Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin qurumun nəzdində Doktorluq dissertasiya şurasının sədri Müşviq Atakişiyev həbs olunub. O, Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinin sifarişində şübhəli bilinir.
Bu barədə bu gün, noyabrın 16-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
T.Əhmədov 2011-ci ildə öldürülüb. Həmin vaxt M.Atakişiyev Təfəkkür Universitetinin rektoru vəzifəsində çalışıb.
Məlumata görə, T.Əhmədovun qəsdən öldürülməsi faktı ilə bağlı bu ilin aprelində Dəyanət Quliyev saxlanılıb. Hazırda daha iki nəfər bu cinayət işi üzrə istintaqa cəlb edilib.
İddiaya görə, "M.Atakişiyevin T.Əhmədovu... rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsinə... şübhələr müəyyən edilib".
Digərləri işdə həmin ittiham üzrə icraçı gedirlər.
M.Atakişiyev Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs-qətimkan tədbiri seçilib.
Rəsmi açıqlamaya, hələlik, M.Atakişiyev, onun vəkillərindən və işdə adı çəkilən digər tərəflərdən münasibət öyrənmək mümkün olmayıb.