“Kreml Belarusu Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşmağı strateji vəzifə kimi qarşıya qoyub”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov deyib. Yusov bildirib ki, Kreml bu məqsədinə nail olmaq üçün müxtəlif təxribatlar planlaşdırır. Belarusun Brest şəhərindəki neft bazasına hücum cəhdi də bu təxribatlar sırasındadır.
Yusov qeyd edib ki, Rusiya Belarusun bütün kritik nöqtələrini, infrastrukturunu, strateji obyektlərini özünün Belarus xüsusi xidmət və təhlükəsizlik orqanlarındakı agentlərinin sayəsində mükəmməl bilir. Ona görə də Kremlin əlində Belarusda təxribatlar törətmək və Minski Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün xeyli imkanlar var. Bu sıraya neft bazalarının partladılması, PUA-lar vasitəsilə infrastruktur obyektlərinin bombalanması və s. aiddir.
Bununla yanaşı, Yusov qeyd edib ki, Aleksandr Lukaşenko hakimiyyəti də Kremli yaxşı tanıyır və yəqin ki, onun niyyətlərindən xəbərdardır. Bunun sayəsində indiyə qədər Belarusu müharibəyə cəlb etmək mümkün olmayıb.
Lakin Yusovun fikrincə, Kreml qarşısına qoyduğu bu strateji məqsədə nail olmaq üçün yaxın zamanda əlindən gələni edəcək.
“AzPolitika.info”