Dalana dirənən “sülh sazişi”: İrəvanın ipi kimlərin əlindədir

20-11-2023, 13:56   


Dalana dirənən “sülh sazişi”: İrəvanın ipi kimlərin əlindədir


Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlar dalana dirənib.

Artıq xeyli vaxtdır rəsmi Bakı ilə İrəvan arasında danışıqların keçirilmir.

Son zamanlar baş verən hadisələrdən belə anlaşılır ki, Moskva, Brüssel və Vaşinqton formatları fiaskoya uğrayıb.

Bunun səbəbləri isə Qərbin təhriki ilə Ermənistanın Rusiyadan uzaqlaşmağa çalışması, eyni zamanda ABŞ və Avropa İttifaqının rəsmilərinin Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi ilə bağlıdır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor Fərhad Məmmədov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan tərəfi Qərbə etibar etmir.

Onun sözlərinə görə, rəsmi Bakı bu mövqedən sonra Vaşinqton və Brüsseli tərəfsiz vasitəçi kimi qəbul etmir:

“Anlaşılandır ki, Ermənistan da Rusiya vasitəçiliyinə etibar etmir. O zaman heç kimin vasitəçiliyi olmadan birbaşa danışaq. Ermənistanla ya şərti sərhəddə, ya da 

Tiflisdə görüşüb, bütün məsələləri ikitərəfli çərçivədə müzakirə edə bilərik. Çünki meydanda artıq sülhə mane ola heç bir səbəb qalmayıb. Gəlin birbaşa danışaq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev hesab edir ki, Ermənistan və Azərbaycanın bundan sonra heç bir vasitəçiyə ehtiyacı yoxdur: 

“Sülhə gedən yolda bir çox məsələlər razılaşdırılıb. Artıq vasitəçilər ümumi sülhə yardım etmək əvəzinə, yalnız ona mane olurlar. Azərbaycan Ermənistana yekun sülh anlaşması ilə bağlı 5 prinsipi əhatə edən təkliflərini irəli sürüb. Bu çərçivədə Ermənistanla birbaşa danışıqlar daha yaxşı variantdır. Biz bütün problemləri birbaşa üz-üzə danışıb həll edə bilərik”.

Ümumiyyətlə, heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistanın dövlət rəsmiləri ya Gürcüstanda, ya şərti sərhəddə, ya da hər iki ölkənin rəsmiləri qarşılıqlı olaraq Bakı və İrəvana səfər etməklə ikitərəfli danışıqlar və bu çərçivədə sülhə əngəl olan problemlərin həlli üzərində müzakirələr aparması daha məqbul hesab oluna bilər.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, İrəvan sülh prosesi ilə bağlı addımlarını Qərbin tapşırıqlarına uyğun atır:

“Son zamanlar ABŞ və Avropa İttifaqı Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir və hər ikisi hər vəchlə ölkəmizə təzyiq edir. Ona görə də rəsmi Bakı Vaşinqton və Brüssel formatlarından müəyyən qədər məsafə saxlayır.

Eyni zamanda ABŞ və Avropa İttifaqı Ermənistana Moskvanın vasitəçiliyi ilə keçirilən danışıqlarda iştirak etməyə qadağa qoyub. Bundan sonra rəsmi İrəvanın Brüssel və Vaşinqtonun icazəsi olmadan Moskva formatı çərçivəsində keçiriləcək danışıqlara qatılması qeyri-mümkündür. 

Bildirim ki, Ermənistan hakimiyyəti ABŞ və Avropa İttifaqıdan icazə almadan Azərbaycanla sülh müqaviləsi imzalamayacaq. Yalnız Qərbin razılığı olduğu təqdirdə İrəvan bu addımı atacaq”. 

Politoloqun sözlərinə görə, Azərbaycan sülh danışıqlarının heç bir vasitəçi olmadan aparılmasının tərəfdarıdır. 

“Bu günə qədər vasitəçilərin iştirakı ilə keçirilmiş görüşlərdə və danışıqlarda müzakirə tərəflərin maraqları bir kənarda qalıb, amma vasitəçinin maraqları ön plana keçib.

Çünki həm Moskva, həm Brüssel, həm də Vaşinqton sülh prosesi ilə bağlı məsələlərin yalnız öz geosiyasi maraqları əsasında həll olunmasına çalışıb. Buna görə də hazırki vəziyyətdə Azərbaycan və Ermənistanın dövlət rəsmiləri arasında birbaşa və qarşılıqlı danışıqların aparılması daha məqbul olar. 

Rəsmi İrəvan anlamalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadığı təqdirdə Ermənistanın mövcudluğu təhlükə altında olacaq, o cümlədən ABŞ və Avropa İttifaqı Ermənistana söz verdiyi vədləri yerinə yetirməyəcək və onu yarı yolda tək qoyacaq”.

Sülh prosesi üzrə Tiflis formatının nə dərəcədə münasib olub-olmaması ilə bağlı suala cavablandıran E.Xalidbəyli vurğulayıb ki, Gürcüstan hakimiyyətinin son hərəkətləri Tiflis formatını şübhə altına qoyub.

“Tiflis formatı cazibədar görünürdü. Amma sonradan məlum oldu ki, Gürcüstan qonşusuna o qədər də dostluq mövqeyi sərgiləmir. Son hadisədən açıq-aydın görünüb ki, rəsmi Tiflis Qərbin təzyiqlərinə nəinki davam gətirə bilmir, hətta o, Qərblə anlaşaraq öz qonşuları ilə münasibətləri korlamağa meyillidirlər.

Fransanın Gürcüstan üzərindən Ermənistana hücum xarakterli silah-sursat daşıması boşuna deyildi. Gürcüstan Qərbin müəyyən vədləri qarşılığında silahların öz ərazisi ilə daşınmasına imkan verib.  Ancaq Gürcüstana söz verilən vədlər də yerinə yetirilməyəcək. Gürcüstan heç vaxt Avropa İttifaqının üzv ola bilməyəcək. 

Fransa Gürcüstan üzərindən Ermənistana silah-sursat ötürməklə faktiki olaraq Tiflis formatına olan inamımıza zərbə vurdu. Rəsmi Bakının Gürcüstan hakimiyyətina etibarı sual altına düşüb. Bu səbəbdən Tiflis formatının yaxın zamanda baş tutacağı inandırıcı deyil”.

Politoloq bu ilin sonuna kimi Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzanlanmasının inandırıcı olmadığını bildirib:

“Sülh müqaviləsi ilə bağlı sənədin hazır olub-olmaması ilə bağlı məsələyə gəlincə, etiraf eləməliyik ki, bu sənəd tam olaraq tərtib olunmayıb. Bildirim ki, Azərbaycan Moskva, Brüssel və Vaşinqton formatları çərçivəsində keçirilmiş danışıqlarda öz maraqlarına uyğun nəticələr əldə edib.

Belə ki, Azərbaycan Qarabağ üzərində öz suverenliyini və yurisdiksiyasını bərqərar edib, həmçinin rəsmi Bakı Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etdi.

O ki qaldı sülh müqaviləsinin bu ilin sonuna qədər imzalanması ehtimalına, bu, daha çox Ermənistanın özünə lazımdır”.

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.