Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

‘Sea Breeze’dəki dava-dalaşda bu məmurların övlad və qohumları olub

12-12-2023, 08:35   



Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində kütləvi davaya görə indi iki ayrı məhkəmə gedir və xeyli adam həbs olunub. Hakim önünə çıxarılanlar arasında bir sıra yüksək vəzifəli şəxslərin övladları, qohumları da var.

Hər iki iş üzrə araşdırmalar Sabunçu rayon Məhkəməsində aparılır. Bu məhkəmə proseslərindən birində 4 nəfər təqsirləndirilən şəxs var: Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cu sinif şagirdi M.Ə.

Sadalanan 4 nəfərdən məktəbli haqqında istintaq və məhkəmə dövrü üçün həbs qətimkan tədbiri seçilməyib. Digər 3 nəfərsə həbsdədir.

İki nəfər – Elnur MəmmədovCavad Muradov zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında iddia olunur ki, E.İsmayılov və onunla birlikdə mühakimə edilən 3 nəfər “Sea Breeze”də dava salaraq, adları çəkilən iki zərərçəkmişi döyüb.



Təqsirləndirilənlər ittihamı qəbul etmirlər. E.İsmayılov istisna olmaqla, qalan 3 təqsirləndirilən deyir ki, “Sea Breeze”də dava başlarkən, heç biri orada deyil, Elmirin qardaşı Elgün İsmayılovla birlikdə Mərdəkanda restoranda olublar:

“Qardaşı Elgünə zəng elədi ki, gəl, məni xəstəxanaya apar. Biz də eşitdik, Elgünlə birlikdə “Sea Breeze”ə gəldik”.

Təqsirləndirilən şəxslər davanın başlamasına görə zərərçəkmiş Elnur Məmmədovu günahlandırırlar. Deyirlər ki, o, içkili vəziyyətdə söyüş söyüb, davaya başlamasaydı, bütün bu hadisələr də yaşanmayacaqdı. Onlar ittihamda hadisənin əslində olduğundan fərqli göstərilməsinə də etiraz edərək deyirlər ki, müstəntiq onları təqsirli göstərməkdən ötrü olub-bitəni təhrif edib.

Təqsirləndirilən məktəbli də ifadəsində bu işin istintaqını aparan Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqini ittiham edib. O deyib ki, müstəntiq ona təzyiq göstərərək, ifadə verərkən söyləmədiyi fikirləri yazıb. Onun sözlərinə görə, dindirilərkən, valideyni yanında olmayıb. Üstəlik, ifadəsini də oxumadan imzalayıb:

“Mənə dedi ki, “bura qol çək, evinizə gedəcəksən”. Mən də qol çəkdim. Amma buraxmadı, iki gecə, üç gün müvəqqəti saxlama təcridxanasında qaldım”.

Qanuna görə, yetkinlik yaşına çatmayan şəxs dindirilərkən, yanında valideyni, yaxud da qanuni təmsilçisi olmalıdır.

Müstəntiqin ünvanına səslənən ittihamlarla bağlı prokuror təklif edib ki, onu çağırıb dindirsinlər, amma vəkillər buna qarşı çıxıb. Onların fikrincə, müstəntiq hansısa qanun pozuntusuna yol veribsə də, gəlib məhkəmədə bunu etiraf eləməyəcək.

Bununla belə, hakim müstəntiqi çağırıb dindirmək qərarı verib. Müstəntiq Əlibala Hacıyev“Sea Breeze”dəki dava ilə əlaqədar dekabrın 12-də məhkəmədə ifadə verəcək.



Bu məhkəmə prosesinə zərərçəkmiş qismində qatılan C.Muradov “Sea Breeze”dəki dava ilə bağlı digər məhkəmə prosesində təqsirləndirilən şəxsdir. O, Şamxal Məmmədovla birlikdə mühakimə olunur. Onlar da həbsdədir.

Bu biri məhkəmədə təqsirləndirilən şəxslərdən E.İsmayılov, P.Vəlizadə və M.Həsənzadə isə orada zərərçəkmiş qismindədir. Üstəlik, Elmirin qardaşı Elgün İsmayılov da zərərçəkmiş qismində tanınıb.

Hər iki məhkəmə prosesində təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsilə ittiham verilib. Bu maddənin sanksiyasında 2 ilədək islah işləri, yaxud 3 ilədək azadlığın məhdudlaşdırılması və ya həbs cəzası nəzərdə tutulub.

Məhkəmə önünə çıxarılanlardan Elmir və Elgün İsmayılov qardaşları Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri olmuş Üzeyir İsmayılovun övladlarıdır. Onlar eyni zamanda, 2006-2018-ci illərdə Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovun qohumlarıdır. İsmayılov qardaşlarının əmisi Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun kürəkənidir.

Bir məhkəmədə zərərçəkmiş, digərində təqsirləndirilən C.Muradovun atası Vahid Muradov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisidir.

Təqsirləndirilən şəxslərin “Sea Breeze”dəki davanın başlamasına görə günahlandırdığı Elnur Məmmədovun atası Leysan Məmmədov Minatəmizləmə Agentliyində Aparat rəhbəri, daha sonra paytaxtın Binəqədi rayonunda icra başçısının birinci müavini olub. Bu ilin aprelində icra başçısının müavini vəzifəsindən çıxarılan Məmmədov bir sıra böyük tikinti layihələrinə rəhbərlik edir.


Azadlıq Radiosu


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar