Azərbaycan Qarabağın bütün əraziləri üzərində de-yure suverenliyini təmamilə bərpa edib.
Hazırda Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə qeyri-qanuni erməni silahlı birləşmələri tərkisilah olunur, silahlar ordumuza təhvil verilir, eləcə də qondarma qurum özünü buraxıldığını da elan edib.
Gəlin ilin yanvarın 1-dək qondarma qurumun bütün “dövlət strukturları” ləvğ ediləcək.
Bundan sonra Qarabağ iqtisadi rayonunun – Ağdərə, Xocalı, Xocəvənd və Xankəndidə təhlükəsizliyi yalnız Azərbaycan Ordusu və hüquq-mühafizə orqanları tərəfindən təmin olunacaq.
Eyni zamanda 30 illik işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşan və ölkəmizin vətəndaşlığını qəbul etmək istəməyən ermənilər kütləvi şəkild Ermənistana köç etməyə başlayıblar.
Bütün bunları nəzərdən keçirdikdə, artıq ərazidə Rusiya sülhməramlı kontigentinin fəaliyyət göstərməsinə ehtiyac qalmadığını görürük.
Üçtərəfli noyabr Bəyanatının 6-cı maddəsinə əsasən, rus sülhməramlıları tərəflərdən birinin razılığı olmadığı təqdirdə ərazidən çıxmalıdır.
Maraqlıdır, sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması aktuallaşır? Bunu icra etmək nə dərəcədə mümkün olacaq?
Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac yoxdur:
“İlk önc Azərbaycanın Qarabağda növbəti qələbəsi ilə əlaqədar xalqımızı təbrik edirəm. Allah vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin. Onların qəhramanlığı hesabına torpaqlarımız Ermənistanın işğalından azad edilib. 30 illik işğala birdəfəlik son qoyduq. Öz haqqlı mübarizəmizdə bizə nə Rusiya, nə də başqaları kömək edib. Onlar bütün dövrlərdə ölkəmizə mane olublar.
Rus sülhməramlıların ölkəmizin ərazilərində peyda olması fors-major bir vəziyyətdir. Onlara ehtiyac yox idi, elə bu gün də ehtiyac yoxdur. Azərbaycan tərəfi artıq ərazidə yaşayan yerli erməniəsilli azərbaycanlılara diqqət və qayğı göstərməyə başlayıb.
Onlar qida və tibbi ləvazimatlarla təmin olunurlar. Dövlət rəhbərimiz öz açıqlamarında bəyan edib ki, ərazidəki erməni sakinlər Azərbaycanın digər vətəndaşları kimi bütün hüquqlara malik olacaqlar. Ona görə də rus sülhməramlılarına heç bir ehtiyac yoxdur. Sülhməramlıların Qarabağı tərk etmək vaxtını tezləşdirmək lazımdır. Postmüharibə dövründə Azərbaycan Qarabağda bütün problemləri öz qanunları çərçivəsində həll etməyə qadirdir”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də həmarkarı ilə eyni fikirləri bölüşüb:
“2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın dövlət rəhbərləri tərəfindən imzalanan üçtərəfli Bəyanata müvafiq olaraq Rusiya sülhməramlı kontigenti Azərbaycanın ərazisi - Qarabağda 5 il müddətində qalması nəzərdə tutulub.
Bildirim ki, ölkəmiz öz imkanları daxilində Qarabağ üzərində nəzarəti tam bərpa etdikdən sonra rus sülhməramlıların qalma müddəti qısala bilər. Artıq biz öz istəyimizə nail olmuşuq. Qarabağda qondarma qurum özünün buraxılmasını elan edib və bundan sonra Azərbaycan bütün ərazisi üzərində suverenliyini daha da möhkəmləndirəcək.
Eyni zamanda Qarabağda yaşayan erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Dövlətimiz bununla bağlı öz mövqeyini ortaya qoyub. Azərbaycan hakimiyyəti ərazidəki ermənilərin reinteqrasiya prosesinin uğurlu aparılmasında maraqlıdır və buna çox ciddi yanaşır.
Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin hüquqları və təhlükəsizliyi təmin olunacaq. Qısa müddətdə bölgədə təhlükəsizliyin təmin olunduğu və reinteqrasiya prosesinin uğurla aparıldığı təqdirdə rus sülhməramlılarına ehtiyac qalmır. Yəqin ki, bu məsələdə öz həllini tapacaq”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə hesab edir ki, bəzi problemlərdən dolayı rus sülhməramlılar hələ Qarabağda qalmalıdır:
“Baxmayaraq ki, rus sülhməramlıları öz funksiyalarını düzgün yerinə yetirmədilər. Onlar bölgədə sülhü təmin etməli, iki etnos arasında qarşıdurmanın qarşısını almalı və erməni sakinlərin reinteqrasiyasına dəstək verməli idilər.
Amma rus sülhməramlıların bütün bunların tam əksinə hərəkət etdiyini gördük. Üç il ərzində sülhməramlılar erməni separatçılarına hərbi-siyasi və iqtisadi dəstək verdilər, onların ordusunun formalaşmasına yardım etdilər. Bu kifayət edir ki, rus sülhməramlıların ərazimizdən çıxmasını tələb edək.
Məhz üçtərəfli noyabr Bəyanatına əsasən, rus sülhməramlıların ölkəmizin ərazisində qalma müddəti 5 ildir. Rus sülhməramlıların müddəti sona çatanda biz onların ərazimizdən çıxmasını tələb edə bilərik. Eyni zamanda bəzi siyasi məsələləri də nəzərə almalıyıq.
Biz indi rus sülhməramlıların çıxmasını tələb etsək, bundan sonra onlar ərazini tərk etsələr, ermənilər ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayacaqlar və bizi onlara qarşı soyqırım törətməkdə günahlandıracaqlar. Belə olan halda Azərbaycan ermənilərin haqsız olduğunu sübut etməkdə çətinlik çəkəcək.
Qarabağda qalıb yaşayacaq ermənilərin təhlükəsizliyinin təmin olunmasına müşahidə eləmək üçün rus sülhməramlıların ərazidə bir-iki qalmasında qəbahət yoxdur. Bizə qarşı çox təxribatlar ola bilər. Güman ki, ermənilərin bir çoxu Qarabağı tərk etdikdən sonra Avropa məhkəməsinə və beynəlxalq məhkəmələrə müraciət edəcəklər.
Guya, biz onları torpaqlarından qovmuşuq. Bu kimi halın qarşısının alınması üçün rus sülhməramlıların qalmasının heç bir ziyanı yoxdur.
Azərbaycan hökuməti, həmçinin beynəlxalq müşahidə missiyasının da Qarabağa gəlməsinə razılıq verib”.
Yunis Abdullayev
Cebhe.info