Rusiya Dövlət Duması ən yaxın iclaslarından birində Rusiyanın nüvə sınaqlarının hərtərəfli qadağanı müqaviləsinin ratifikasiyasını geri çağıracağını bildirib.
Bu məlumatı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin verib.
Bu bəyanat başqa sözlərlə deyilərsə, Rusiyanın nüvə sınaqlarının qadağanı Müqaviləsindən çıxması deməkdir.
Volodin bildirib ki, müqavilə Rusiyanın “milli maraqlarına” uyğun deyil.
Duma spikeri bu bəyanatında Rusiya prezidenti Vladimir Putinin oktyabrın 5-də Valday klubundakı çıxışına əsaslandığını bildirib.
Putin çıxışında bildirmişdi ki, Rusiyanın nüvə doktrinasının dəyişdirilməsinə ehtiyac yoxdur, amma bu müqavilənin ratifikasiyasının ləğvi barədə düşünmək olar, çünki ABŞ da sözü gedən sənədi ratifikasiya etməyib.
Putin əlavə edib ki, hər halda son qərar Dövlət Dumasınındır.
Rusiya parlamentində prezidentyönlü “Vahid Rusiya” partiyası mütləq çoxluğa malikdir. Dumadakı başqa fraksiyalar da Putinin siyasətini dəstəkləyir.
Dumada xarici siyasət məsələləri səsə qoyularkən əleyhinə bir səs də qeydə alınmır.
Volodin müqavilə ratifikasiyasının ləğvinin zərurətini onunla izah edib ki, “Vaşinqton və Brüssel ölkəmizə qarşı müharibə aparırlar”.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiyanın bu müqavilədən çıxması ölkənin nüvə sınaqları keçirmək niyyətində olmasından xəbər vermir.
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsi başlanandan bəri müxtəlif kremlyönlü siyasətçilər və ictimai xadimlər, bəzən isə hakimiyyət nümayəndələri Rusiyanın nüvə silahı tətbiq edə biləcəyini, ən azı nüvə sınaqları keçirə biləcəyini dilə gətiriblər.
Bu yaxınlarda “Kurçatov institutunun” başçısı, Putinin şəxsi dostu Mixail Kovalçuk sovet vaxtlarında nüvə silahı sınaqlarının keçirildiyi Novaya zemlya adasında daha bır sınaq keçirilməsini təklif etmişdi.
RT telekanalının baş redaktoru Marqarita Simonyanisə təklif etmişdi ki, Rusiya “düşmənləri qorxutmaq üçün” öz ərazisində, Sibir üzərində nüvə partlayışı təşkil etməlidir.
Nüvə sınaqlarının hərtərəfli qadağanı Müqaviləsi 1996-cı ildə BMT Baş Assambleyasının 50-ci sessiyasında qəbul edilib.
Bu müqavilə hələ də qüvvəyə minməyib, çünki sənədi xeyli ölkə imzalamayıb.
Bunların sırasında nüvə ölkələri sayılan Hindistan, Pakistan, Koreya Xalq Demokratik Respublikası da var.
ABŞ və Çin müqaviləni imzalasalar da ratifikasiya etməyiblər.
Müasir Rusiyada real nüvə partladılması ilə sınaqlar keçirilməyib.
SSRİ-də son belə sınaq 1990-cı ildə keçirilib.
Putin bu ilin fevralında demişdi ki, əgər ABŞ belə sınaqlar keçirməsə, Moskva da bundan imtina edəcək.