“Azərbaycan Zəngəzur əməliyyatlarına başlaya bilər” – İran isə... - ŞOK DETALLAR

5-10-2023, 17:59   


IRNA agentliyinin məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dünən Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Abdullahian söhbət zamanı növbəti dəfə ölkələrin ərazi bütövlüyündən bəhs edərək deyib: “Regional məsələlər xarici müdaxilə olmadan region dövlətləri tərəfindən həll edilməlidir”.

Sual oluna bilər: İran nədən narahatdır? Niyə hesab edir ki, region dövlətlərinin ərazi bütövlüyü təhdid altındadır və bu mesaj kimə ünvanlanıb?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Abdullahianın bu mesajı həm bizə, həm də nə qədər paradoksal görünsə də, Ermənistanadır.

HEYDER.jpeg (277 KB)

“Bilirsiniz ki, İran II Qarabağ savaşından sonra dəfələrlə eyni məzmunda bəyanatlar verərək, Zəngəzur dəhlizini özünün “qırmızı cizgisi” elan etmişdi. Açıq şəkildə bildirmişdi ki, Azərbaycan öz tarixi ərazilərini geri qaytarmaq fikrinə düşsə, qarşısında İran İslam Respublikasını görəcək. Yəni müsəlman məbədgahlarını murdarlayan erməniləri qorumaq naminə əhalisinin 95 faizi müsəlman olan Azərbaycanla vuruşacaq. İranın bunu edib-edə bilməyəcəyi məsələnin başqa tərəfidir. Amma adını İslam Respublikası qoyan bir ölkənin müsəlmançılığı həftə səkkiz, mən doqquz səsləndirdiyi bu bəyanatlarda bariz şəkildə özünü göstərir. Məncə, önəmli olan da budur. Çünki İslam dinində niyyət əhəmiyyətlidir. Əgər sənin niyyətin başqa, əməlin başqadırsa, Allah sənə əməllərindən qabaq, niyyətinə görə qiymət verəcək. Hesab edirəm ki, İran bu ilahi sınaqdan üzüqara çıxıb və bundan sonra onun İslam adından danışmağa mənəvi hüququ yoxdur. Qum ayətullahları da bilməmiş olmazlar ki, özünü müsəlman adlandırmaqla müsəlmaq olmaq mümkün deyil. “Qurani-Kərim” adı müsəlman olub, özü kafirlərin, zülmkarların yanında dayananları münafiq adlandırıb, hətta peyğəmbərimiz İslam tarixində ilk məscidi, münafiqlərin toplantı yeri olduğunu əsas çəkib dağıdıb. İnanıram ki, ilahi qəzəb bir gün İrana da həmin münafiqlərin aqibətini yaşadacaq. Zira Allahın adlarından bəziləri də Cəlal, Qəhhar, Cəbbardır. Bu sifətlər ərəb dilində qəzəb, cəzalandırıcı və məcburedici anlamlarına gəlir. Hesab edirəm ki, İran Allahın bu sifətləri ilə bir gün mütləq qarşılaşacaq”, - deyən Heydər Oğuz İranın Zəngəzurla bağlı narahatlığına belə aydınlıq gətirib:

“Məlumdur ki, Çindən tutmuş Avropaya, hətta ABŞ-a qədər bütün dünya dövlətləri Zəngəzur dəhlizinin açılmasını istəyirlər. Baxmayaraq ki, hər birinin sözügedən dəhlizlə bağlı fərqli maraqları var, amma ümumi rəy belədir: qlobal iqtisadiyyatın inkişafı, Orta Asiya ölkələrinin Qərbə iqtisadi inteqrasiyası üçün bu yol mütləq açılmalıdır. Prinsip etibarilə, Ermənistan da buna etiraz etmir. İrəvanın yeganə iradı həmin dəhliz üzərində öz suverenliyinin tanınmasıdır. Bununla demək istəyir ki, 9 noyabr bəyanatında nəzərdə tutulan Zəngəzur dəhlizinə rusların nəzarət etməsi və tranzit haqqının da ona çatması şərtilə razılaşmaq istəmir. İnsafən, bu məsələdə haqsız da deyil. Di gəl ki, Rusiya bununla razılaşmır və Ermənistanı qarışdırmaq istəyir. Paşinyan da özünün və ölkəsinin təhlükəsizliyi üçün Qərb müttəfiqlərinə ümidini bağlayıb. Onun bu mövqeyi rus ordusunun tamamən Ermənistandan çıxarılmasına hesablanıb. Rus ordusu isə indiyədək Ermənistanın Türkiyə və İran sərhədlərini qoruyur. Əgər o çıxarılsa, İran sərhədlərinə NATO qoşunları gətiriləcək. Abdullahianın ilk mesajı bu mənada Paşinyan hökumətinədir və demək istəyir ki, nəbadə, rusdan vaz keçib NATO-nun quyruğundan yapışasan. “Regional məsələlər xarici müdaxilə olmadan region dövlətləri tərəfindən həll edilməlidir”, - deyərkən İran xarici işlər naziri də məhz bunu nəzərdə tutur.

ABDULLA.jpg (75 KB)

İranın bizə verdiyi mesaja gəlincə, Heydər Oğuzun fikrincə, bu narahatlığın əsas səbəbi Azərbaycanın beynəlxalq hüquqdan doğan haqları ilə bağlıdır:

“Məsələ burasındadır ki, aralarında İranın özünün də yer aldığı bəzi dövlətlər erməniləri bizə qarşı qızışdırır. Məqsədləri artıq beynəlxalq güclər tərəfindən dəstəklənən Türk Birliyinə inteqrasiyasının qarşısını almaqdır. İran gözəl anlayır ki, Türk dünyasının önündə mühüm sədd kimi dayanan Zəngəzur dəhlizi aşılsa, Turan layihəsinin qarşısını almaq mümkün olmayacaq. Bu da istər-istəməz İranın daxili vəziyyətində mühüm dəyişikliklərə yol açacaq. Turan ittifaqı ideyası ərazisində milyonlarla türkün yaşadığı İrandan da təsirsiz ötüşməyəcək və siyasi təlatümlərə yol açacaq.

Üstəlik, beynəlxalq ticarət, nəqliyyat və logistika mərkəzinə çevrilən Orta dəhlizin Zəngəzur ayağının da fəaliyyətə başlaması İranı alternativ layihələrdən məhrum buraxa bilər. Bəlli olduğu kimi, Orta Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, Azərbaycandan Zəngəzur üzərindən Türkiyəyə və Avropaya uzanan Orta Yol dəhlizi Ermənistanın da bu layihədə iştirakını və ona ciddi kapital qazandırmağı nəzərdə tutur. Tehranın isə başqa planları var. O, Zəngəzur dəhlizi vasitəsilə Hindistan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz xəttini reallaşdırmaq və bu yolla Avropaya bağlanmaq istəyir. “Baharat yolu” adlanan bu nəqliyyat dəhlizi əslində həm Çinin “Bir Yol, Bir Kəmər”, həm də Avropanın bəzən adına “Qlobal Keçiş”, bəzən isə TRASEKA dediyi “Orta Yol” alternativdir. Yeri gəlmişkən, bir müddət əvvəl Hindistanda keçirilən G-20 sammitində Səudiyyə Ərəbistanı, Hindistan və ABŞ tərəfindən imzalanan bir sazişlə əslində İranın bu layihəsinin üzərindən xətt çəkildi. İran isə bu reallıqlarla razılaşmaq istəmir və Zəngəzurda əngəlləyici tədbirlər görməyə çalışır. Bir günlük antiterror tədbirlərindən əvvəl bu destruktiv fəaliyyəti erməni separatçılarının əliylə həyata keçirən İran indi bu fürsətini də itirib. Azərbaycan həmin separatçı qurumu yerlə-yeksan edib və onun təxribatçı liderlərini yaxalayıb. Hazırkı vəziyyətdə İranın əlində yeganə yol qalıb: Zəngəzurda hərbi təlim keçən erməni revanşitlərini dəstəkləmək və onları Azərbaycanın üstünə saldırmaq, yəni terror aktları törətmək. Bu zaman isə Azərbaycanın beynəlxalq qanunvericilikdən doğan başqa bir hüququ ortaya çıxır: BMT Nizamnaməsini əsas götürüb Zəngəzurda antiterror əməliyyatı keçirmək”.

BMT İCLAS.jpeg (151 KB)

Heydər Oğuzun iddiasına görə, BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana bu hüququ verir:

“İran bilir ki, beynəlxalq münasibətləri Qum mollalarının “şirquyruqlu” bəyanatları yox, beynəlxalq müqavilələr müəyyənləşdirir. Onların ən öndə gələnlərindən biri isə BMT Nizamnaməsidir. 1945-ci ildə San-Fransiskoda imzalanmış bu Nizamnamənin 51-ci maddəsində göstərilir ki, BMT üzvü olan dövlətlər xarici təcavüzlərə məruz qalarsa və qurumun Təhlükəsizlik Şurası bu barədə hər hansı ölçü götürməzsə, dövlətlər “legitim müdafiə hüququ”ndan istifadə edərək, özləri bu məsələni həll edə bilərlər. Bunun üçün isə sadəcə BMT-yə xəbərdarlıq etmək kifayətdir”.

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan 2020-ci ildəki 44 günlük müharibədən sonra tez-tez bu cür təcavüzlərə məruz qalır.

“Demək olar ki, hər gün Müdafiə Nazirliyimiz erməni hücumlarından bəhs edən məlumatlar yayır. İrəvan isə adətən bu faktları inkar etməklə məşğuldur. Bu fakt ondan xəbər verir ki, Paşinyan da erməni terrorçularının öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir. Belə çıxır ki, Ermənsitanın sərhədləri onun nəzarətində deyil. Bu da azmış kimi, Ermənistanın VOMA təşkilatı hakimiyyət boşluğundan və ya himayədarlarının dəstəyinə söykənərək Zərgəzurda terrorçu yetişdirir.

Odur ki, Azərbaycan ilk öncə BMT TŞ-nı vəzifəyə çağırmalı, bu da baş tutmasa, özü Qərbi Zəngəzurda antiterror əməliyyatına başlamalıdır. Görünür, İran da artıq Azərbaycanın bu hüququndan istifadə edə biləcəyindən narahatdır və yeri gəldi-gəlmədi sərhədlərin dəyişdirilməməsi və regiondan kənar qüvvələrin bu ərazilərə yerləşdirilməməsi tələblərini irəli sürür. Amma vəziyyət o həddə gəlib çıxıb ki, ya Ermənistan xarici qüvvələri öz sərhədlərinə yerləşdirəcək, ya da Azərbaycan təhlükəsizliyini təmin etmək üçün legitim müdafiə haqqından faydalanacaq. Bu mənada İranın narahatlığı əsassız deyil. Amma bu problemi, nə yazıq ki, onun özü yaradır”, - siyasi şərhçi fikrini belə yekunlaşdırıb.

E.Məmmədəliyev,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar