“”Dağlıq Qarabağ respublikası” öz mövcudluğuna son qoydu”.
Bu gün Ermənistan mətbuatının manşet xəbəri budur. Bu, bəlkə də uzun illərdir Azərbaycana qarşı nifrət, iftira saçan erməni mətbuatının bu günə qədər yayımladığı ən gözəl, ən sevindirici xəbərdir. Əgər anlasalar, təkcə Azərbaycan üçün yox, həm də Ermənistanın özü üçün, bütün region üçün, eləcə də ərazisində etnik münaqişələr və “boz zonalar” olan digər keçmiş SSRİ xalqları – gürcülər, ukraynalılar, moldovalılar üçün!
Bununla da Azərbaycan bütün dünyaya sübut etdi ki, bir xalqın, dövlətin əzmi, iradəsi, müdrikliyi, sönməyən vətən eşqi və özünü fəda etmək bacarığı, qəhrəmanlığı olan yerdə həlli mümkün olmayan məsələ yoxdur! Bu gün postsovet məkanında bunu bacaran ikinci bir xalq, dövlət yoxdur, dünyada isə bu əzmi və nailiyyəti göstərə biləcək xalqlar, dövlətlər barmaqla sayılacaq qədər azdır...
Demək olar ki, Azərbaycan Cümhuriyyəti qurulan gündən keçən ilk bir neçə ay istisna olmaqla, Azərbaycan bugünkü qədər öz əraziləri üzərində suveren hüquqlarına sahib olmayıb. Əlbəttə ki, artıq beynəlxalq normaya çevrilmiş “ikili standartlar” beynəlxalq müstəvidə Azərbaycanın nisbətən az qanla əldə etdiyi bu nailiyyətini həzm etməyə və ona düzgün hüquqi və mənəvi qiymət verməyə, bu uğuru nümunə olaraq göstərməyə imkan vermir. Əksinə, Azərbaycanın əleyhinə müxtəlif kampaniyalar aparılır, hədə-qorxular gəlinir, təzyiqlər edilir və sair.
Bu gün bütün aparıcı dünya KİV-lərinin ekranları və səhifələri Qarabağdan, bir hissəsi törətdiyi cinayətlərə görə cəza qorxusundan, bir hissəsi hikkəsindən, bir hissəsi Avropada, Amerikada daha yaxşı həyat istəyindən, bir hissəsi də sadəcə, panikaya düşdüyündən könüllü olaraq gedən ermənilərin şəkilləri, videoları ilə doludur. Bu prosesi nəinki “etnik təmizləmə”, hətta “soyqırım” kimi təqdim edənlər var. Uzun illər bir-birinə və dünyaya “qədim erməni tarixi” nağılları danışan ermənilər isə bu durumdan belə qazanc, fürsət kimi istifadə etmək, özlərinin saxta “məzlum xalq” görüntüsünü daha da gücləndirmək və hansısa əlavə siyasi, iqtisadi dividendlər əldə etmək yolunu seçiblər.
Əsrlər öncə türklərlə, azərbaycanlılarla düşmənçiliyi, Rusiya imperiyasınınsa vassallığını seçən erməni toplumu bu gün Qarabağın erməni əhalisinin əhəmiyyətli hissəsinin bu bölgəni tərk etməsini həzm etmək məcburiyyətindədir. Çünki bu, onların seçimidir! Zülmətin, qaranlığın seçimi! Necə ki, bu gün Qarabağdan getmələri də məhz onların öz seçimidir! Bu, onların uzun tarix boyu seçdikləri Moskvaya, yaxud daha da uzaqda olan digər məlum mərkəzlərə xidmət, onların maraqlarını təmsil edərək, regionu qarışdırmaq və qonşularla düşmənçilik yolunu tutmaq siyasətinin təbii nəticəsidir. Bu gün də könüllü olaraq Azərbaycanı tərk edən ermənilər bizdən yox, onları alət kimi istifadə edənlərdən – Rusiya, Fransa kimi dövlətlərdən, Ermənistandakı daxili siyasi çəkişmələrdə “Qarabağ kartını” əlində bayraq edən erməni siyasətçilərdən – ter-petrosyanlardan, koçaryanlardan, sarqsyanlardan, paşinyanlardan və bir də zamanında zori balayanların, aqambekyanların və təkcə Azərbaycan yox, həm də erməni xalqına düşmənçilik etmiş, faciələrə səbəb olmuş fitnəkarların “ideyalarına” uyduqları üçün özlərindən küsməlidirlər...
Tanınmış publisist və politoloq Andrey Piontkovski son müsahibəsində Azərbaycanla Ermənistan arasındakı münaqişəni “İki xalqın faciəsi” adlandırıb. Bəli, bu, faciədir. Ancaq bu faciənin səbəbkarı qətiyyən Azərbaycan xalqı deyil!
Azərbaycanlılar xalq, millət olaraq öz xoşbəxtliyini heç zaman kimlərinsə bədbəxtliyi üzərində qurmayıb. Ancaq Azərbaycanın kiminsə bilə-bilə, göz görə-görə özünü bədbəxt etməsinin də qarşısını almaq kimi imkanı və borcu yoxdur...
Azərbaycanın bu tarixi Qələbəsi ilk növbədə sülhə, əminamanlığa, təkcə bizim məmləkətin deyil, qonşularımızın da inkişafına, çiçəklənməsinə, bir sözlə, işığa yol açan Qələbədir! Ümid edək ki, bundan sonra torpaqlarımız bu bəladan, qan-qadadan birdəfəlik qurtulacaq, övladını hərbi xidmətə göndərən heç bir Azərbaycan ailəsi onun şəhid xəbərini almaq qorxusu ilə yaşamayacaq.
Ən böyük nailiyyətimiz həm də bu olacaq!
Cəlal Məmmədov
“AzPolitika.info”