HƏMAS üzünmüddətli müharibə ssenarisinə hazırdır.
Axar.az xəbər verir ki, bunu HƏMAS-ın mühacirətdə olan yüksək rütbəli rəsmisi Əli Barake deyib.
“HƏMAS İsraillə uzun müddət müharibə aparmağa hazırdır və uzun müddətə çatacaq raket arsenalına malikdir”, - Barake bildirib.
Onun sözlərinə görə, girov götürülən şəxslər İsrail və ABŞ həbsxanalarında saxlanılan fələstinliləri azad etmək üçün istifadə olunacaq:
“Biz bu müharibəyə yaxşı hazırlaşmışıq və bütün ssenarilərə, hətta uzun müharibə ssenarisinə hazırıq. Qəzza zolağında təcavüz dayanmasa, biz sionist varlığın həyatına son qoyacağıq”.
Barake bildirib ki, hücum Qəzza zolağında HƏMAS-ın təxminən bir neçə yüksək rütbəli komandiri tərəfindən planlaşdırılıb və hətta qrupun ən yaxın müttəfiqlərinə belə hücumun vaxtı barədə əvvəlcədən məlumat verilməyib:
“HƏMAS da “Əqsa tufanı” adı verilən əməliyyatın miqyasından şoka düşdü. İsraildən hücumun qarşısını alacağını və ya məhdudlaşdıracağını gözləyirdik. Biz bu böyük çöküşdən təəccübləndik. Müəyyən uğurlar əldə etməyi və dəyişdirmək məqsədilə əsir götürməyi planlaşdırırdıq. Bu İsrail ordusu “kağız pələng” çıxdı”.