Tehranın fövqəladə sürəti: Bakını necə hədələyir…

5-10-2023, 14:39   




Azərbaycanın 19-20 sentyabr tarixlərində, cəmi 24 saata fövqəladə sürət və uğurla başa çatdırdığı antiterror tədbirlərindən dərhal sonra İranın inanılmaz dərəcədə fəallaşması diqqətdən yayınmır.

Xüsusilə antiterror tədbirlərindən sonra Türkiyə liderinin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması İranı “silkələdi”: sanki illərdir buna hazırlaşırdı – halbuki, Ərdoğan Ermənistanın Zəngəzur dəhlizini açmayacağı halda dəhlizin İrandan keçəcəyini bildirmişdi.

Bu açıqlamanın dərhal ardından İran Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdı və tam 3 gün müzakirələr yalnız “ərazi bütövlüyü”, “sərhəd toxunulmazlığı” üzərində qurulub.

İran rəsmilərinin yalnız 3 və 4 oktyabr tarixlərində Zəngəzur məsələsi ilə bağlı verdiyi açıqlamalarından cüzi hissəsinə baxaq:

1. İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi yerli mediaya açıqlamasında deyib: “İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək”.

Bunun ardınca isə bildirir: “Artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”.

Siyasi baxımdan olduqca təhlükəli açıqlamadır: əvvəla, Azərbaycan Ermənistanı işğal etməyə hazırlaşmır. Əgər doğrudan da regionda sərhədlərin dəyişməsi İranı ciddi şəkildə narahat edirdisə, niyə Azərbaycan ərazilərinin 30 ildə işğalına dözürdü?

İkincisi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz Ermənistanla Qarabağ arasındakı “dəhlizlə” müqayisə, yumşaq desək, uğursuzluq və siyasi korafəhmlik və yaxud xəbis siyasətin təzahürüdür. Naxçıvan Azərbaycan ərazisidir və Azərbaycan öz ərazisinə maneəsiz yol təmin etməyə çalışır. Ermənistan isə Azərbaycanın daxilində olan erməni icması ilə “maneəsiz keçidə” cəhd edirdi. Bu “dəhlizlərin” fərqini İran məmurları dərk edəcək səviyyədədir, ancaq məkrli siyasətləri səbəbindən bu eybəcər müqayisəni aparmağı özlərinə rəva bilirlər.

2. SEPAH-ın "Aşura” regional qərargahının rəhbəri, general Cəlil Babazadə yerli mediaya açıqlamasında deyib ki, İran Ermənistanı yox, öz maraqlarını müdafiə edir. Öz maraqları isə budur: İranın Ermənistanla 46 km sərhədi var və bu, ölkəsinin xarici dünya ilə əlaqə kanallarından biridir – guya Zəngəzur dəhlizi olarsa, bu “kanal” bağlanacaq.

“Heç kimə bunu etməyə icazə verməyəcəyik. Bakının Naxçıvanla Ermənistan ərazisindən kommunikasiya marşrutu yaratmaqla bağlı iddiaları ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Sözügedən dəhlizin mahiyyəti əslində sərhədlərin və regionun geosiyasətinin NATO və əcnəbilərin xeyrinə dəyişməsidir", - SEPAH generalı iddia edib.

Əvvəla, Zəngəzur dəhlizi İranın Ermənistana çıxışını bloklamır və yaxud məhdudlaşdırmır – bu, İranın bəhanəsidir. İkincisi, İranın “dünya ilə əlaqə kanallarından” ən bərbadı Ermənistandır. Çünki Lars yolunun buraxılış gücü çox aşağıdır və bu istiqamətdə normal kommunikasiyanın qurulması iqtisadi baxımdan qətiyyən əlverişli deyil. Əvəzində isə Azərbaycan vasitəsilə dəmir yolu, magistral da daxil olmaqla, çoxşaxəli çıxış imkanları var. İran bu qədər geniş imkanları Ermənistan inadına niyə qurban verməyə çalışır?

Üçüncüsü, Azərbaycanı bu dəhlizin qurulması ilə NATO-nu rehiona gətirməkdə ittiham etmək, yumşaq desək, şər-böhtan, yalan və siyasi riyakarlıqdır.

SEPAH generalı nə qədər ədalətsiz olmalıdır ki, Ermənistanın ABŞ ordusu ilə sentyabrda 9 gün hərbi təlim keçirməsini, AB mülki missiyası adı ilə Ermənistana qüvvə yerləşdirməsini, Fransanın hərbi attaşe göndərməsini, Kolonnanın hərbi sazişə və zirehli texnika göndərməyə Parisin hazır olmasını, müşahidəçilərin (fransız hərbçilərin) sayını artırmaq istəyini, ABŞ-ın dünyadakı ən böyük səfirliklərindən birinin Ermənistanda olmasını, ABŞ-ın 19 biolaboratoriyasının bu ölkədə yerləşdiyini, Ermənistanın KTMT-dən çıxıb, NATO ölkəsi Fransanın qoruması altına keçməsini “görməzdən gəlib”, Zəngəzur dəhlizinin mahiyyətini təhrif etsin!

Halbuki Zəngəzur dəhlizinin təhlükəsizliyinin qorunmasında Rusiya FSB-si də daxil olmaqla, Ermənistanın öz qüvvələrindən bəhs edilir.

3. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general Əli Əkbər Əhmədian Armen Qriqoryanla görüşündə deyir ki, bölgənin coğrafiyasında hər hansı dəyişiklik təhlükəsizliyə və qeyri-sabitliyə gətirib çıxarır və böhranı daha da gücləndirir, NATO qüvvələrinin Cənubi Qafqaz regionunda olması İran üçün qəbuledilməzdir.

4. Bu kimi çoxsaylı açıqlama və Azərbaycana qarşı təhdidlərə İran Prezidenti İbrahim Rəisi nöqtə qoyur: Armen Qriqoryan və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə deyir:

“Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq ki, bu da region ölkələrinin milli təhlükəsizliyinə təhdid yaradır. İslam Respublikası buna qəti şəkildə qarşı çıxır”.

Bu, artıq 2 gün ərzində İran rəsmilərinin bir-birinə aman vermədən etdikləri çıxışların Rəisinin dilində ümumiləşməsi və birbaşa Azərbaycan rəsmisinə elan edilməsidir.

Yəni regionda 20 sentyabr 2023-cü ildən yaranan ən yeni geosiyasi reallıqlardan İran o qədər təşvişə düşüb ki, bütün maraqlarının əldən getdiyini zənn edir və Ermənistan və Azərbaycan nümayəndələrini dəvət edərək, rəsmən aqressiv ritorika ilə qəti mövqeyini ortaya qoyur.

Rəisinin arqumentinin necə əsassız olduğunu yuxarıda göstərməyə çalışdıq – Ermənistanda ABŞ, Fransa, Almaniya hərbi-mülki missiyalarının yerləşməsi timsalında və Fransanın bu ölkəyə getdikcə daha artıq hərbi yerləşməsi kontekstində.

O ki qaldı NATO-nun İran sərhədlərinə yaxınlaşmasına, burda da İran saxta bəhanə gətirir: NATO-nun ən böyük gücü ABŞ Suriyadadır, İraqdadır, bir əli də Əfqanıstanda – taliblərlə necə əməkdaşlıq etdiyi və onlara 85 milyardlıq silah-sursatı təsadüfən vermədiyini, Fars körfəzində “üzən” çoxminlik ordusunu da bura əlavə edək!

Üstəlik, İranın ən böyük qonşularından biri Türkiyə NATO-nun ikinci ən güclü ordusuna sahibdir və… Türkiyə Şuşa Bəyannaməsi ilə Azərbaycanın zəmanətçisidir. Başqa cür desək, NATO-nun ikinci gücü artıq Azırbaycnda – İranın şimal sərhədlərinə oturub.

“46 km-lik məsafəni” də Rusiya sərhədçiləri qoruyur – hazırda Ermənistan onları “özünün” – Fransanın dolayı gücləri ilə yeniləmək istəyir.

Bu vəziyyətdə İranın Zəngəzur dəhlizini NATO, yaxud şimal qapılarından birinin məhdudlaşması, yainki qonşu ərazisinin işğalı kimi arqumentlərlə əsaslandırma cəhdləri boş və mənasızdır. Əsl səbəb Azərbaycan və Türkiyənin regionda daha da güclənməsinə və Cənubi Qafqazın problemlərdən qurtularaq, iqtisadi çiçəklənmə yoluna qədəm qoymasına qarşı bütün gücü ilə - bura hərbi güc də daxildir – müqavimət göstərməkdir.

İranın məqsədi Azərbaycanın güclü olmasının qarşısını almaqdır – baxmayaraq ki, Tehranın bu cəhdləri onun özünün də iqtisadi maraqları ilə kəskin ziddiyyət təşkil edir. Halbuki regional əməkdaşlıq və Zəngəzur dəhlizi sanksiyalar altında olan İranın iqtisadi nəfəsliyinin genişlənməsinə mühüm töhfə verə bilər – heç bir əlavə xərc çəkmədən, böyük kommunikasiya əldə edə bilər və qonşularla da münasibətlərini inkişaf etdirər.

Bunun əvəzində isə İran Ermənistanın TŞ katibini dəvət edərək, 4 gündür ona Azərbaycana dəhliz verilməməsi üçün açıq şəkildə hədə gəlir, eyni zamanda Azərbaycanı da hədələyir.

İran artıq Ermənistanın da “əldən getdiyini” qanacaq səviyyədədir: indi guya Ermənistana dəstək olaraq, siyasi-hərbi ritorikasını gücləndirir. Ermənistanın İranın təsirindən qurtulması üçün göstərdiyi cəhdlərə qarşı isə “biz Ermənistanın deyil, öz maraqlarımızı güdürük” kimi “ehtiyat variantdan” istifadə edir.

Ancaq bu siyasətin nəticə verəcəyi ciddi şübhə altındadır. Ermənistan gec-tez İranın təsirindən qurtulmağa, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa çalışacaq – sadəcə, indiki vəziyyətdə müəyyən üstünlüklər əldə etməyə çalışır – məsələn, 1975-ci il xəritəsi ilə delimitasiya və demarkasiyaya son cəhd edir. Bu mərhələ də geridə qalandan sonra artəıq Türkiyə-Azərbaycan-Ermənistan anlaşması üçün heç bir maneə qalmayacaq.

İran bundan narahatdır – ona görə Qriqoryana 3 gündür Tehranda təsir edir…

axar.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.