
O, könüllü olaraq Ukraynada dayanmayacaq, lakin bütün bunlar Ukraynada bitməlidir.
Rusiya lideri təkcə şərti müharibəyə üstünlük vermir. Moskva tez-tez kiberhücumlarda və Qərbə qarşı dezinformasiya kampaniyalarında günahlandırılır.
Bununla belə, Aho-nun qeyd etdiyi ölkələrə hərbi hücum Puti üçün böyük bir qumar olardı.
Nüvə gücləri olan ABŞ, İngiltərə, Fransa və İngiltərə də daxil olmaqla, bütün digər NATO üzvləri onlara kömək edə bilər. Ancaq bu da tam zəmanət deyil.
Nəhayət, hər bir ölkə öz cavabını müəyyən edəcək. Bu vəziyyət Rusiya ilə həmsərhəd olan Latviya kimi rus əhalisinin çox olduğu ölkələrdə narahatlıq yaradır.
Latviyanın ikinci böyük şəhəri olan Dauqavpils Belarusdan 25 kilometr, Rusiyadan isə 120 kilometr aralıda yerləşir. Burada yaşayan 10 nəfərdən səkkizi evdə latışca yox, rusca danışır. Onların əksəriyyəti Latviyada rusdilli məktəblərdə təhsil alıblar. Ənənəvi olaraq xəbərləri Rusiya televiziya və radiolarından alırlar.
Şəhərdə Ukrayna bayraqları olmadığını dərhal hiss etdim.
Ölkənin qalan hissəsindəsə həmrəylik üçün məktəblərdə, bələdiyyə binalarında və vitrinlərdə Ukrayna bayraqlarının asıldığını görmək mümkündür.
Təbii ki, Latviya ruslarının heç də hamısı Putin tərəfdarı deyil, amma küçədə rastlaşdığım insanlar müharibədən danışmaq istəmirdilər. Rusiyanı təcavüzkar, Ukraynanı isə qurban kimi görüb-görmədiklərini soruşduqda, cavab verməkdən imtina edirlər.
Latviya qorxur ki, Putin ölkədəki rusları “xilas etməyə” çalışacaq. Bu, Rusiya silahlı qruplarının 2014-cü ildə Ukraynanın Rusiya sərhədi yaxınlığındakı Donbas bölgəsini qismən ələ keçirmək üçün istifadə etdiyi bəhanələrdən biri idi.
Latviya hökuməti rus mənşəliləri təbliğatdan qorumaq üçün Rusiya televiziya kanallarını qadağan edib. Rus məktəblərinin fəaliyyəti də dayandırılıb. Sovet dövründən qalan sonuncu abidələr dağıdılıb.
Bununla belə, Latviya çox həssas bir balans üzərində "oynayır". Yeni siyasət rus əsilli insanları daha yaxşı inteqrasiya etməyi hədəfləyir. Lakin opponentlər bunun hökumətin vətəndaşlarına özünün qərbyönlü mövqeyini sırımaq cəhdi olduğunu deyir. Onlar xəbərdarlıq edirlər ki, bu, bir çox rus əsilli insanı kütləvi yadlaşdırma və hətta onları Putinin qucağına itələmə riski daşıyır.
Bu qarışıqlıq və həssaslıq, ehtimal ki, Ukraynada müharibə başa çatdıqdan sonra da davam edəcək.
BBC televiziyasında iki hissədə yayımlanacaq “Putinlə qonşu olmaq” sənədli filmi üçün minlərlə kilometr yol qət etdim.
Polşanın cənubundan Norveçin şimal ucuna qədər məni hər şeydən çox təsirləndirən Ukraynadakı müharibənin cəbhədən bu qədər uzaqda geniş, dərin və şəxsi təsir göstərməsi oldu.
Və gələcək aydın deyil.
Bir çox şey bu müharibənin necə bitəcəyindən asılı olacaq. Bəs bundan sonra Rusiya ilə necə bir münasibət qura bilərik və ya qurmalıyıq? Əməkdaşlıq və etimad necə olacaq?
Bunlar təkcə mənim səfər etdiyim, Rusiya ilə sərhədləri və tarixi olan ölkələr üçün vacib suallar deyil. Bu haqda bütün Avropa və Ukraynanın bütün müttəfiqləri düşünməlidir.
Özü də çox diqqətlə.
bbc.com