Azərbaycanlıların “xaricdəki futbolçularımız” yalanı

18-09-2023, 08:19   


Həqiqəti deməkdən qorxmayın, utanmayın

Azərbaycan millisi hələ AÇ-2024-ün seçmə mərhələsində Belçika ilə mübarək oyununa (0:1) çıxmamışdı, sosial şəbəkədə sanki hamısı bir-birinin klaviaturasından oğurlayıbmış kimi bir fikir diqqətimi çəkdi. Təxminən belə idi: Azərbaycanın futbol tarixində heç vaxt yığma komandanın bu qədər futbolçusu xaricdə legioner həyatı yaşamayıb.

Daha sonra da “Belçikanı məğlub etmək olar”, “Canni De Byazi yaxşı məşqçi olsa, belçikalıları Bakıya gəldikləri üçün peşman etmək mümkündür” kimi oxuyarkən adama şirin lay-lay təsiri bağışlayan fikirlər, cümlələr. Bu gəlişigözəl cümlələri quranlar, ərsəyə gətirənlər arasında xeyli jurnalist həmkarımızın olduğunu görmək də başqa əyləncə idi. O ki deyirsiz ha, Azərbaycanın futbol tarixində heç vaxt bu qədər azərbaycanlı oyunçu xaricdə legioner həyatı yaşamayıb və bununla öyünürsüz, həmin futbolçuların oyunlarını izləyə bilirsiz? Statistikalarından xəbəriniz var? Oy-na-mır-lar! Ehtiyatda qalırlar, sonradan meydana buraxılırlar, start heyətində yer alanlar da hakimin final fitini “eşitmir”.

Ümid edirəm ki, “karyeranı yox, pulu seçən Ramil Şeydayevin Tailand çempionatında nə edib, nə etmədiyinin Azərbaycan millisinə dəxli yoxdur” fikri ilə razılaşarsız. Çünki ümumiyyətlə, Tailand adlı ölkənin çempionatının ciddi futbol adamlarının “ekran”ında yeri yoxdur. Bəlkə, bir az, bir qədər, azacıq İsveçin “Yurqorden” klubunda forma geyinən Musa Qurbanlı ilə təsəlli tapmaq olardı ki, o da hər dəfə boş qapıya vura bilmədiyi topların şokunu yaşayır, “başa düşə bilmirəm ki, o epizodda necə qol vura bilmədim” kimi açıqlamaları ilə bizi də şoka salır.

 Yaxın vaxtlarda bir dostumuz Türkiyəyə səfər etmişdi. Uzun illərdir futbolun içində olan biridir və orada futbol klublarından birinin bazasında olub, uşaq komandalarının məşqlərini izləyib. Məyus və şokda idi. Deyir ki, “hələ bu, Avropanın aparıcı futbol ölkələrindən biri deyil, Türkiyədir. Amma hətta Türkiyədə belə, uşaq komandalarının məşqlərini, məşqçilərin işə yanaşmasını görəndən sonra əmin oldum ki, bizdə uşaq futbolu yoxdur, bu gedişlə də heç vaxt olmayacaq”.

 Yəni… Əziz həmvətənlər, həmkarlar, özünüzü aldatmayın, yalançı təsəllilərlə başınızı qatmayın. Azərbaycanın futbol tarixində heç vaxt indi olduğu kimi milli komandanın bu qədər üzvü xarici klublarda legioner həyatı yaşamayıb? Ola bilər, statistikada yalan olmaz. Amma xarici klublarda legioner həyatı yaşayan bu oyunçuların komandalarında ehtiyatda qaldıqları, etimad görmədikləri və zəif, hazırlıqsız, istedad baxımından başqalarından xeyli geri qaldıqları da həqiqətdir. Bu, bizim hamımızın – Azərbaycan futbolunun həqiqətidir. Həqiqəti deməkdən qorxmayın, utanmayın.


Rəşad Ergün

meydan.tv


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.