Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PAŞİNYAN PUTİNİN QƏBULUNA GEDİR... - KTMT və MDB iclaslarına qoşulmayan baş naziri Sankt-Peterburqa aparan nədir?

28-11-2023, 13:03   



Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Birliyinin(Aİİ) sammitinə qoşulmaq qərarı verib. Hələ ki, bununla bağlı Ermənistan tərəfinin rəsmi bəyanatı olmasa da, Vladimir Putinin köməkçisi Yuri Uşakov mətbuata açıqlamasında bu məlumatı təsdiqləyib. Uşakov artıq Paşinyanın səfərilə bağlı “İrəvandan siqnal aldıqlarını” deyib.

Buna qədər xeyli vaxtdır istər Paşinyanın özü, istər onun komandasının XİN başçısı, Müdafiə naziri, parlament sədri və digər yüksək vəzifəli təmsilçiləri Moskvanın patronajlıq etdiyi bütün tədbirlərdə iştirakdan nümayişkaranə şəkildə yayınırdılar. Buarya həm KTMT hərbi blokunun, həm də MDB səviyyəsində keçirilən görüşlər, sammitlər daxildir. 

Bununla yanaşı, Paşinyan hakimiyyəti son bir neçə ayda Kremlə qarşı saysız-hesabsız demarşları ilə və “qərbyönümlü” bəyanatları ilə gündəmdə olub. Hətta Ermənistanın KTMT-dən çıxması və bu ölkənin ərazisindəki Rusiya hərbi bazasının çıxarılması məsələsi siyasi müzakirələr səviyyəsinə qaldırılıb. Paşinyan komandası dolayısı ilə də olsa, Rusiyay qarşı siyasi demarşların konkret addımlara çevrilə biləcəyinin siqnallarını veriblər.

Lakin Ermənistanı dövlət və toplum olaraq yaxşı tanıyanlar Paşinyanın “qərbpərəstliyinə” skeptik yanaşırlar və tarixən mahiyyət etibarilə işğalçılıq, saxtakarlıq daşıyıcısı olan bir milli zehniyyətin aparıcı rol aldığı Ermənistan kimi dövlətlərin gerçək bəşəri, demokratik dəyərlərin təmsilçisi olduğuna, yaxud olacağına inanmırlar. 



İndiki hakimiyyətin Rusiyaya “naz etməsini” və guya Qərbə üz çevirməsini isə ya Qərbdə daha imkanlı və nüfuzlu himayədarlar, “ağalar” tapmaq, ya da Rusiyadan daha çox maliyyə, iqtisadi, siyasi, hətta hərbi yardımlar qoparmaq məqəsədinə xidmət etdiyini düşünürlər. Bu düşüncələrin həqiqətə uyğun olduğunu təsdiqləyən məqamlardan biri də Ermənistan Baş nazirinin Sankt-Peterburqa, Aİİ-nin sammitinə qatılmaq qərarı sayıla bilər.

Məsələ ondadır ki, Paşinyan hər nə qədər Kremlə “təpik atsa” da, Ermənistanın “çörəyi” Rusiyadan gəlir. Məhz Rusiya bu gün də Ermənistanın kiçik iqtisadiyyatının demək olar, bütün strateji sahələrinə nəzarət edir. Paşinyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra öyündüyü Ermənistanın artan iqtisadi göstəriciləri də məhz Rusiyanın hesabına, daha doğrusu, sanksiyaya düşən malların Rusiyaya Ermənistanın vasitəsilə daşınması hesabınadır. Bunu Paşinyan hökumətinin Maliyyə nazirinin müavini Vaan Sirunyan da ötən gün parlamentdə büdcə məsələlərinin müzakirəsi zamanı etiraf edib. O, təsdiqləyib ki, bu ilin 9 ayı ərzində Ermənistanın Rusiyaya ixracının həcmi təxminən 85 faiz artıb və bu artım reeksport, eləcə də Rusiyadan bu günə qədər davam edən insan və kapital axını ilə əlaqədardır. Özü də 85 faizlik artımın cəmi 4.4 faizi Ermənistan mənşəli mallara aiddir.

Odur ki, Paşinyan hər nə qədər “qərbpərəst” görüntüsü yaratsa da, hələlik Qərbdən gözlədiyi maliyyə dəstəyini böyük ölçüdə ala bilməyən və iqtisadiyyatı həm struktur, həm istehlak bazarı, həm enerji daşıyıcıları, həm də digər tərkib hissələri ilə Rusiyadan birbaşa asılı olan Ermənistanın manevr imkanları olduqca məhduddur. Ona görə də KTMT-nin, yaxud MDB-nin iclaslarını “iqnor edən” Paşinyanın Aİİ-dən imtina etməsi onun hökuməti üçün ağır nəticələr verə bilər. Çünki burada söhbət Rusiya və Aİİ daxilində sərbəst ticarət sayəsində Ermənistanın iqtisadi göstəricilərini müəyyən qədər yaxşılaşdırmağa kömək edə biləcək pul və ticarətdən gedir.



Digər yandan, dekabr sammitində Aİİ-yə sədrlik edən Rusiya öz səlahiyyətlərini Ermənistana ötürməlidir. Paşinyanın bu mərasimdə iştirak etməməsi isə Ermənistanın onun üçün iqtisadi cəhətdən faydalı olan birlikdə iştirakdan imtina etməsi anlamına gələcək.

Bu gün Qərbin sanksiyaları altında olan bir çox mallar, o cümlədən də Rusiya hərbi sənayesinə lazım olan avadanlıqlar Ermənistan vasitəsilə Rusiyaya daşınır və Paşinyan hökuməti bundan böyük qazanc götürür. Digər yandan, guya Rusiyadan hərbi-siyasi asılılığını aradan qaldırmaq üçün sistemli addımlar atan Ermənistan, eyni zamanda, məhz Rusiya və onun nəzarətindəki Aİİ vasitəsilə öz iqtisadi göstəricilərini yaxşılaşdırır. Və bütün bunlar Qərbin gözü qarşısında baş verir. Beləkilə, Qərb bir tərəfdən Ermənistanı Rusiyadan ayırmağa çalışır, digər tərəfdən isə Ermənistanın Rusiyaya qarşı sanksiyaları pozmasına göz yumur. İndi isə təsəvvür edin ki, bütün bunları hazırda nə KTMT, nə də Aİİ üzvü olmayan Azərbaycan etsəydi, rəsmi Bakıya təzyiqlər hansı səviyyəyə qalxardı...

Bütün bunlar Qərbin, xüsusilə də Fransa və son zamanlar ondan da çox canfəşanlıq edən Vaşinqtonun indiki administrasiyasının ikiüzlü, ikili standartlara söykənən riyakar siyasətinin daha bir təzahürü və təsdiqidir.

C.Məmmədov

“AzPolitika.info”  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar