Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda tibbi sığorta: Həkim hər xəstəyə 12-15 dəqiqə ayıra bilir - RƏSMİ

28-11-2023, 13:12   


Azərbaycanda tibbi sığorta: Həkim hər xəstəyə 12-15 dəqiqə ayıra bilir - RƏSMİ


İcbari tibbi sığortanın tətbiqi  tibb müəssisələrinə müraciəti intensivləşdirib.  

Amma əksər hallarda xəstələr tibbi imkanlardan yararlana bilmədiklərini, saatlarla növbədə gözlədiklərini, hətta davamlı olaraq 2-3 gün xəstəxanaya getməli olduqlarını qeyd edirlər. Bu narazılıqların digər bir səbəbi xəstə sayına qoyulan limitlə bağlıdır. Onlar qeyd edirlər ki, növbədə gözləsələr də, gün sonuna qədər xidmətlərdən yararlana bilmirlər. 

TƏBİB-in ambulator şəraitdə çalışan həkimlər üçün tərtib etdiyi iş həddi bu şəkildə olub: 

*Ambulator şəraitdə terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 35 nəfər; 

*Ambulator şəraitdə həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 30 nəfər; 

*Ultrasəs müayinə üzrə çalışan həkimlər üçün 30 nəfər; 

*EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər üçün 15 nəfər. 

Hazırda xəstəxanalarda həkimlərin, laboratoryaların, UZİ və rentgen aparatlarının xəstə qəbuluna limit yenə varmı? Gündə necə xəstə qəbul edə bilirlər? Vətəndaşlar limitlə bağlışikayətlərinin həlli istiqamətində addım atılır? 

TƏBİB-dən mövzu ilə əlaqədar Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyindəki dövlət tibb müəssisələrində həkimlərin gün ərzində iş saatı 6 saatdır: 

“Tibb müəssisələrində ambulator şəraitdə terapiya və pediatriya ixtisasları, rentgen, mamoqrafiya və flüoqrafiya müayinəsi üzrə çalışan həkimlər üçün iş günü həddi 35 nəfər sığortaolunan müəyyən olunub. Həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün iş günü həddi isə ambulator şəraitdə 30 nəfər sığortaolunan təşkil edir". 

Məlumata görə, ultrasəs müayinəsi (USM) üzrə çalışan həkimlər üçün iş günü həddi 30 nəfər, EEQ (Elektroensefaloqrafiya), EMQ (Elektromioqrafiya) və endoskopik müayinə ixtisasları üzrə çalışan həkimlər üçün günlük hədd 15 sığortaolunan təşkil edir:

"Əlavə olaraq qeyd edək ki, MRT, KT, həkim-kardioloq ixtisası üzrə çalışan həkimlər üçün günlük limit müəyyən olunmayıb. Göründüyü kimi, tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq, günlük hədd 15-35 pasiyent arasında dəyişir. Həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb.

Orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayrılıb. Çünki həkim xəstənin şikayətini dinləyir, ona dəqiqləşdirici suallar verir, ehtiyac olduqda fiziki müayinə apara, resept yaza və əlavə müayinələr təyin edə bilər. Bəzi hallarda həkim əvvəlki müayinələrin nəticələri ilə tanış olur, təkrar gəlişlərdə onları sonuncu müayinə nəticələri ilə müqayisə edir. Bütün bu proses bəzən 30 dəqiqə və daha çox vaxt apara bilər. Həkimlərin 6 saatlıq iş rejimini nəzərə alanda bu hər pasiyentə 12-15 dəqiqə vaxt deməkdir.

Qeyd edək ki, iş saatının sonuna vaxt qalıbsa, günlük limitin bitməsindən asılı olmayaraq, növbə gözləyən pasiyentlər qəbul edilir. Təcili tibbi yardıma ehtiyacı olan xəstələr, şəhid ailə üzvləri və müharibə iştirakçıları növbədənkənar qəbul olunur". 

TƏBİB şikayətləri olan xəstələrə də müraciət edib: 

“TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində tibb işçiləri ilə bağlı şikayətiniz olarsa, bu barədə ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət edilməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "815" Çağrı mərkəzinə və ya Agentliyin “1542” Çağrı mərkəzinə zəng edə bilərlər". 

Ləman İsmayıl
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar