"Qəzzadakı müharibə həm Zelenski, həm də Putin üçün Ukrayna savaşını çətinləşdirəcək. Bir il yarımdan çoxdur ki, Rusiyanın işğalından sonra Ukrayna müharibəsi dünyanın əsas gündəm mövzusu olaraq qalırdı. Lakin ötən şənbə günü Fələstinin HƏMAS qruplaşmasının İsrailə qarşı şok hücumu və qisas üçün Qəzza zolağında gözlənilən İsrail-Fələstin müharibəsi həm Kiyev, həm də Moskva üçün döyüş meydanında dəyişikliyə səbəb olacaq".
"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "The Washington Post" nəşrində yayımlanan "Qəzzadakı müharibə həm Zelenski, həm də Putin üçün Ukrayna müharibəsini çətinləşdirir" başlıqlı məqalədə bildirilib.
Sözügedən məqalənin bir hissəsinin tərcüməsini təqdim edirik: "Yaxın Şərqdəki münaqişə Ukrayna üçün Qərbdən Rusiyaya qarşı mübarizəni davam etdirməkdə lazım olan hərbi və iqtisadi dəstəyin diqqətdən kənarda qalması deməkdir. Bu səbəbdən Yaxın Şərqdə baş verən münaqişə Ukraynanın keçmiş iqtisadi tərəfdaşı və hərbi təchizatçısı olan İsraillə onsuz da yaxşı olmayan münasibətlərini poza bilər. Artıq iki ölkə də tərəf seçməyə başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən hücumdan dərhal sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayan ilk dünya liderlərindən biri oldu. Putin isə çərşənbə axşamına qədər hücuma səssiz qalıb. Kreml bu hadisəni Vaşinqtonun uğursuzluğu kimi qələmə verməyə çalışıb. “Düşünürəm ki, çoxları mənimlə razılaşacaq ki, bu, ABŞ-ın Yaxın Şərq siyasətinin iflasa uğramasının bariz nümunəsidir”, - deyə Putin bildirib. Daha əvvəl Netanyahu ilə yaxın münasibəti olduğu bilinən Putin, HƏMAS-ın 1200-dən çox israillini öldürməsinə baxmayaraq, İsrail lideri ilə əlaqə saxlamayıb.
Maraqlıdır ki, Putin və Netanyahu illərdir yaxın münasibətdə idilər. Məsələn, İsrailin Baş nazirinin 2019-cu ildəki seçki kampaniyasında yer alan reklam lövhələrində tez-tez Putin ilə olan dostluğundan bəhs edilirdi. Eyni zamanda, Rusiyada xeyli sayda yəhudi əhali var. Onların bəzilərinin Kremllə əhəmiyyətli əlaqələri mövcuddur. Ola bilsin ki, Rusiya ilə olan bu münasibətə görə, İsrail Ukraynadakı müharibədə neytral mövqe nümayiş etdirir. Lakin bu, daha çox Rusiyanın xeyrinə olub. Çünki Netanyahu hökuməti Ukraynaya silah verməkdən, həmçinin Rusiyaya qarşı beynəlxalq sanksiyalarda iştirakdan imtina edib. Bu mövqe vaxtilə həm Vaşinqtonu, həm də Kiyevi qəzəbləndirmişdi. Zelenski ötən il Netanyahu ilə Putin arasındakı şəxsi münasibətlərin Ukraynaya zərər verdiyini bildirmişdi.
Məsələləri daha da çətinləşdirən məqam isə yüksək rütbəli Rusiya rəsmilərinin yəhudi olan Zelenski haqqında söylədikləri, onu antisemitizmdə ittiham etmələridir. Məsələn, keçən ay Putinin özü demişdi ki, “Qərb ağaları nasizmi əzəmətli göstərmək üçün müasir Ukraynanın başına yəhudi əsilli etnik yəhudi qoyublar”.
Həmçinin qeyd etməliyik ki, Rusiya- İsrail münasibətləri yeni dönəmdə ortaya çıxan bir anlayışdır. Soyuq Müharibə dövründə Moskva İsrailə düşmən olan ərəb dövlətlərini silahlandırırdı. Bu, Sovet İttifaqının 1967-ci il Ərəb-İsrail müharibəsindən sonra İsrail ilə olan diplomatik münasibətlərin kəsilməsinə səbəb omuşdu. İndi Ukrayna bu hadisənin yenidən təkrarlanacağına ümid etməlidir".
"AzPolitika.info"