Hazırda beynəlxalq ekspertlər Ukrayna-Rusiya müharibəsi ilə bağlı ziddiyyətli proqnozlar verirlər. Ekspertlərin, politoloqların arasında müharibənin gələcək perspektivinə dair yekdil fikir yoxdur.
Qərb isə birmənalı bildirir ki, Ukraynanın bu müharibədə məğlub olmasına imkan verməyəcək. Məğlub olmamaq həm də qalib gəlmək anlamına gəlir. O zaman Ukrayna məğlub olmayacaqsa, deməli qalib gələcək? Əgər belədirsə, Ukraynanın zəfərinin ssenarisi necədir?
Sözsüz ki, Donbasın və Krımın geri qaytarılması ukraynalılar üçün ən uğurlu ssenari olardı. Hələ bu ilin yayında Ukrayna ordusu əks-hücuma keçəndə ukraynalılar payıza kimi Krımı işğaldan azad edəcəklərini söyləyirdilər. Ancaq minalı sahələr, silah-sursat təminatının, hərbi aviasiyanın zəifliyi özünü göstərəndən və xeyli itki verəndən sonra anladılar ki, bu cür taktika işə yaramır. Nəticə isə budur ki, indiki durumda Ukrayna üçün ən məqbul ssenari qalib gəlməkdən çox ağır məğlubiyyətə uğramamaqdır. Bəs bu, nə anlama gəlir?
Ukrayna bütün cəbhə boyu müdafiəyə çəkilmək taktikasına keçərsə və möhkəmləndirilmiş istehkamlar yaradarsa, Rusiyanın onu məğlub etməsi müşkülləşəcək. Ancaq Ukrayna hakimiyyəti hələ bu günə kimi böyük strateji plan hazırlamayıb. Əgər onlar müharibəni Qərblə Rusiya arasında qarşıdurma hesab edirlərsə, dərindən yanılırlar. Ukraynalılar həqiqətin nədən ibarət olduğunu başa düşməli və bilməlidirlər ki, NATO üçün Rusiya dəhşətli rəqib deyil. Bəli, ilk baxışda elə görünə bilər ki, ABŞ başda olmaqla Qərb dünyası Ukraynada Rusiya ilə geostrateji mücadiləyə girişib və Moskvanı tezliklə diz üstə çökdürmək istəyir. Əslində isə Rusiyanın potensialı qəsdən şişirdilir.
Məsələn, indi dəbdə olan “Qlobal Cənub” kimi terminlər real mənzərənin gizlədilməsinə xidmət göstərir. Belə ki, həmin “Qlobal Cənub”un nümayəndələri hesab edilən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər Amerikanın qorxusundan İsrail-Həmas qarşıdurmasında səslərini çıxara bilmirlər. Rusiyanın bu ölkələri öz orbitinə qatması barəsində yazılanlar isə Qərb KİV-lərinin ümumi izah standartına daxildir. Sadəcə, Ukraynaya ciddi və hərtərfli şəkildə yardım etmək istəmirlər. Əlbəttə, bundan sonra da Qərb Rusiyanı özbaşına buraxmayacaq və nəzarətdə saxlamağı bacaracaq, ancaq eyni zamanda ona SSRİ-nin aqibətini yaşatdırmaq istədiyini də söyləmək olmaz.
ABŞ-nin Ukraynaya 61 milyard dollarlıq yardımının qanunvericilər tərəfindən əngəllənməsi Rusiyanı həvəsə gətirib və onlar fikirləşirlər ki, Vaşinqton Ukraynaya silah verməzsə, istədiklərinə tam nail ola biləcəklər. Heç şübhə yoxdur ki, ABŞ Ukraynanı silah, sursat və texnika ilə təmin etməzsə, ruslar böyük üstünlük qazanacaqlar. Amma müharibənin uzanması barəsində səslənən fikrlərin də zəmini var.
Biz bu müharibəyə əsas etibarı ilə Rusiyanın imkanları kontekstindən yanaşmalıyıq. Ukraynaya müdaxilə etdikdən sonra Rusiya ordusu vəziyyətə uyğun olaraq bir neçə dəfə struktur dəyişikliyinə gedib. Kreml 2022-ci ildəki səfərbərliyin ictimai narazılığa səbəb olmasından dərs çıxardı və taktikanı dəyişdi. Hal-hazırda Ukraynada döyüşənlərin əksəriyyəti ordu ilə müqavilə bağlamış muzdlulardır.
Rusiya insan resursuna arxalanır
Vladimir Putinin müharibədəki vəziyyətlə bağlı verdiyi məlumatlardan bəlli olur ki, Rusiyanın itkiləri gözlənildiyi kimi, çoxdur. Qərb mətbuatının ümumi hesablamasına görə Rusiya ölü və yaralı sayı ilə birlikdə 363 min əsgərdən məhrum olub.
Putinin dediklərinə nə dərəcədə inanmaq olar və o, tam həqiqəti söyləyirmi? Yoxsa, rəqəmlər onun səsləndirdiyindən də böyükdür?
Ola bilər ki, Putin “Vaqner”in və qondarma Luqansk və Donetsk “respublikaları” silahlı qüvvələrinin verdikləri itkilər tam olaraq hesaba qatmayıb. Yəqin ki, Putin onları heç itki də saymır. Amma hər halda Donbasdakı silahlılar bu müddət ərzində Rusiya ordusunun yükünün xeyli hissəsini öz çiyinlərində daşıyıblar. İndi artıq onların mövcudluğu kimsəni maraqlandırmır. Elə ona görə də Donbas separatçıları Kremldən şikayət edir, vay-şivən qoparırlar ki, bəs artıq bizə sahiblənən yoxdur. Görəsən, onlar nə gözləyirmiş? Rusiya üçün Donbas əhalisinin qurban verilməsi adi bir haldır.
Putin seçki öncəsi xalqa sanki hesabat verirmiş kimi deyib ki, hər şey qaydasındadır və onlar 486 min müqaviləçi toplayıblar, hazırda Ukraynada 617 min əsgər var. Beləliklə, Rusiya artıq müzdlu orduya keçir. Sözsüz ki, bunun müsbət və mənfi tərəfləri var. Həmin müqaviləçilərın əksəriyyəti Rusiyanın iqtisadi cəhətdən ən geridə qalmış depressiv regionlarından cəlb olunub.
İnsanlar pul xətrinə həyatlarını riskə atırlar ki, bu da onların həyat və mədəni səviyyəsini göstərir. 145 milyonluq Rusiyada əhalinin təxminən 25 fazinin güzəranı orta sinfə uyğun gəlir. Onlar da əsas etibarı ilə ölkənin Avropa hissəsində, sənaye mərkəzlərinə yaxın yerlərdə yaşayanlardır.
Putin bunları niyə söyləyib?
Putinin əsgər itkiləri barəsində soyuqqanlı fikir bildirməsi təsadüf sayıla bilməz. Heç şübhəsiz ki, arxa planda müəyyən hesablar dayanır və böyük ehtimalla Rusiya Prezidenti itkiləri gizlətməməkdə aşağıdakı məqsədləri güdür.
1) O, bununla ukraynalıları qorxudur və demək istəyir ki, siz də bu qədər itki vermisiniz, hələ üstəlik müharibə də bitməyib.
2) Putin “bizim insan resursumuz çoxdur, bundan da artıq itki verməyə hazırıq”- mesajını verir.
3) Kreml Rusiya əhalisini psixoloji cəhətdən uzunmüddətli müharibəyə və hər il 100 min əsgər ölümünə hazırlayır.
4) Taqətdən salma müharibəsində məhz Rusiyanın qalib gələcəyinə əminliyini Qərbə və rus xalqına nümayiş etdirmək istəyir.
Qərbin Ukraynaya yardımı gecikdirməsi və ya silah tədarükünün yerinə yetirilməsi ilə bağlı ortaya atdığı müxtəlif səpkili bəhanələr Rusiya rəhbərliyini cəsarətləndirir. Hamı anlayır ki, Rusiya müharibədə canlı qüvvəsini əsirgəməyəcək.
Rusiya Donetsk vilayətinin yerdə qalan ərazisini və eləcədə də Xarkov və Sumı vilayətlərinin tamamını işğal etmək niyyətindədir. Əslində, bunu Putin öz çıxışında da izhar edib. O, deyib ki, sülh yalnız biz məqsədlərimizə çatandan sonra bərqərar olacaq. Onların niyyəti isə Ukraynanın şərqini bütünlüklə ələ keçirməkdir. Bəzi Qərb KİV-ləri 2024-cü ilin Ukrayna üçün çox ağır olacağından, Rusiyanın güclənəcəyindən, Dnepr və Xarkov şəhərlərini tutacağından yazırlar.
Bir daha qeyd etmək lazımdır ki, ABŞ Ukraynaya yeni yardım zərfini təsdiq etdikdən sonra Rusiya yenidən çətin duruma düşə bilər. Bu gün nədənsə cəmi 30 min əhalisi olan Avdeyevka uğrunda döyüşlərdə rusların böyük itkilərə məruz qalmasından danışan azdır. Güclü müdafiə qurğularına malik bu şəhəri hələ də zəbt edə bilməyən və bu istiqamətdəki hücumlar zamanı azı 6000 əsgəri öldürülmüş, 15 min əsgəri isə ağır yaralanmış Rusiya ordusu böyük şəhərləri necə işğal edəcək? O zaman gərək ruslar indiyədək verdiyi itkilərdən bəlkə də 10-15 dəfə artıq itki versin. Belədə isə Rusiyada ordudan əsər-əlamət qalmaz. Bəs Putin nəyə arxayındır?
Əsas səbəb Qərbin Ukraynanın arxasından çəkilməsi perspektividir. Yoxsa, Rusiyanın canlı qüvvəsi sonsuz deyil və hər şey kimi onun da müəyyən həddi var. Hərbi ekspertlərin fikrinə görə, ukraynalıların itkisi ruslardan təxminən dörd dəfə azdır. Ona görə də müharibənin müqəddəratı ABŞ "dərin dövləti"nin strateji planından asılıdır. Heç şübhəsiz ki, 2024-cü ildə bu müharibənin müqəddəratı ilə bağlı mənzərə daha aydın görünəcək.
Vaqif Nəsibov
“AzPolitika.info”