İrandan Bakıya ardıcıl siqnallar: Nə baş verir?

14-09-2023, 21:02   


Son günlər İran-Azərbaycan münasibətlərində normallaşma hiss olunur. Tərəflər arasında rəsmilər səviyyəsində danışıqların getdiyi məlumdur. Təsadüfi deyil ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 7-də İsrail mediasına müsahibəsində deyib ki, İrandan müsbət reaksiyalar alınır.

Maraqlıdır, Azərbaycan İranla barışır? Bu barışıq Ermənistanla sülh müqaviləsinin bağlanmasını, Zəngəzur dəhlizinin açılmasını tezləşdirə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycanla İran arasında gərginliyin yumşaldılması, münasibətlərin irəli aparılaraq regional çərçivədə səmərəli əməkdaşlıq rejiminə keçid edilməsi cəhdləri müşahidə olunmaqdadır:

“Bakı ilə Tehranın hərbi-strateji məqsədlərinin işıqları fərqli rənglərdə olsa da, bundan doğan gərginlik iqtisadi əməkdaşlığın ruhunu sarsıtmamışdı. Azərbaycan və İranın iqtisadi-ticari münasibətləri ən yüksək səviyyədə olmasa da, pis vəziyyətdə də deyil. İkitərəfli əlaqələrdəki iqtisadi şkalalar üzrə yüksəlişə nail olmağın ən vacib düsturu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işləkliyi fonunda qiymətlidir.

İranın üzərində yük var, o, Rəşt-Astara dəmiryolunu tikməlidir, bu, məsələdə Rusiya da Tehranı tələsdirir. Çünki Şimal-Cənub Dəhlizi Rusiya üçün alternativdir, nəfəslikdir, yəni Bakı ilə Tehran arasındakı gərginliklər Moskvaya müəyyən həddən sonra sərf etmir.

İndi isə Bakı ilə Tehranın məqsəd və məramlarını maksimal yaxınlaşdırmaqdan ötrü ortada olan gərginlik elementlərini konstruktivliklə əvəzləmək həvəsləri görünməkdədir.

Xüsusilə İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri, Azərbaycan Müdafiə Nazirliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsi, Azərbaycan Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərbi sahədə əməkdaşlığa dair “Birgə komissiya”nın üçüncü iclasının keçirilməsi diqqət çəkir.

Ümumiyyətlə, rəsmi Bakı cənub qonşusu ilə gərilmiş münasibətlərin qalmasında maraqlı deyil. Bakıda səfərdə olan İran Silahlı Qüvvələrinin Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədi ölkəsinin Azərbaycanla sərhədə Ermənistanın xeyrinə qoşun yığmadığını bəyan etdi.

Tehranla Bakının ali strateji məqsədlərində bir-birinə güzəştə getmələri daha çox İran hərbi-siyasi elitasındakı vahid mövqenin formalaşıb-formalaşmamasından asılı olacaq. Hiss edilir ki, İran diplomatiyası Azərbaycanla hərtərəfli konstruktiv əməkdaşlığı dirçəltmək niyyətindədir, amma Tehranın xarici siyasətindəki radikal mövqe sahiblərinin buna reaksiyası vəziyyətə təsir edəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.