Dekabrın 3-dən 4-nə keçən gecə Gəncədə yenə itləri kütləvi şəkildə güllələyiblər. Türkiyə vətəndaşı hadisənin şahidi olub, o, baş verənləri nəinki videoya çəkib, həm də gördüklərindən sarsıntısı haqqında şərhi ilə sosial şəbəkələrdə dərc edib.
Kadrlarda Gəncədə məşhur olan şəhər İH-nin ştatdankənar, itləri güllələmək tapşırığını yerinə yetirən işçisi Firudin Sadıxov var. Gəncə İH onunla əlaqəsini inkar edir, lakin o, İH-nin tapşırıqlarını yerinə yetirdiyini inkar etmir. Ancaq o, yaşayış məntəqəsində odlu silahdan atəş açmağın cinayət olduğunu, quşların da digər heyvanlar kimi qanunla qorunduğunu başa düşmədən, bu dəfə qarğaları güllələdiyini uydurub. Sadıxovun adı hökumətyönlü reportajda yer alır və o, "şəhərin sanitarı" kimi qələmə verilir.
Gəncə Şəhər Təmizlik İdarəsinin baş mühəndisi Eldəniz Yusifov itlərin - gündə 10-12, ayda 400 itin öldürülməsini doğru hesab edir.
Lakin elə həmin Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Almaniyanın Tierschutz Entwicklungshilife e.v. təşkilatı ilə birlikdə küçə itlərinin sterilləşdirilməsi, inventarlaşdırılması və müalicəsi üzrə kütləvi aksiya keçirib. Aksiyada Kənd Təsərrüfatı Universitetinin baytarlıq fakultəsinin tələbələri və hətta icra başçısı Niyazi Bayramov da iştirak edib. Onlar Almaniya, Avstriya və Rusiyadan gələn mütəxəssislərin işini müşahidə ediblər. Aksiya hökumət agentliyində işıqlandırılıb.
Heyvan müdafiəçisi Fərid Mənsurov Turan-a müsahibəsində Azərbaycanın bütün şəhərlərində küçə heyvanlarına vəhşi münasibətdən qəzəbini ifadə edib. O, həddindən artıq "yüngül və işləməyən qanunu" - AR CM-in heyvanlarla amansız rəftara görə cəmi 500 manat cərimə nəzərdə tutan 274-cü maddəsini xatırladıb. Və küçə itlərinin güllələnməsinin qadağan edilməsi haqqında Azərbaycanın da qoşulduğu beynəlxalq sənədi - 2007-ci il tarixli Avropa Konvensiyasını yada salıb.
Turan İnformasiya Agentliyi