ƏN YAXIN MÜTTƏFİQİN XƏYANƏTİ – Rusiya Ermənistana qarşı bütün “cəbhə boyu” hücuma keçə bilər

3-10-2023, 18:11   



Rusiyanın bütün aşkar və gizli təzyiqlərinə baxmayaraq, Ermənistan parlamenti 60 səslə ölkəni Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarlarını yerinə yetirməyə məcbur edən Roma Statutunu ratifikasiya edib. Sənəd Ermənistan Prezidenti Vaaqn Xaçatryan tərəfindən imzalandıqdan sonar qüvvəyə minmiş sayılacaq.

Xatırladaq ki, bu ilin mart ayının 17-də BCM Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilən hərbi cinayətlərdə təqsirli bilərək onun həbsinə order verib. Beləliklə, Ermənistan Rusiya Prezidentinin səfər edəcəyi təqdirdə həbs etmək öhdəliyi olan ölkələrdən birinə çevrilmək üzrədir.

Kreml davamlı olaraq xəbərdarlıq edirdi ki, İrəvan Roma Statutunu qəbul edərsə, bu, “qırmızı xətlərin” keçilməsi olacaq və ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcək. Amma Nikol Paşinyan hökuməti buna baxmayaraq, faktiki olaraq Vladimir Putini arzuolunmaz lider elan etdi.

Əlbəttə, İrəvan rəsmilərinin bu addımın Rusiyaya qarşı yönəlmədiyi barədə bəyanatları var. Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan bildirmişdi ki, Putin Ermənistana səfər edəcəyi təqdirdə İrəvanın onu BCM-nin orderi ilə həbs etmək niyyəti və ya istəyi yoxdur. O, həmçinin vurğulayıb ki, İrəvan Moskva ilə Roma Statutunun iki ölkə arasındakı münasibətlərə təsir etməyəcəyi barədə müqavilə bağlaya bilər.

Parlamentin beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan iddia edib ki, parlamentin Roma Statunu təsdiqləməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hücumu zamanı törədilmiş bir sıra ağır hərbi cinayətlər ilə bağlıdır.

Kirakosyanın iddiaları qeyri-ciddidir, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, Prezidentin köməkçisi Dmitri Peskov da bildiriblər.

Qeyd edək ki, Azərbaycan BCM-nin üzvü olmadığına görə qəbul etdiyi qərarlar ona şamil oluna bilməz. Həmçinin BCM ölkələrin Roma Statutunu ratfikasiya etdiyi tarixdən sonra baş vermiş şikayətlərinə baxa bilər. Kirakosyanın iddiası isə 2022-ci ilin sentyabr döyüşləri ilə bağlıdır.

Xatırladaq ki, Ermənistan müxalifəti Roma Statutunun Ermənistanın xarici siyasət maraqlarına xidmət etmədiyini bildirərək müzakirələrdə iştirak etməyib. “Ermənistan” blokunun katibi Atsrvik Minasyan bildirib ki, parlamentin ratifikasiyası konstitusiyaya ziddir.

Beləliklə, Rusiya və Ermənistan arasında gərginliyin son dərəcə artacağı gözləniləndir. Kremlin əlində ciddi rıçaqlar var və əgər rəsmilər “bu addım əlaqələrə son dərəcə mənfi təsir edəcək” deyə xəbərdarlıq ediblərsə, deməli onlardan istifadə edəcəklər.



Xatırladaq ki:

- Ermənistan hazırda qüvvədə olan ikitərəfli müqavilələr üzrə Cənubi Qafqazda Rusiyanın əsas hərbi-siyasi müttəfiqidir;

- Ermənistan Kremlin MDB-də yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq hərbi öhdəliklərə, o cümlədən hava məkanının Rusiya ilə birgə qorunması, xarici təcavüz zamanı vahid müdafiə öhdəliyinə malikdir;

- Ermənistanın Gümrü şəhərində Rusiyanın 5 minə yaxın şəxsi heyəti olan hərbi bazası mövcuddur;

- Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin qorunması, habelə hava limanında sərhəd xidməti Rusiya Sərhəd Qoşunları tərəfindən həyata keçirilir;

- Ermənistan silahlı qüvvələri Rusiya ordusunun modelinə əsaslanır, hərbi təchizatı kiçik istisnalarla Rusiya hərbi sənaye komplkesinə məxsusdur;

- Ermənistan Kremlin yaratdığı Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqının üzvüdür və Rusiya və birlik ölkələri ilə ticarətdə xüsusi imtiyazlara malikdir;

- Ermənistan iqtisadiyyatında Rusiya şirkətlərinin böyük payı var, bura ölkənin dəmir yol şəbəkəsi, elektrik şəbəkəsi, dağ-mədən sənayesi, qaz təchizatı və s. sahələr daxildir;

- Ermənistanın əsas xarici ticarət tərəfdaşı Rusiyadır, ötənilki dövriyyə 5 milyard dollara çatıb (Azərbaycan-Rusiya ticarətindən 1.4 milyard dollar çox).

Bu siyahını xeyli uzatmaq olar. Artıq təzyiq xarakterli iki addım atılıb. Dünən axşam saatlarında yayılan məlumata görə, Ermənistandan gedən 60-a yaxın TIR-ı Gürcüstanın Verxniy Lars keçid məntəqəsində saxlayıblar və onların Rusiyaya getməsinə icazə verilmir. Maşınlarda “Ararat” və “Noy” markalı konyaklar var. İdxal qadağası rəsmi olaraq onunla əsaslandırılır ki, konyak guya onun keyfiyyətini müəyyən etmək üçün ekspertizadan keçməlidir.

Bu gün isə Ermənistanın Mehri rayonunda Rusiya hərbçilərinin təlimlərə başladığı bildirilir. Göründüyü kimi, Rusiyanın seçdiyi təzyiq istiqaməti Ermənistanın asılı və zəif olduğu hərbi, iqtisadi əlaqələri əhatə edir. Əgər Prezident Vaaqn Xaçatryan sənədi tezliklə imzalasa, Kremlin ardıcıl zərbələrinin şahidi olacağıq.

Rusiya bu günə qədər Ermənistanı iqtisadi məhrumiyyətlərə düçar etməkdən ona görə çəkinib ki, erməni cəmiyyətinin nifrətini qazanmaq istəməyib. Amma bu cəmiyyət 44 günlük müharibədəki biabırçı məğlubiyyətə, 3 il sonra Azərbaycanın Qarabağda süuverenliyini tam bərqərar etməsinə baxmayaraq, Paşinyanı dəstəkləməkdə davam edir. Rusiyanın “güzəştləri”, “yaxşılığı” onlar üçün əhəmiyyətsizdir, Kreml qəzəblənir, deməli hərtərəfli təzyiq mexanizmlərini işə salmaqdan başqa yol qalmır.

Bura şirkətlərin Ermənistan iqtisadiyyatından çəkilməsi, ticarətə, yaxşı gəlir gətirən reeksporta məhdudiyyətlərin qoyulması, müdafiə-təhlükəsizlik sektorunda ard-arda provakasiyalar, yumşaq gücün dağıdıcı güclə əvəzlənərək İrəvanın küçə və meydanlarını ağuşuna alması və s. təxribatlar daxildir.

Paşinyan hökuməti, onun müttəfiqləri, erməni cəmiyyətinin bir hissəsi nə edəcək - Rusiyanın qarşısında duruş gətirə biləcəklərmi, bu ən böyük sualdır.

E.Rüstəmli

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.