Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan və Ermənistan bütün vasitəçilərdən imtina edir?

23-11-2023, 17:29   


Azərbaycan və Ermənistan bütün vasitəçilərdən imtina edir?


Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da hər iki dövlət arasında sərhəd bölgəsində baş tutacaq. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib ki, Ermənistan XİN rəhbərliyi Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa verib. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif edib. 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycanla Ermənistanın dövlət rəsmiləri arasında birbaşa görüşlərin keçirilməsi müsbət hal hesab oluna bilər: 

“Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların keçirilməsi, o cümlədən dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın növbəti görüşünün sərhəd bölgədə baş tutması müsbət hal sayıla bilər. Çünki prosesdə üçüncü tərəflər vasitəçilik etdiyi zaman maraqlar çoxalır, təbii ki, bu da problemin həll olunmasına əngəl yaradır. Bu baxımdan, ikitərəfli görüşlərin keçirilməsi ölkəmizin maraqlarına uyğundur”. 

O ki qaldı ikitərəfli görüşlərin ciddi nəticələrinə, ekspert hesab edir ki, bu, o qədər də asan məsələ deyil: 

“Bu istiqamətdə xeyli çətinliklərlə üzləşə bilərik. Hər iki ölkənin sərhəd ərazilərindəki mürəkkəb relyef və qeyri-müəyyənliklər bu prosesin vaxtını kifayət qədər uzadacaq. Heç təsadüfü deyil ki, Azərbaycanın Gürcüstanla sərhəd ərazilərinin delimitasiyası və demarkasiyası tam başa çatmayıb”. 

Sülh müqaviləsi ilə bağlı bu kimi görüşlərin keçirilməsinə gəlincə, O.Qasımov bunun yalnız Ermənistandan asılı olduğunu vurğulayıb:

“Son üç il ərzində Moskva, Brüssel və Vaşinqton formatları çərçivəsində sülh müqaviləsi ilə bağlı danışıqlar aparılıb. Təəssüf ki, bu formatların heç birində real nəticələr əldə olunmayıb. Baxmayaraq ki, bir müddət ərzində həm Brüssel, həm də Vaşinqton formatına ümidlər var idi. Amma son zamanlar ABŞ və Avropa İttifaqının rəsmilərinin Azərbaycana qarşı qərəzli münasibət sərgilədiyini görürük. Həmçinin Brüssel və Vaşinqton formatında Ermənistan ciddi şəkildə dəstəklənir.

Bununla yanaşı, ABŞ və Avropada Azərbaycana qarşı təbliğat aparılır. Azərbaycan da bunları əsas alaraq hər iki formatın növbəti görüşlərində iştirakdan imtina edib. Lakin bir neçə gün öncə Azərbaycan növbəti təşəbbüsünü irəli sürdü. Belə ki, Azərbaycan Ermənistana neytral zonada və ya sərhədin hər hansı bölgəsində birbaşa görüşün keçirilməsini təklif edib. Hesab edirəm ki, sülh müqaviləsi ilə bağlı belə görüşlərin keçirilməsi mümkün ola bilər.

Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək iqtidarında olarsa, o zaman ikitərəfli görüşlərdə müsbət nəticələr əldə oluna bilər. Amma hələlik Ermənistan tərəfinin bu istiqamətdə siyasi iradə nümayiş etdirməsini görmürük. Bu da prosesi müəyyən qədər uzadacaq”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar