Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sülh müqaviləsi: “Vəziyyət hər an dəyişə bilər”

27-10-2023, 18:15   


Sülh müqaviləsi: “Vəziyyət hər an dəyişə bilər”


ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzərində danışıqların aparılmasında öz səylərini davam etdirəcək. 

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə Cənubi Qafqazda son proseslərlə bağlı məsələlərə toxunub. O qeyd edib ki, Vaşinqton sülh müqaviləsinin imzalanmasında Ermənistan və Azərbaycana yardım etməyə davam edəcək. Onun sözlərinə görə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması tək Ermənistan və Azərbaycanın deyil, regionun, hətta bütün dünyanın marağındadır.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində baş verən prosesləri nəzərdən keçirərkən, İrəvanın sülh müqaviləsinin Moskvada imzalanmasında maraqlı olmadığını, eləcə də Avropa İttifaqının Azərbaycanın qarşısına qəbuledilməz şərtlər irəli sürməsi səbəbindən Brüssel formatına etibar edilmədiyini görərik. Belə olan halda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin yalnız Vaşinqtonda imzalanacağını ehtimal etmək olar.

Məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Cebhe.info – ya açıqlamasında qeyd edib ki, hazırda Qərb formatı çərçivəsində Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkündür:

“Azərbaycan üçün sülh müqaviləsinin Vaşinqton, Brüssel və ya Moskva formatı çərçivəsində imzalanmasının heç bir fərqi yoxdur. Əsas odur ki, beynəlxalq hüququn prinsipləri əsasında sülh müqaviləsi imzalansın. Hazırda baş verənlər onu göstərir ki, Qərb Cənubi Qafqazda öz mövqeyini itirməkdədir. Düzdür, bir-iki il ərzində Vaşinqton və Brüssel formatları ölkəmiz üçün cəlbedici görünürdü. Brüssel və ya Vaşinqton formatları çərçivəsində keçirilən görüşlərdə bəzi məsələlər öz həllini tapmışdı.

Lakin təəssüflər olsun ki, bəzi Qərb ölkələrinin Cənubi Qafqazla bağlı riyakar planları, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı qorxunc ssenariləri və bu dəhlizdə hərbi cəhətdən iştirak arzusu Qərb formatında əldə olunan nailiyyətləri alt-üst edib. Bu gün həmin ölkələr Azərbaycanı beynəlxalq miqyasda heç bir əsas olmadan günahlandırırlar. Onlar bu və ya digər məsələlərdə öz qərəzli mövqelərini nümayiş etdirirlər. Buna görə də hazırda Qərb formatları çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkündür”. 

Lakin bu, o demək deyil ki, bir-iki ildən sonra vəziyyət dəyişməyəcək: 

“Vəziyyət hər an dəyişə bilər. Qərb tərəfi bu məsələdə konstruktiv mövqe nümayiş etdirərsə, yeni siyasi proseslərin baş verməsinə şahid ola bilərik”. 

Politoloq ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında israrlı olduğunu vurğulayıb.

“ABŞ sülh danışıqları prosesində aparıcı rol oynamaqda iddialıdır. Vaşinqton həqiqətən sülh təşəbbüsü ilə çıxış edir”. 

Gürcüstanın sülh prosesində vasitəçilik məsələsinə gəlincə, politoloq Tiflisi sülh danışıqları üçün münasib yer  hesab edir:

“Qərb və Rusiyadan fərqli olaraq, Gürcüstan öz maraqlarını Ermənistan və Azərbaycana sırımaq fikrində deyil. Çox yaxşı bilirik ki, Moskva, Vaşinqton və Brüssel sülh müqaviləsinin mətnində öz maraqlarına uyğun ifadələrin yer almasını istəyirlər. Amma Gürcüstan formatında bu qeyri-mümkündür. Gürcüstan rəhbərliyi Azərbaycan və Ermənistan liderlərinin görüşməsi üçün əlindən gələni edir”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar