Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda “nadir tapıntı”: Avtobus gözləmir, sərnişin isə axtarır

28-11-2023, 14:26   


Bakıda “nadir tapıntı”: Avtobus gözləmir, sərnişin isə axtarır


Bakıda avtobus dayanacaqlarının əksəriyyətindən "MilliÖn" ödəmə aparatlarının yığışdırılması sərnişinlərin narazılığına səbəb olub.

Son vaxtlar paytaxtın avtobus dayanacaqlarında "BakıKart"ların balansının artırılması üçün nəzərdə tutulan ödəniş terminallarına, demək olar ki, rast gəlinmir. Üç-dörd ay əvvələ qədər əksər dayanacaqlarda olan terminalların bir çoxu yığışdırılıb. Məsələn, “Nizami” metrostansiyasının ətrafındakı avtobus dayanacaqlarında sərnişinlər kartın balansının  artrmaq üçün məcburən metroya daxil olurlar.

Bu zaman introskop yoxlanışdan keçməli, yükləmə aparatının qarşında növbə tutmalı və daha sonra stansiyadan çıxmalı  olur k, bu da girişdə sıxlıq yaradır. Bu vəziyyət isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşların narahatlığına və narazılığına səbəb olub. Çünki dayanacaqlarda karta gediş haqqı vura bilməyən vətəndaş kimdənsə onun əvəzinə ödəniş etməsini istəməli olur. Ya da müəyyən məsafə qət edərək metro stansiyalarına, terminalların olduğu başqa ünvanlara üz tutur. 

“BakıKart”da iki sistemlə ödəniş üsulu mövcuddur. Biri "BakıKart" satış və ödəmə aparatlarında, digəri "MilliÖn" ödəmə terminalları vasitəsilə apalır. Hazırda "BakıKart" yükləmə aparatları əsasən metro stansiyalarda quraşdırılıb. Avtobus dayanacaqlarında isə sərnişinlər "MilliÖn" terminalları ilə kartlarının balansını artırırlar. O da həmin terminalları tapa bilsələr… 

Məsələ ilə bağlı "BakıKart"ın rəhbəri Orxan Bayramov Cebhe.info-ya bildirib ki, hazırda "BakıKart" sisteminə inteqrasiya olunan 1550 "MilliÖn" ödəmə terminalları mövcuddur. Terminallar olmayan dayanacaqların yaxınlığındakı marketlərdə də ödəmə aparatları quraşdılıb. 

Orxan Bayramov həmçinin ödəniş terminallarının sayının artırılıb-artırılmayacağı məsələsi ilə bağlı bildirib ki, Bakıda bu istiqamətdə təkmilləşdirmə işləri aparılır. 

Sözügedən məsələ ilə bağlı "MilliÖn" şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət vasitələri qrupunun rəhbəri Ülviyyə Əfəndiyeva Cebhe.info-ya bildirib ki, terminalların sayı azalmır, əksinə artırılıb:

“Terminal sayı bu il ərzində artırılıb. Gələn ilə də artırılması planlaşdırılır. Əlavə olaraq qeyd etmək istərdim ki, regional xidmət mərkəzlərimiz açılıb”. 

Dayanacaqlarda terminalların yığışdırılmasına gəlincə, o bildirib ki, Bakının digər ərazilərində olan terminallarda nəqliyyat kartlarının yüklənməsi üçün funksiyalar var:

“Dayanacaqlarda olan terminallar çöl terminallarla əvəz olunur və çöldə (dayanacaqdan kənarda) quraşdırılır. Digər mövcud “MilliÖn” terminallarında isə (market və s. məkanlarda) "BakıKart" ödəməsi mövcuddur ki, əhali ödəniş edə bilsin”. 

Ödəniş terminallarından əlavə kartların balansını "online.bakikart.az" saytına daxil olmaqla da artırmaq mümkündür. Bunun üçün əvvəlcə portala daxil olub, e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Şəxsi kabinet yaratdıqdan sonra "BakıKart"ın nömrəsini və bank kartının məlumatlarını əlavə edərək ödəniş həyata keçirmək olar. Kart balansı 2 üsulla artırmaq olar. Birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə artırıla bilər. Əgər kart kabinetə əlavə edilərsə, daha operativ ödəniş etmək imkanı yaranacaq.

Ödənilən məbləğ kartın balansına bir saat ərzində oturur. Növbəti problem də elə burada baş verir. Belə ki, kartın balansı onlayn artırıldığı zaman məbləğin karta dərhal yüklənməməsi vətəndaşlar arasında narazılığa səbəb olur. Çünki belə vəziyyətdə sərnişin dayanacağa yaxınlaşıb kartının balansını yerindəcə artırmaq istəyərsə, dəqiqələrlə dayanıb balansa pulun yüklənməsini gözləmək məcburiyyətində qalacaq. 

Eyni zamanda, şəxsi kabinetdə kartın balansındakı məbləğ də göstərilmir. Bu kimi hallara görə "BakıKart"a onlayn pul yüklənilməsi heç də əlverişli deyil. Çünki nəqliyyat vasitəsi vətəndaşı gözləmir. Bir sözlə, məsələ ilə bağlı hər iki aidiyyəti qurumdan hazırkı vəziyyətin aradan qaldırılması üçün görüləcək işlərlə bağlı cavab almağa çalışsaq da, təəssüf ki, cəmiyyəti maraqlandıran məqamlara aydınlıq gətirilmədi. Belə görünür ki, hər kəs bu günün nadir tapıntısı olan ödəmə terminallarından əlini üzməlidir. Əks halda sərnişin əlindəki kartla gününü yükləmə aparatlarının axtarışında keçirməli olacaq. 

Həsən Məmmədov
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar