YAXIN ŞƏRQDƏ BAŞLAYAN YENİ SAVAŞIN QALİBLƏRİ VƏ MƏĞLUBLARI... – Regionun simasını dəyişəcək savaş nə qədər davam edəcək?

10-10-2023, 13:37   



7 oktyabrda İsrailə qarşı baş verən hücum bütün dünyanın gündəmini birdən-birə elə dəyişdi ki, artıq az qala Ukraynada davam edən savaş, ABŞ-dakı daxili siyasi qarşıdurma və digər dünya miqyaslı böyük problemlər arxa plana keçdi. İndi hamını İsrailin atacağı cavab addımları, müharibəyə daha hansı qüvvələrin, dövlətlərin qoşulacağı və bu savaşın nə vaxt, hansı nəticələrlə bitəcəyi maraqlandırır.

Artıq müharibənin ilkin “qalib” və “məğlubları”na nəzər yetirəndə maraqlı mənzərə ilə qarşılaşırıq. Nə qədər qəribə görünsə də, hələlik əsas “qaliblər” sırasında dünyanın nəhəng silah şirkətləri daha qabarıq şəkildə nəzərə çarpır. 



Məsələn, savaşın başlamasından cəmi 2 gün sonra “Saab” şirkətinin səhmləri 8 faiz bahalaşıb. Eləcə də İtaliyanın “Leonardo”, Almaniyanın “Rheinmetall”, İngltərənin “BAE Systems”, ABŞ-ın “Lockheed Martin”, “RTX Corp”, hətta “Boeing” kimi şirkətlərin səhmləri 5 faizə qədər bahalaşıb. Nəzərə alsaq ki, müharibə hələ yeni başlayıb, getdikcə bu rəqəmlərin daha da artacağı heç bir şübhə doğurmur.

İlkin “qaliblər” sırasında sözsüz ki, Rusiya və İran da var. İran bütün dünyaya öz proksi qüvvələrinin imkanlarını nümayiş etdirdi, islam coğrafiyasındakı radikal və mövhumatçı hücrələrini hərəkətə gətirdi, ərəb dünyasını İsrailə qarşı hücumu dəstəkləyənlər və pisləyənlər olmaqla, iki qrupa böldü, Səudiyyə Ərəbistanı ilə İsrailin yaxınlaşmasını əngəllədi və sair.




Rusiya isə Ukraynadakı işğalçılıq savaşının dünya gündəmində ikinci plana keçməsini və Ukraynanı dəstəkləyən ABŞ başda olmaqla, Qərbin gücünün və diqqətinin parçalanmasını öz aktivinə yaza bilər. Belə ki, ABŞ artıq rəsmən bu savaşda öz silahlı qüvvələri, gəmiləri, təyyarələri ilə İsraili dəstəkləyəcəyini bəyan edib. Avropa isə Fələstinə yardım məsələsində iki hissəyə bölünüb. Bir sözlə, ilkin “qaliblər”in dairəsi aşağı-yuxarı bəllidir.

Ancaq bu sadaladıqlarımızın müharibənin əvvəlindəki durumu ilə sonundakı vəziyyəti tamamilə fərqli ola bilər. Məsələn, ABŞ-ın sabiq Prezidenti Donald Tramp bəyan edib ki, HƏMAS-ın bu hücumu ABŞ-ın İranın dondurulmuş aktivlərini azad etməsinin nəticəsidir. 




Bu, o deməkdir ki, Qərb indidən sonra İrana qarşı daha sərt mövqe tutacaq və onun öz proksi qüvvələrini gücləndirməsinin qarşısını almaq üçün əlindən gələni edəcək. Hələ ABŞ-ın hədələrini nəzərə alsaq, İranın özü və onun əlaltısı olan Suriyadakı Bəşər Əsəd rejimi ciddi hərbi zərbə ala bilər. Artıq ABŞ rəsmiləri tərəfindən İranın neft infrastrukturunun bombalanmasına dair çağırışlar eşidilməkdədir. Bu çağırışların istənilən an reallığa çevriləcəyini istisna etmək olmaz.

Rusiyaya gəlincə isə Kremlin İsrailə qarşı terror hücumunu pisləməməsi və sıradan sülh çağırışları səsləndirməsi indiyə qədər Ukrayna savaşı ilə bağlı nisbətən neytral mövqe tutan İsrailin Kiyevi açıq dəstəkləməsinə və onun silah təminatına girişməsinə gətirib çıxara bilər. Bir sözlə, savaşın əvvəlində qalib kimi görünmək, hələ onun sonunda da eyni durumda olmaq demək deyil...

“Məğlublar”a gəlincə, bu hücumun HƏMAS üçün intihar olduğu və Qəzzada yaşayan 2 milyona yaxın fələstinli üçün böyük faciə, qırğınlar, dağıntılar yaradacağı heç bir şübhə doğurmur. Artıq bu əraziyə endirilən saysız-hesabsız zərbələr bir tərəfə, İsrail Qəzzanın hətta suyunu belə kəsib...



Həmçinin, ABŞ-ın 11 sentyabr hadisəsinin bənzərini yaşayan İsrail dövləti, siyasi rəhbərliyi, ordusu, xüsusi xidmət və təhlükəsizlik orqanları ilkin “məğlub” durumundadırlar. İndiyə qədərki reputasiyası nəzərə alınsa, İsrail kimi bir dövlət belə bir dəhşətli zərbəni buraxmalı deyildi. İndi bu dövlətin HƏMAS-ın və digər düşmənlərinin ünvanına səsləndirdiyi hədələrini sona qədər reallaşdırmaqdan başqa yolu qalmayıb. Bu isə uzun və üzücü müharibə ssenarisini qaçılmaz edir.



Artıq bir çox mütəxəssislər bu müharibənin ən azı bir neçə həftə, hətta aylarla davam edəcəyini proqnozlaşdırırlar. Əgər “Hizbullah” da prosesə qoşulsa, müddət daha da uzana, miqyas isə böyüyə bilər. Çünki iki milyon əhalisi olan Qəzzaya daxil olmaq, oranı nəzarətə götürmək və nəzarətdə saxlamaq, HƏMAS-ın bütün qüvvələrini sıradan çıxarmaq kifayət qədər çətin və vaxt tələb edən prosesdir.

Bir sözlə, qarşıda Yaxın Şərq üçün kifayət qədər uzun, üzücü və faciələrlə dolu dönəm gəlir. Və həmin dönəm İsrailin də bəyan etdiyi kimi, doğrudan da bu regionun simasını dəyişə bilər...

C.Məmmmədov

“AzPolitika.info”  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.