AĞ EV — Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə bərabər Birləşmiş Ştatların Ukraynaya Rusiya təcavüzünə qarşı savaşmaq məqsədilə $61 milyard dollar ayırması üçün müraciətlə çıxış ediblər. Belə ki, hazırda yardımın təsdiqi Konqresin razılığını tələb edir.
2022-ci ilin əvvəllərində Rusiya ölkəsinə hücum edəndən bəri Baydenlə bir neçə dəfə görüşmüş Zelenski Ukrayna ərazisinin hər hansı bir hissəsinin Rusiyaya verilməsi anlayışını qətiyyətlə rədd edib.
“Səmimi desəm, bu, sərsəmlikdir,” Zelenski deyib. “Bilmirəm, bu kimin fikridir, ancaq mənim bu cür adamlara sualım var: Onlar öz övladlarını terroristlərə bağışlamağa hazırdırlarmı? Məncə yox.”
Bayden da Ukraynanın qələbəsinə səsləyərək Moskva ilə danışıqlara getmək ideyasını kənara itələyib.
“Biz səy göstərməliyik ki, Putinin Ukraynadakı uğursuzluqları davam etsin və Ukrayna müvəffəq olsun,” Bayden deyib.
Respublikaçılar Ukraynaya ayrılan vəsaitə “düzgün nəzarət” edilməsini istədiklərini deyirlər və onlar “strategiyanın aydın formalaşdırılmasını” görmək istəyirlər.
Bu arada Bayden Konqresi yardım paketini təsdiqləməməklə Moskvanın əlinə oynamaqda ittiham edir.
“Kremlin idarə etdiyi şounun aparıcısı deyir, 'Respublikaçılara afərin. Bu, bizim üçün yaxşıdır,'” Bayden deyib.
“Əgər səni rus propaqandistlər alqışlayırlarsa, onda ola bəlkə öz hərəkətlərini yenidən düşünməyin vaxtı yetişib. Tarix azadlıq amalına arxa çevirənləri sərt mühakimə edəcək.”
Rusiya xarici işlər nazirliyi Zelenskini Vaşinqtona “yalvarmaqda” ittiham edərək onu Amerikanın marioneti adlandırıb.
Eyni zamanda Birləşmiş Ştatlarda vergivericilər Ukrayna ilə bağlı yorğunluq nümayiş etdirirlər. Bəzi Respublikaçılar ABŞ maliyyə vəsaitlərinin üçdə birinin birbaşa silahlara yox, hökumət yardımına xərclənməsini sual edir.