Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kremldən verilən Qarabağ mesajı: Putin kimi hədəfə alıb?

27-11-2023, 17:14   


Kremldən verilən Qarabağ mesajı: Putin kimi hədəfə alıb?


“Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır. Onlar regionda açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar”.

Kremlin sözçüsü Dmitri Peskov belə deyib.

“3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan çıxarılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Doğrudan da, bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışır”,-deyə Kremlin sözçüsü bildirib. 

Peskov sözlərinə belə davam edib:

“Nəticədə, Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etdi ki, bir sıra dövlətlər birtərəfli mövqe tutduqları üçün çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilsinlər”. 

O qeyd edib ki, birtərəfli mövqe tutan ölkələr heç nə iddia edə bilməz:

“Bu, həm qeyri-mümkün, həm də yersizdir. Bizi oradan sıxışdırmağa çalışmaları - bəli, biz bunu bilirik, lakin hələlik Rusiyadan başqa heç kim regionda sülh və sabitliyin təminatçısı rolunu oynaya bilmir. Rusiya isə səylərini davam etdirir”. 

Peskovun bəyanatı Rusiya Təhlükəsilik Şurasının katibi Nikolay Patruşevin açıqlamasının davamı sayıla bilər. Nikolay Patruşev MDB-dən olan həmkarları ilə noyabrın 7-də keçirilən görüşündə regiondankənar qüvvələrin Azərbaycanla Ermənistan arasında sülhə mane olduğunu demişdi. Bununla da Rusiya rəsmisi Qərbin Cənubi Qafqazda fəallaşması ilə bağlı Moskvanın narahatlığını dilə gətirmişdi:

“Azərbaycanla Ermənistan arasında nizamlanma regiondankənar qüvvələr münaqişəyə müdaxiləni dayandırdıqda mümkündür. Lakin hələlik Qərbin addımları vəziyyəti daha da gərginləşdirir”.

Patruşev əlavə edib ki, Rusiya hər iki ölkə arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır.

“Təcrübə göstərir ki, bu, yalnız regiondankənar qüvvələrin müdaxiləsi olmadığı təqdirdə mümkündür. Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin deqradasiyasına səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır”, - deyə o vurğulayıb. 

Peskovun açıqlaması da göstərir ki, Rusiya Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və geosiyasi balansı öz xeyrinə dəyişmək cəhdlərindən çox narahatdır. Bu baxımdan, Prezident Vladimir Putin Peskovun dili ilə həm Qərbə, həm də Ermənistana yönəlik xəbərdarlıq mesajı verib.
Şübhəsiz ki, söhbət Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında Avropa İttifaqının və ABŞ-ın vasitəçilik səylərinə Rusiyanın etirazından gedir. Həm Patruşev, həm də Peskov öz bəyanatlarında konkret ad çəkmədən ümumiləşdirilmiş şəkildə “Qərb” deməklə kifayətləniblər.

Ancaq mesajın ünvanı kifayət qədər aydındır. ABŞ, Avropa İttifaqı, Fransa və Almaniyanın Cənubi Qafqazda Rusiyaya alternativ gücə çevrilmək planları Kremli hərəkətə keçməyə vadar edib. Ukrayna cəbhəsində Rusiyaya qarşı mübarizə aparan bu qüvvələrin indi eyni siyasəti Cənubi Qafqazda həyata keçirməsi Moskvanın əsk-reaksiyasına səbəb olub. 

Avropaya çıxışı bloklanmış Rusiyanı Cənubi Qafqazdan da sıxışdırmaq Qərbin yeni strategiyasını təşkil edir. Bu, Rusiyanın cənub sərhədlərinin mühasirəyə alınması və Qara dənizə çıxış imkanlarının məhdudlaşdırılması deməkdir. Ona görə də Rusiya Qərbin son addımlarını özünün milli təhlükəsizliyi üçün təhdid hesab edir. Qərbin növbəti niyyəti həm də Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiyaya çıxan nəqliyyat-kommunikasiya dəhlizilərini, Rusiya və İran arasında quru əlaqəsini özünün geosiyasi təsir zonasına daxil etməkdir.

Buna nail olmaq üçün Qərbə Rusiyanın Cənubi Qafqazdan çıxması lazımdır. Ermənistan hakimiyyətinin Qərbyönlü siyasəti ABŞ-a və Avropa təmsilçilərinə bu məqsədə çatmaq üçün imkan yaradır. Baş nazir Nikol Paşinyanın Rusiyanın siyasi lokomativi olduğu Kollektiv Təhlükəslizlik Müqaviləsi Təşkilatı, MDB, Avrasiya İqtisadi Birliyi kimi qurumlardan uzaqlaşaraq Qərbə meyil etməsi bu gərginliyi daha da artırıb. 

Ermənistan indiyə qədər Rusiya ilə mövcud olmuş təhlükəsizlik sistemini Qərblə əvəz etmək fikrindədir. Öz növbəsində Qərb siyasi dairələri qapalı siyasi danışıqlarda və açıq siyasi bəyanatlarında Ermənistandan öncə KTMT-yə üzvlükdən imtinanı, Rusiya hərbi bazalarını öz ərazisindən çıxartmağı tələb edir. Ermənistanın KTMT-dən çıxmağa hazırlaşdığı məlumatlar artsa da, Paşinyan hakimiyyətinin bu məsələdə tərəddüd etməsi Qərblə anlaşmada problem olduğunu deməyə əsas verir. Hətta bəzi tanınmış erməni politoloqlar Qərbin Ermənistana yeni təhlükəsizlik təminatı verəcəyinə əminlik olmadığını, Paşinyanın siyasətindən öz maraqları üçün istifadə etdiyini deyir. 

Qərbin başlıca məqsədlərindən biri Rusiyanı Cənubi Qafqazda əvəz etmək istəyilə bağlıdır. Hazırda Ermənistanın geosiyasi rəqabət meydanına çevrilməsi də bununla bağlıdır. Çox güman ki, Rusiya rəsmiləri hələlik konkret ad çəkməsələr də, proseslərin belə davam edəcəyi təqdirdə, xəbərdarlıq bəyanatları daha dəqiq ünvana yönələcək. 

Belə ki, Rusiyanın daim Avropa məkanında əsas etibarlı dostlarından biri olan Fransa artıq siyasi oyun qaydalarını dəyişib və Rusiyanı Cənubi Qafqazda əvəz etmək iddiasındadır. Bu isə Rusiyanın maraqlarına zərbə vurur. Ona görə də rəsmi Moskvanın Fransanın artan fəallığına daha sərt və açıq reaksiya verəcəyi istisna olunmur. Eyni zamanda, Ermənistanın Baş naziri Qərbin dəstəyindən Azərbaycanla sülh danışıqlarında özünün siyasi mövqeyini möhkəmlətmək üçün faydalanmağa çalışır. Fransa, Avropa İttifaqı, ABŞ və Almaniyanın Azərbaycana qarşı müşahidə olunan təzyiqlərini də qeyd edilən səbəblə izah etmək olar. 

Bu baxımdan, Azərbaycanın sülh danışıqlarında Peskovun dediyi kimi, birtərəfli mövqe tutan, yəni Ermənistanın yanında yer alan ABŞ, Avropa İttifaqı, Fransa və Almaniyanın vasitəçiliyindən imtina etməsi Rusiyanın əlini gücləndirir. Bu isə diplomatik masada Qərbdən gələn təzyiqləri neytrallaşdırmaq üçün Azərbaycana əlavə manevr imkanları açır. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar