QƏZZADA İSRAİLİ QORXUDAN YERALTI ŞƏBƏKƏ – “Orada pilotsuz təyyarələrin davamlı vızıltısı eşidilir...”

20-10-2023, 20:52   



İsrail ordusunun Qəzza zolağında qarşılaşa biləcəyi ən böyük problemlərdən biri HƏMAS-ın geniş tunel şəbəkəsidir. Bu tunellər vasitəsilə yaraqlılar qaçaqmalçılıq yolu ilə silah aparır, qruplaşmanın rəhbərliyi orada gizlənir və orada onlarla israilli girov saxlanıla bilər. İsrail əsgərləri bu yeraltı labirinti “Qəzza metrosu” adlandırırlar.

Bütün Qəzza zolağını əhatə edən çox kilometrlik yeraltı tunellər sistemi HƏMAS-ın yəhudi dövləti ilə qarşıdurmada əldə etdiyi üstünlükdür. Hətta İsraildə belə bir zarafat var ki, Təl-Əviv heç vaxt öz metrosunu tikməyəcək, lakin Qəzza zolağında HƏMAS silahlıları bunu artıq ediblər. Əslində, bu, metro deyil, bir-birinə bərkidilmiş beton plitələrlə möhkəmləndirilmiş yeraltı dar uzun tunellər şəbəkəsidir.

Tunellər Qəzza zolağında məktəblər və idman mərkəzləri, məscidlər və xəstəxanaların altından keçir. Tunellərin sistemi haqqında dəqiq məlumat yoxdur. 2021-ci ildə HƏMAS-ın Qəzza zolağındakı Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar açıq şəkildə bölgədə tunellərin 500 kilometrə çatdığını bəyan edib.

Həmas liderləri 1980-ci illərin sonundan İsrail təhlükəsizlik qüvvələrindən bu tunellər vasitəsi ilə gizlənir. 1990-cı illərin ortalarında isə Qəzza zolağının cənubundakı Rəfah şəhərindən Misirə tunellər qazılıb. Onlardan qaçaqmalçılıq üçün istifadə olunurdu: oradan silah, yanacaq, siqaret, mal-qara, bir sözlə tunelə sığa bilən hər şeyi daşıyırlar. Amerikanın “The Washington Post” nəşri bu sistemi təhlil edərək üç növ tunel olduğunu yazıb.

Birincisi, iqtisadidir, onun vasitəsilə qaçaq mallar Qəzza zolağına çatdırılır.

İkincisi, HƏMAS-ın yüksək rəhbərliyi üçündür ki, onlar bombalama zamanı təhlükəsiz qala bilsinlər.

Üçüncüsü isə, İsrailə aparan tunellərdir. Onlar hücumlar üçün istifadə olunurdu.

2006-cı ildə HƏMAS İsrailə sızmaq və təhlükəsizlik xidmətinin əsgərlərini pusquya salmaq üçün yeraltı tuneldən istifadə edib. Bu əməliyyat nəticəsində yaraqlılar yalnız bir nəfəri - Gilad Şaliti sağ-salamat qaçıra biliblər. O, Qəzza zolağında HƏMAS-ın əsirliyində beş il yarım qalıb. Bütün bu illər ərzində danışıqlar olub, onu xilas etməyə çalışıblar, İsraildə də onu dəstəkləmək üçün aksiyalar olub. Yalnız 2011-ci ildə yəhudi dövləti Şaliti mübadilə edə bildi. İsrail əsgərlərindən birini geri qaytarmaq üçün həbs edilmiş HƏMAS iderləri də daxil olmaqla, 1027 fələstinli məhbusu təhvil verib. Şalitlə dəyişdirilən fələstinlilər arasında hazırda HƏMAS Siyasi Bürosuna rəhbərlik edən və Qəzza zolağında tunellərin sahəsinin 500 kilometrə çatdığını söyləyən Yəhya Sinvar da var idi.

İsrail ordusu HƏMAS tunellərini simulyasiya edən modellər hazırlayıb. Əsgərlər dar keçidlərdə ilişib qalmamaq üçün dar jilet geyinir və qısa lüləli pulemyotlar daşıyırdılar. Təlimlər zamanı onlar əvvəlcə tunelin qapısını partladıblar, sonra içərisində kamerası olan robotu işə salıblar – o, uzaqdan idarə olunurdu. Yalnız bu kəşfiyyatdan sonra əsgərlər içəri daxil olublar.

Tunellər heç də həmişə yeraltı beton dəhlizə bənzəmir. Onlar elektrik enerjisi və bir neçə aylıq ərzaq təchizatı ilə yaxşı təmin olunublar. İsrail hesab edir ki, belə strukturların tikintisi üçün on milyonlarla dollar və yüz minlərlə ton beton lazımdır.

İllər ərzində İsrail məhz tunellərin tikintisinə görə Qəzzaya tikinti materiallarının tədarükünü məhdudlaşdırmaq və icazə vermək arasında qalıb. İsrail dəfələrlə bəyan edib ki, HƏMAS dinc həyat üçün adi binaların tikintisindən daha çox yeraltı Qəzzanın tikintisinə sərmayə qoyur.

Qəzza zolağına dəfələrlə səfər etmiş ukraynalı jurnalist və Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Yuriy Matsarski "Present Time"a HƏMAS-ın yeraltı şəhəri barədə danışıb.



– Bu tunellər nəyə bənzəyir? Hamı onları adi gözlə görə, aşağı düşə bilərmi?

– Xeyr, onlar kifayət qədər diqqətlə maskalanıb və yalnız HƏMAS üzvləri, onun rəhbərliyi üçün nəzərdə tutulub. Məsələ burasındadır ki, Qəzza zolağında böyük zirzəmili evlər və ya yeraltı dayanacaqlar yoxdur. Çünki HƏMAS qorxur ki, tikinti zamanı insanlar tunellərə, HƏMAS-ın yeraltı bunkerlərinə düşəcəklər. Mən orda olarkən eşitdim, Qəzzada ciddi şirin su çatışmazlığı da var. HƏMAS insanlara quyu qazmağı qadağan edir ki, insanlar təsadüfən yeraltı tunellərə rast gəlməsinlər. Mən bilirəm ki, bəzi evlərdən, HƏMAS-ın bəzi böyük səhra komandirlərinə məxsus evlərdən bu tunellərə çıxışlar var.

– Bu tunellərdə silah hazırlanırmı?

- Bəli. Orada pilotsuz təyyarələrin davamlı vızıltısı eşidilir. Hələ o zaman, on il əvvəl İsrail kəşfiyyat, raket zərbələrini idarə etmək və yönəltmək üçün pilotsuz uçuş aparatlarından tam istifadə edirdi.

Pilotsuz təyyarələr daim sizin üzərinizdə dövrə vurduqda, ətrafda daim İsrail agentləri qaynaşırsa, əlbəttə, ixtiraya ehtiyac olur. HƏMAS da fəaliyyətini gizlətmək üçün yavaş-yavaş yerin altına köçürülə bilən hər şeyi köçürdü. Bu tunellər qazılıb.

Silahları, raket hissələrini və ya hazır raketləri ora daşımaq üçün motosikllərin rahat hərəkət edəcəyi tunellər var. Onları bəzi yeraltı bunkerlər birləşdirir ki, onların bəziləri silah saxlamaq, bəziləri isə silah istehsalı üçün təchiz olunub. Məsələ burasındadır ki, İranın HƏMAS üçün daşıdığı bu raketlər kifayət qədər ağırdır və yol da çox çətindir. İranın Qəzza zolağı ilə sərhədi yoxdur, ona görə, raketləri az qala dünya boyu sürükləməli olurlar. Bu raketləri daşımaq üçün Liviyadan, Sinaydakı Çad və Bədəvi qəbilələrindən adamlar cəlb olunmuşdu. Orta hesabla İran raketinin çəkisi təxminən bir ton, uzunluğu beş-altı, bəlkə də yeddi metr idi. Bütün bunları izlənmə şəraitdə sürükləməyin nə qədər çətin olduğunu təsəvvür edə bilərsiniz.

Buna görə də, iranlılar HƏMAS-a eyni raketləri hazırlamağı öyrədərək, yalnız onun bəzi texniki cəhətdən mürəkkəb komponentlərinin çatdırılmasını təmin etməyə başladılar. Prinsipcə, hazır cihazlara nisbətən onları sürükləmək daha asandır.

– Bu tunelləri hərbi baxımdan qiymətləndirin, İsrail ordusu üçün bu vəzifənin öhdəsindən gəlmək nə dərəcədə çətindir?

- İsrail ordusu davamlı olaraq bu tunelləri kəşf edib məhv etməklə məşğuldur. Təkcə israillilər yox, misirlilər də. Sadəcə başa düşməlisiniz ki, şəhər yerlərində müharibə ən çətin, ən yorucu və ən riskli müharibə növüdür. Daha pis odur ki, evlərdən, bəzi təbii beton istehkamlara əlavə olaraq, yerin altında naməlum uzunluqda tunellər də var. HƏMAS onları əvvəlcə elə planlaşdırıb ki, bir qəza baş versə, məsələn, İsrail quru əməliyyatına başlasa, onlara qarşı pusqu, qəfil hücumlar təşkil etmək mümkün olsun. Aydındır ki, bu cür mürəəkəb şəraitdə quru əməliyyat həyata keçirmək çox risklidir. İsrailin hansı qərar qəbul edəcəyini yaxında görəcəyik.

Rasim Əliyev

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar