“Çıxış yolu yalnız odur ki, Prezident qəbul olunmuş bu qanuna veto qoysun”

23-12-2023, 09:18   


Milli Məclisin dekabrın 5-də  keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsinə əsasən, 2024-cü ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərindən 5 faiz yox, 20 faiz vergi ödəyəcəklər. Başqa sözlə, onlar üçün 75 faizlik vergi güzəşti tətbiq olunmayacaq.

Qeyd edək ki, bundan əvvəl qüvvədə olan Vergi Məcəlləsinə əsasən, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad idi.

Təklif edilən dəyişikliyə görə isə müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq.

Bu dəyişikliklər mikrosahibkarlara necə təsir edəcək?

Maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı ASTNA-ya danışıb.

* * *

Sual: Əkrəm bəy, Vergilər Məcəlləsinə mikrosahibkarlıq subyekti üzrə nəzərdə tutulmuş dəyişiklik vergilərin 4 dəfə artırılmasını nəzərdə tutur. Sizcə, bunu mikro-sahibkarlıq subyeklərinin sıradan çıxarılması kimi qiymətləndirmək olarmı?

Cavab: Bəli. Bir tərəfdən, Rəqabət Məcəlləsi təsdiq olundu. Digər tərəfdən isə qismən rəqabət qabiliyyətli olan mikrosahibkarlıq sıradan çıxarılır.

Sual: Yeni dəyişikliyə görə mikro-sahibkarlıq subyektləri azı 3 əlavə işçi saxladıqları şəraitdə güzəştdən istifadə edə biləcək. Sizcə, mikrosahibkarların hamısının 3 əlavə işçi saxlaması mümkündürmü?

Cavab: Əlbəttə ki, yox. Mikrosahibkarın mahiyyətinə uyğun xalis qazancı da azdır. Bir qayda olaraq, fərdi sahibkardır. Üç işçini necə saxlasın axı. Bu istisna ilə layihə müəllifləri xalqla sanki məzələnir.

Sual: Məsələn aylıq 500 manat gəliri olan mikrosahibkar sosial təminat və icbari tibbi sığorta da daxil olmaqla 200 manat vergi ödəməli olacaq. Bu artıq gəlirin 40 faizinin itirilməsi deməkdir. Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

Cavab: Hazırkı durumda çıxış yalnız ondadır ki, Prezident qəbul olunmuş bu qanuna veto qoysun. Qoymasa, mikrosahibkarlıq aradan gedəcək, ölkə iqtisadiyyatının təmərküzləşməsi prosesi sürətlənəcək. İri holdinqlər o qədər harınlayıb ki, hər sahədə, ən kiçik biznesdə belə gözləri var.

Sual: Bir sıra mikrosahibkarlar xidməti müqavilə əsasında işləyirlər və onlar əlavə işçi götürmək hüququna malik deyil. Məsələn, xidməti müqavilə ilə fəaliyyət göstərən jurnalistlərə, xidmət sahəsinin işçiləri, onların vergi öhdəliyi necə olacaq? Güzəştlərdən istifadə onlara necə tətbiq oluna bilər?

Cavab: Heç bir istisna yoxdur. Media biznesini də eyni aqibət gözləyir.

Sual: Sizcə, mikrosahibkarlıq subyektlərinə qarşı vergi yükünün 4 dəfə artırılması yenidən vergidən yayınma risklərini artırmırmı?

Cavab: Vergidən yayınma cəhdləri onsuz da var. Bir qədər arta bilər. Amma çox yox. Çünki paralel vergi inzibatçılığı da sərtləşdirilir.

Sual: Bu yanaşma qeyri-leqal sahibkarlığın artmasına gətirib çıxara bilərmi?

Cavab: Böyük ehtimalla yox. Çünki qeyd etdiyim kimi paralel vergi inzibatçılığı da sərtləşdirilir. Ümumiyyətlə, layihənin ən mənfi yeniliyi heç də mikrosahibkarlığın məhvi deyil. Ən ciddi problem Vergi Məcəlləsinin 16.1.11-14-cü maddəsinə vergi ödəyicisinin bu vəzifəsinin təsbit olunmasıdır:  “təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək”. Yəni bir sahibkar əməkdaşlıq etdiyi digərinə nəzarət etməlidir. Faktiki olaraq vergi orqanı öz işini biznesin üzərinə atır. Məsələn, tutaq ki, media qurumu dəftərxana ləvazimatı alır. Bundan əvvəl araşdırmalıdır ki, satıcının maliyyə vəziyyəti nə yerdədir, ondan aldığı malı haradan və necə əldə edib, fəaliyyəti üzrə kifayət qədər işçisi varmı və s. və i.a. Bir sözlə, “due diligence” (vicdanı borc bilmək) aparmalısan. Yəni hamı detektiv olmalıdır. Çünki qanuni və birbaşa yollarla bu məlumatlar üzrə dolğun məlumatları əldə etmək mümkün deyil. Əməkdaşlıq etdiyin şirkətin sənədlərinə də etibar edə bilməzsən: bəlkə səni aldadır?! Bir sözlə, sabah məlum olsa ki, qələm-dəftər aldığın şirkət vergi orqanının qara siyahısındadır, sənə də irad tutacaqlar, nə bilim, guya əmtəəsiz əməliyyat aparmısan, dur gəl indi əlavə vergi ödə. Ümumən bu işi tam şəkildə heç orta biznes də apara bilməyəcək. Bunun üçün nə qədər əlavə işçi saxlamaq lazımdır. Deməli, tədricən, kiçik və orta biznes də qara siyahıya düşüb sıradan çıxacaq. Vergi orqanı yeri gəldi gəlmədi onlara ilişəcək. Zatən indi də ilişir. Bundan sonra isə formal əsas olacaq. Yekunda ölkədə ancaq iri biznes qalacaq. Odur ki, ən qorxulu yenilik budur. Bu yeniliklə ölkədə olan qalan normal biznes də çökəcək.

Sual: Bu sahədə daha dəqiq kriteriyalar tətbiq etmək mümkündürmü?

Cavab: Sağlam yanaşma olsa mümkündür, əlbəttə. Lakin sistem problemi var. Sahibkarlığın inkişafına İqtisadiyyat Nazirliyi dəstək verməlidir. Amma onun tərkibində ən güclü qurum Vergi Xidmətidir ki, əsas məramı büdcəni doldurmaqdır. Odur ki, nazirlik maraqlar konflikti şəraitində fəaliyyət göstərir və faktiki iflic vəziyyətdədir. Belə nazirliklə heç nə etmək olmaz.

Sual: Qonşu ölkələrdə mikrosahibkarlıq subyektlərinin vergi yükü necədir? Bu ölkələrdə mikro-sahibkarlığın inkişafı üçün hansı stimullaşdırıcı addımlar atılır?

Cavab: Bir qayda olaraq, onların vergi yükü, hesabatlığı və s. çox sadə və yüngüldür. Bəli, bəziləri bundan sui-istifadə edərək vergidən yayınır. Amma ölkə iqtisadiyyatının inkişafı fonunda bu əhəmiyyətli deyil.

Bizdə də dəyişikliyin əsas məramı vergidən yayınmanın qarşısını almaq deyil, inhisarçılığa töhfə verməkdir. Təsəvvür edin ki, iqtisadi inkişafa məsul olan qurumların məsul vəzifəliləri iri holdinq rəhbərlərininin yaxın qohumlarıdır. Buna görə də bir-birinə pas ötürərək iri oliqarxik biznesin daha da böyüməsinə xidmət edirlər. Xalqa və dövlətə yox.


Kamran Mahmudov

Müxbir

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar