Artıq heç bir şübhə yeri qalmadı ki, İranda kifayət qədər ciddi və yüksək səlahiyyətlərə malik olan qüvvələr Tehranla Bakı arasında gərginliyin davamında maraqlıdır. O da mümkündür ki, hətta bu qüvvələrin qarşısında İran prezidenti başda olmaqla digər mənsəb sahibləri də acizdirlər... Yoxsa iki qonşu ölkə arasında son üç il ərzində artmaqda olan gərginliyin səngiməsi, araya sözün bütün mənalarında körpülərin atılması istiqamətində işlərə start verilməsindən dərhal sonra yenidən qaşınmayan yerdən qan çıxarılmasına başqa ad vermək mümkün deyil.
Diqqət edin, İranın mədəni irs, turizm və əl işləri naziri İzzətullah Zərqami Azərbaycan Respublikasını İrana getmək istəyən 1 milyon 700 min turistin qarşısını almaqda (!) ittiham edib.
Nazir Ərdəbildə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin toplantısında bildirib ki, koronavirus pandemiyasından sonra Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsi bağlanıb. O, məntəqənin yenidən açılması ilə bağlı addım atmadığından narahatlığını ifadə edib. Yayılan xəbərdə daha sonra deyilir ki, iranlı nazir ölkəsinin münasibətlərin inkişafında maraqlı olduğunu və sərhədlərin bağlı qalmasının hər iki xalqı narahat etdiyini iddia edib. İki ölkə arasında sərhədlərin bağlı qalmasından guya narahat olan əsassız yerə, birtərəfli qaydada ittihamı dilə gətirməz. Əvvəlcə araşdırar ki, Azərbaycan hansı ölkə ilə quru sərhədləri açıb, İranın Biləsuvar istiqamətinə qarşı ögey münasibət olub? Sadəcə “qaşınmayan yerdən qan çıxartmaq”dır, vəssalam.
İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri də “xaric səs”lə “Ermənistanla sərhədi qorumaq İranın qırmızı xəttidir. Azərbaycan problemlərini diplomatiya yolu ilə həll etsin” - deyib. Hətta ölkəsinin rəhbərliyinin bəyanatlarını da “unudaraq”, “hazırda Qarabağ Azərbaycan və Ermənistan arasında mübahisəli ərazidir” - cəfəngiyyatını dilə gətirib. Nikol Paşinyan belə, Qarabağın Azərbaycan ərazisi olduğuna şübhə etmir, Heydəri hələ indi “təzə xanə açıb”. Dediklərinə diqqət edin: “Biz keçmişdə çox yaxşı münasibətlərimiz olan qonşu Ermənistanla ümumi sərhədlərimizdə hər hansı dəyişikliyi qəbul etmirik. Hazırda Ermənistanla 47 kilometr ümumi sərhədimiz var və bu məsələ İran üçün çox vacibdir, çünki bizim Ermənistan vasitəsilə Avropaya çıxışımız var”. Qəribədir, Ermənistanla 47 km-lik (?) sərhədi qırmızı boyayan iranlı rəsmilər nə səbəbə Azərbaycanla uzunluğu 700 km-ə çatan sərhədə “uyğun” rəng tapa bilməyiblər bu vaxtacan? Axı bu sərhədin 132 kilometrlik hissəsi 30 ildən artıq “qırmızı xətli” Ermənistanın işğalı altında qaldı, İran rəsmilərinin nədən səsini eşitmədik?
Beləcə, müsəlmanlığa, qonşuluğa, dostluğa, tarixi əlaqələrə, eyni zamanda beynəlxalq hüquqa uyğun gəlməyən “xaric səs”lər eşidilməkdə davam edir və İranın söz sahibləri hələ ki, münasibətlərə xələl gətirə biləcək həmin qərəzli mövqeləri durdura bilmir.
Azərbaycanın 44 günlük müharibə nəticəsində Ermənistanın işğalına son qoymasını sinirə bilməyən ölkələrdən biri çox təəssüf ki, müsəlman qonşumuz oldu. Bunun ardınca nələr baş verdi, hər kəsə məlumdur. Arazboyu hərbi təlimlər, təhdidlər, hədələr, nəhayət, bu ilin 27 yanvarında Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı!
Bu dəhşətli qətliamdan sonra Azərbaycan dövləti konkret tələblərlə çıxış edərək, İrandakı səfirliyinin fəaliyyətini dayandırdı və Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətində müəyyən korrektələr etməli oldu. Bir müddət öncə İran mənbələri terroru həyata keçirən şəxsin edam cəzasına məhkum edildiyi barədə xəbər yaydı. Hələlik tam təsdiqlənməyib, amma istisna deyil ki, həm də konkret sifarişçilərin izinin itirilməsi məqsədilə terrorçu edam olunsun.
Xatırlayırsınızsa, ilk günlər İran rəsmiləri az qalırdılar terrorçunu himayə etsinlər, onun “günahsızlığını” iddia etsinlər. Amma rəsmi Bakının qəti tələbləri, israrlı mövqeyi nəticəsində geri çəkilməli oldular. Bütün bu davranışlar həm də İranın nəhayət, “daşı ətəyindən tökdüyü”, Azərbaycanla münasibətlərdə yol verdiyi səhvləri aradan qaldırmaq niyyətində olduğu görüntüsünü yaradır, radikalların katalizatorluq cəhdlərinə rəğmən...
Nəhayət, İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfər etdi və ardınca açıqlama verərək bildirdi ki, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək. Bununla bağlı xəbərdə oxuyuruq: “Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətinin bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib”. Xəbərdən də aydın olur ki, Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlamasını İRAN TƏRƏFİ XAHİŞ EDİB və Azərbaycan da əlaqələrin bərpası naminə təklifə müsbət münasibət sərgiləyib. Bundan bir müddət öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub. Həm İran, həm də Azərbaycan rəsmiləri səfirliklə bağlı təşəbbüsün İrandan gəldiyini açıqlayıblarsa, sorğu-suala yer qalmır. Bəs elə isə İran tərəfdə nə hay-küydür? Başlayıblar ki, Azərbaycan İranın qarşısından qaçdı, geri çəkildi, daha nələr-nələr...
Azərbaycan hara qaçdı? Nə vaxt qaçdı? Bəlkə desinlər, biz də bilək...
Bir az ciddi olmaq lazımdır, ağalar! İran Azərbaycan sərhədlərində hərbi təlimlər keçirəndə Azərbaycan xüsusi təyinatlı qüvvələri də İran sərhədləri boyunca irimiqyaslı təlimlərlə cavab verdilər. Bütün hərbə-zorbaların qarşılığı olub, cavablarını alıblar artıqlaması ilə. Vaxt var idi İran Qarabağa benzin daşıyırdı TIR-ları ilə, erməni terrorçularının yanına təlimçilər göndərirdi və sair və ilaxır. Azərbaycan dövləti hamısına son qoydu, bitdi! Hətta Qafan istiqamətində qoyduğumuz gömrük postundan keçib Ermənistanın digər bölgələrinə gedən İran sürücüləri vergi ödəmək istəmirdilər, sonda biz deyən oldu!
Bundan əlavə, səfirliyimizdəki qanlı hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirdi. Həmçinin İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırdı, ölkədəki bütün diplomatlarını çıxardı. Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxardı. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirdi. Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınadı və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırlatdı. Eyni zamanda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı apardı. Nəhayət, İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edildi. Təbii ki, İran tərəfdən edilən xahişlərin nəticəsində...
Belə desək, İran hər mənada Azərbaycanı “dişinə vurdu”. Bütün bunlardan sonra Azərbaycanla İranın sərhəddəki Ağbənd bölgəsində - Azərbaycanın Zəngilan rayonu - iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılmasına start verildi, hər iki ölkənin rəsmilərinin iştirakı ilə təməlqoyma mərasimi keçirildi. Əslində bu layihə barədə razılaşma var idi. Hətta pandemiya dönəmində virtual olaraq anlaşma imzalanmışdı, lakin qonşudakı katalizatorlar prosesin davamına imkan verməmişdi.
İran tərəfi Araz çayı üzərindən atılan körpüyə və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin Naxçıvan bölgəsini birləşdirəcək (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yoluna İran tərəfi “Araz dəhlizi” deyir. Əslində bu marşrut Zəngəzur dəhlizinin alternatividir. İranın Zəngəzur dəhlizi ətrafında hay-küyünün arxasında həm də öz maraqları dayanırdı, heç şübhəsiz. Baxmayaraq ki, Azərbaycan ilk gündən alternativlərin çox olmasında maraqlı olduğunu bəyan edib. Eyni zamanda Araz çayı üzərindən keçən marşrut Zəngəzur dəhlizinin arxivə getməsi demək deyil, İran rəsmiləri bunu da unutmamalıdır!
İqtisadiyyat nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə Araz çayı üzərində körpünün təməlinin qoyulması sözsüz ki, iki ölkənin münasibətlərinin inkişafı baxımından tarixi hadisədir. İran Araz çayı üzərindən tankları keçirmək üçün körpülər atırdı ötən illərdə. Azərbaycan sülh körpüsü təklifini verdi. Savaş tərəfdarı olsa, İranın “qanına susayan” paytaxtlara meydan tanıyardı ölkəmiz. Bunun özü dövlətin özünə inamının, cəsarətinin, müstəqil siyasətinin nümunəsidir!!!
İran və Azərbaycan Birgə İqtisadi Komissiyasının sədrləri iki ölkə arasında sərhəd bölgəsində iki su bəndinin - Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının, həmçini su elektrik stansiyalarının tikintisindən də bəhs ediblər. Bildirilib ki, bəndlərdən birinin tikintisi başa çatıb, ikinci bənddə 97 faiz fiziki irəliləyiş var və son mərhələdədir. Həmçinin İran və Azərbaycan arasında tranzit vəziyyəti, xüsusilə də yüklərin daşınmasının pik günlərində iki ölkənin sərhədlərini keçmək istəyən yük maşınlarının problemlərinin həlli ilə bağlı razılaşmalar əldə olunub. İran rəsmisi Mehrdad Bəzrpaş onu da qeyd edib ki, siyasi münasibətlərin əvvəlki səviyyəyə qayıtması üçün baş vermiş bəzi problemlər də araşdırılır: “İki ölkənin ticarət balansı son illərdə azalıb və bu, yenidən artırılmalıdır”. Nazir İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisinin satışına dair üçtərəfli sazişə toxunaraq deyib ki, üç ölkə arasında elektrik enerjisinin alqı-satqısı prosesi başa çatmaqdadır. Göründüyü kimi, İran rəsmisi Azərbaycanla əməkdaşlığın davamında maraqlı olduqlarını nümayiş etdirib...
Eyni zamanda oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Mehrdad Bəzrpaş arasında görüşdə də ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi və ticari sahələrdə inkişafı və dərinləşdirilməsi, üçtərəfli (Azərbaycan, İran, Ermənistan) və altıtərəfli (Azərbaycan, Rusiya, Ermənistan + Türkiyə, Gürcüstan, İran) formatlarda regional əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olub. İRNA agentliyi də bildirmişdi ki, görüşdə hər iki tərəf Qafqaz regionunda baş verən son hadisələri müzakirə edib və regiondankənar ölkələrin region məsələlərinə müdaxiləsini rədd ediblər. Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında isə deyilir ki, Prezident Əliyev Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşasının, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edib, bunun dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, ölkələri birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək. Dövlət başçısı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd edib. Görüş zamanı İran və Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlığın artırılması da müzakirə edilib.
Azərbaycan Qarabağda bir günlük antiterror tədbiri keçirib, düşməni darmadağın etdikdən dərhal sonra - 20 sentyabrda İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Nasir Kənani “İran İslam Respublikası Qarabağı Azərbaycan Respublikasının bir hissəsi hesab edir“ - bəyanatını verdi. Eyni zamanda o, növbəti dəfə mübahisələrin dinc şəkildə həllinə yardım məsələsində region ölkələrinin rolunu vurğulayıb və İranın bununla bağlı “3+3” formatında görüş keçirməyə hazır olduğunu bildirdi. Azərbaycan neçə müddətdir bunu demirdimi? Belə olduğu təqdirdə kim geri çəkildi, “qırmızı xətkeşli”, yoxsa...
Oktyabrın 3-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehrana səfəri də cənub qonşumuzun davamlı şəkildə diplomatik jestlər etməsinə qarşılıq sayılmalıdır. Azərbaycan dövlətinin siyasəti dəyişməzdir, qonşularla normal əməkdaşlıqda daim maraqlı olub, həmçinin ən kritik məqamlarda belə, öz ərazisindən İrana qarşı istifadəyə imkan verməyib.
Heç şübhəsiz, İran Azərbaycanla bağlı səhv mövqedə olduğunu anladı və mövqeyini dəyişdi. Ən doğrusu da budur. Regionda qalıcı sülhün mövcudluğu məhz ortadakı problemlərin aradan qaldırılmasından keçir. O da istisna deyil ki, rəsmi Tehran Ermənistandan ötürülən yanlış məlumatlar əsasında Azərbaycanın güc yolu ilə Zəngəzur dəhlizi açacağı barədə özündə əminlik formalaşdırmışdı və Azərbaycana qarşı qeyri-adekvat, yanlış mövqe tutmuşdu. Türkiyə XİN rəhbəri Hakan Fidanın Tehrana səfərindən sonra İrandakı katalizatorların yenə “qırmızı xətkeş”li bəyanatlar səsləndirmələri də bu ehtimalın doğruluğundan xəbər verir. Nəhayət, İran başa düşdü ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edir, heç kimin torpağında gözü yoxdur və regional kommunikasiya məsələlərini əməkdaşlıq şəraitində həll etmək yoluna üstünlük verir. Xələf Xələfovun İrana səfəri xoşməramlı, ikitərəfli əlaqələrin bərpası istiqamətində Tehranın davamlı çağırışlarına cavab jesti kimi dəyərləndirilməli olduğu halda, kövrək münasibətlərə zərbə vura biləcək yanaşmalar sərgilənir.
Gəlin görək, son günlər İrandan Azərbaycana səfərlər çox olub, yoxsa Azərbaycandan İrana?
İranın dəniz donanmasının komandanlığı belə böyük heyətlə Xəzərdə keçirilən Azərbaycan-Qazaxıstan birgə təlimlərini izləyib, sonda İran generalları Azərbaycanla birgə təlimlər keçirmək istədiklərini bəyan ediblər. Hər halda etik qaydalar var, Azərbaycanda kimsə İranı “qabağımızdan qaçdı” deyə, aşağılamağa çalışmır, həm də ona görə ki, İran 40 milyondan artıq soydaşımızın yaşadığı qonşumuzdur! Səhv etmək ayıb deyil, səhvi düzəltməmək qəbahət olduğu qədər də ortaya yeni-yeni problemlər qoymaqdır. Qonşu İran ziyanın və səhvin yarısından döndü, ümid edək ki, növbəti dəfə İrana zərbə vurmaq üçün fürsətlər axaran Qərbin təsiri altında olan cırtdan Ermənistandan aldığı yanlış informasiyaların orbitinə düşməyəcək əsrlərlə dövlətçilik ənənəsi olan qonşumuz... Araz çayı üzərindən körpülər atıldığı dönəmdə də İranda Arazın suyunu lilləndirənlər kirimir... Bizdən xəbərdar etmək!
musavat.com