Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

KREMLİ MƏMNUN EDƏN HÜCUM - Rusiya İsrail-Fələstin münaqişəsinin alovlanmasına nədən sevinir?

9-10-2023, 14:12   



HƏMAS silahlılarının İsrailə hücumunun arxasında dayanan, bunu həvəsləndirən və dəstəkləyən qüvvələrin başında İranın adı çəkilsə də, bu münaqişənin yenidən alovlanmasdından ən çox məmnun qalan və bunda maraqlı olan dövlətlərin sırasında Rusiyanın siması aydın görünür.

Təkcə bu hücum başlar-başlamaz Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, sabiq prezident Dmitri Medvedevin və Rusiya XİN-in adioz təmsilçisi Mariya Zaxarovanın reaksiyalarına, eləcə də Rusiya XİN-in rəsmi bəyanatına fikir vermək kifayətdir ki, Kremlin kimin tərəfində olduğunu və yaranmış durumdan istehza dolu məmnunluğunu görəsən.

Rusiya XİN HƏMAS silahlılarının hücumundan cəmi bir neçə saat sonrakı bəyanatında sadəcə, məsələnin sülh yolu ilə həllinin və Fələstin dövlətinin 1967-ci il sərhədlərində qurulmasının tərəfdarı olduğunu bəyan etdi. Sanki hazırda söhbət hansısa siyasi prosesdən, hüquqi tənzimləmədən gedir, dinc insanların öldürülməsindən, yaşayış binalarının bombalanmasından, qadınların, uşaqların girov götürülməsindən və qətliamlardan yox...




Medvedev istehza ilə bildirib ki, Qərb Ukrayna ilə məşğul olmaqdansa, Yaxın Şərqlə məşğul olmalı idi ki, indiki vəziyyət yaranmasın.

Eyni zamanda Rusiya mətbuatında və sosial şəbəkələrdə açıq-aydın sevinc və anti-İsrail əhval-ruhiyyəsi hökm sürür. Nəhayət, həm Rusiya XİN başçısı Sergey Lavrov, həm də Vladimir Putinin özü məhz Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri bir neçə dəfə açıq antisemitizim eyhamları ilə yadda qalıblar...

Digər yandan, dövlət olaraq, Rusiya Ukrayna müharibəsinə kimi Fələstin-İsrail münaqişəsində kifayət qədər neytral mövqe tutur və hətta vasitəçilik missiyasının ən fəal üzvlərindən hesab olunurdu. Lakin Ukrayna müharibəsi Rusiyanın əsl sifətini və mövqeyini üzə çıxardı.

Belə ki, Rusiyanın Ukraynada dinc əhaliyə qarşı həyata keçirdiyi çoxsaylı hərbi cinayətlərlə, bu günlərdə İsraildə baş verənlər arasında elə bir ciddi fərq yoxdur. Baxmayaraq ki, fələstinlilərin İsraillə münaqişədə indiyə qədər yaşadığı faciələrdən, məruz qaldıqarı qətliamlardan fərqli olaraq, Rusiya və rusiyalılar Ukraynadan heç bir pislik görməmişdilər.

Kremin HƏMAS üzvlərinin İsrailə qarşı hücumuna, İsrail- Fələstin  münaqişəsinin alovlanmasına sevinməsinin, hətta bunu dəstəkləməsinin daha dərin siyasi səbəbləri var. Məsələ ondadır ki, hazırda Ukraynada işğalçılıq müharibəsini davam etdirən Kremlə dünyanın müxtəlif nöqtələrində yeni münaqişələrin baş qaldırması bəlkə də hava-su qədər gərəklidir. Belədə Ukraynanı dəstəkləyən qüvvələrin diqqəti və imkanları parçalanır, digər istiqamətlərə yönəlir və Rusiyanın əl-qolu daha çox açılır. Bu da Kremlin ümid etdiyi üzücü müharibənin uzanmasına şərait yaradır.



Belə müharibədə isə əlbəttə ki, Rusiya ilə Ukraynanın resursları müqayisəyə gəlməyəcək qədər fərqlidir və bu, nəticədə Kiyevin geri çəkilməsi, Rusiyanın yaratdığı durumla barışmasıilə nəticələnə bilər. Medvedevin “Qərb Yaxın Şərqlə məşğul olmaqdansa, Ukrayna ilə məşğul olduğu üçün hər şeyi(HƏMAS-ın hücumunu) buraxdı” atmacası da məhz bu baxışdan irəli gəlir.

Rusiya üçün sərfəli olan daha bir maraqlı məqam odur ki, bu münaqişə İsraillə Səudiyyə Ərəbistanı arasındakı yaxınlaşmanı böyük zərbə altında qoyur, Yaxın Şərqdə destabilizasiya yaradır. Bu isə təbii ki, dünya bazarında neftin və digər enerjidaşıyıcılarının qiymətini artırır. Nəzərə alsaq ki, bu gün Rusiyanın Ukraynadakı içğalçılıq müharibəsinin əsas maliyyə mənbəyi neft-qaz satışıdır, o zaman bu münaqişənin alovlanmasının və mümkün qədər uzun müddət davam etməsinin Kremlin maraqlarına nə qədər uyğun olduğunu görərik.

Nəhayət, bu baş verənlərə Azərbaycanın prizmasından baxsaq, Qərbə və ölkəmizi Rusiyaya calamaq istəyənlərə deyiləcək xeyli sözlər var. Azərbaycanı Rusiyanın quyruğuna bağlamaq istəyən Qərb, eləcə də içimizdəki rusbaşlar yaxşı-yaxşı baxmalı və görməlidirlər ki, Azərbaycan hazırda hansı cəbhədə yer alıb. Bu yer Rusiyanın, İranın yanı deyil!...

Cəlal Məmmədov

“AzPolitika.info”   

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar