7 fevral 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd Zahid Oruc İctimai Televeziyada 1-ci çıxışını edib. Çıxışın tam mətnini təqdim edirik:
Qalib Millətim!
Sizə on illərlə bu tribunadan müraciət edənlərin hamısı “əziz bacılar və qardaşlar”, “əziz həmvətənlər” deyib. İlk dəfədir, biz qürurla - “qalib millətim” deyə səslənə bilirik. Son 3 ildə qazandığımız parlaq qələbələr xalqımızın çoxəsrlik arzularını gerçəkləşdirdi və bizə yeni milli kimlik qazandırdı. Soyqırımlardan, köçkünlükdən, ədalətsizlikdən şikayət edən bir toplumdan bütün sosial, siyasi və dini fərqləri bir kənara qoyub birləşməyi bacaran “qalib millət”ə çevrildik. Biz düşmənlə savaş səngərinə ləzgi, talış, avar, rus, ukrain, azərbaycanlı kimi daxil olduq, lakin müqəddəs şəhidlərimizin qanı ilə birləşib bütöv millət kimi çıxdıq. Ötən əsrin əvvəllərində bizə həqarətlə “tatarlar, müsurmanlar” deyərdilər. İkinci Dünya müharibəsində 300 min azərbaycanlının həyatını qurban verməsi belə onların rəyini tam dəyişmədi. İndi biz məğlub xalqdan 21-ci əsrin yeganə qalib millətinə çevrilmişik.
İndi hamı deyir: ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu ölkədə ilk seçkilərə gedirik. Bu fikir doğrudur, lakin dəqiqləşməyə, tamamlanmağa ehtiyacı var. Bəli, həqiqətən 1991-ci ilin sentyabrın 8-də ölkəmizdə ilk prezident seçkiləri keçiriləndə artıq “Dağlıq Qarabağ respublikası” yaradılmışdı. Lakin əgər torpaqlarımız işğal olunmayasaydı belə, biz digər sovet respublikaları kimi seçkilərə getsəydik, onda Dağlıq Qarabağ Muxtar Vilayəti və ermənilərin yaşadğı bir şəraitdə seçki keçirməliydik. İndi isə ermənilər ərazini könüllü tərk ediblər və Dağlıq Qarabağ adlı qurum da yoxdur. Biz 100 ilə əvvəl – 1920-ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də, çünki ermənilər onda da müəyyən sayda Qarabağda vardılar. Rusiya imperiyasının tərkibində olduğumuz dövrlə heç oxşarlıq yoxdur, çünki onda vahid və müstəqil dövlətimiz mövcud deyildi. Bəli, gördüyümüz kimi Azərbaycanın varlığı, mövcudluğu tarixində ilk dəfə millətimiz ermənilərsiz və işğalsız öz müstəqil iradəsi ilə gələcəyini, taleyini müəyyən edir. Təkcə müstəqilliyi deyil, varlığı tarixində...
90-cı illərdən sonra bütün seçkilərdə nəinki namizədlərin, hər bir azərbaycanlının dediyi milli problem: “Qarabağ”, məcburi köçkün” öhdəliyi yer almır, hamının çiynindən o yük götürülüb. Bu seçkilərə qədər Qarabağda Azərbaycanın prezidenti seçilməyib, indi seçiləcək rəhbər Qarabağın da Ali Baş Komandanı olacaqdır! Yeni dövr ikinci buna görə fərqlidir.
Otuz il biz müharibə şəraitində yaşamışıq. Biz xalq olaraq, atəşsiz, yeni qaçqınsız dinc quruculuğun nə demək olduğunu yalnız indi görürük, yaşayırıq. İndi hər iki dövlətin orduları kazarmalarına qayıdıb və ilk dəfədir, atışmalarsız, itkilərsiz bir ili - 2024-cü ili başlayırıq. Qarabağ təkcə ərazi problemi deyildi, həm də daxildə hakimiyyət uğrunda mübarizələrin, dövlət çevrilişlərinin əsas vasitəsiydi, o cümlədən siyasətə hamı Qarabağ dalğasında gəlirdi. Nəinki siyasətçilər, eləcə də partiyaların mütləq əksəriyyəti torpaqlarımızın işğalına qarşı mübarizə adı ilə meydana çıxmışdılar. Mən sizə 3 partiyanın - Milli İstiqlal, Müsavat və Yeni Azərbaycan partiyalarınn proqramını nümayiş etdirirəm. Onların hamısı ərazi bütövlüyü vəd edirdi. İndi bütün proqramlar millətimizin önündə sıfırlanır və yeni hədəflər, ideyaların yazılması tələb olunur.
2024-cü ildə dünyanın 78 ölkəsində 83 milli seçki keçiriləcək. 2048-ci ilə qədər bu sayda qlobal miqyasda seçkilər olmayacaq. Ötən ilin dekabrında cəmi bir ayda seçki keçirəcək ölkələrin sayı 24 ədəd vahid artıb. Seçkilərdə dünya əhalisinin yarısı - 4 milyard nəfəri iştirak edəcək. Beləliklə, qlobal təhlükəsizlik böhranı və qeyri-sabitliyi şəraitində seçkilər dövlətlərin, ideologiyaların və liderlərin dünyanın təzədən bölüşdürməsi, yeni təhlükəsizlik sisteminin qurulmasının tərkib hissəsidir. Azərbaycanın bu marafonda ön sırada olması dövlətimizin sabahkı təhlükəsizlik və dünya nizamının qurulması üçün çox önəmlidir. Əgər ölkəmizdə seçkilərin vaxtı önə çəkilməsəydi, sülh müqaviləsini qazanmaq mümkün olmayacaqdı. Müharibədəki qələbəsini rəsmiləşdirmək istəyən qalib dövlətin davranışı düzgün addım idi. Lakin 7 fevral Zəfər seçkilərini 90-cı illərin növbədənkənar seçkilərindən fərqləndirən əlavə bir səbəbi də göstərmək istərdik.
Əgər 1992-ci ildə Xocalı itiriləndən, soyqırımdan sonra hakimiyyət böhranına görə növbədənkənar seçkilər keçirilirdisə, indi Xocalı azad olunduğu üçün soyqırımdan xilas olan millət öz gələcəyini müəyyənləşdirir. Hansı millətin taleyində belə bir hadisə baş versəydi, o öz dövlətçiliyini, müstəqilliyni, azadlığını, bütövlüyünü - yeni eranı həmin gündən hesablayardı. Axı Xocalı bizim hər birimizin kədər və nisgil yerimiz idi. İndi qələbə yerimizdir və xalqımızın üzərində o məğlubiyyət səhifəsi deyil, biz onu azad etmişik, ayaga qalxıb düşmənə layiqli zərbə vurmuşuq.
Bax Qələbəmizin əzəməti bundadır. Bəli, bizim tariximizdə müharibədə məğlub olan liderlərin bu dövlətə rəhbərlik etdiyi dövr çox olub. İndi tarixdə ilk dəfədir ki, müharibənin qalibi bu dövlətə başçılıq edir.Lakin biz hamımız qalibik. Burada iqtidar və müxalifət, kasıb və varlı, şərqpərəst və qərbyönümlü fərqinə yer yoxdur.
Biz, yeni dövrü 4-cü Respublika-Azərbaycanın qalib yüz ili adlandırırıq. Çünki nə Cümhuriyyət, nə sovet Azərbaycanı, nə də müstəqil Azərbaycanın son 30 ili...
2020-ci ilin 8 noyabr, 23-cü ilin 20 sentyabrından sonra biz hamımız yeni-fərqli bir xalqa çevrilmişik...
Dövlətimiz də, vətəndaşımız da yenilənib. Ona görə də hərbi möcüzəni yaradan xalq, onun gənclər ordusu iqtisadi, idarəetmə, siyasi, sosial, təhsil, səhiyyə möcüzələrini də yaratmağı bacaracaqdır. Yetər ki, uğurlarımızı davam etdirək. Ona görə də biz təklif edirik ki, 44 günlük proqramlar qəbul edək. Elə proqramlar ki, səhiyyəmizə imkan versin ki, Şuşa yüksəkliyində ayaq üstə sağlam dayana bilsin. Təhsilimiz Zəfər təhsili olsun. Vətəndaşlarımız məğlub dövrlə qalib vaxtda yaxşı yaşadığının fərqini hər gün hiss etsin. Onun üçün də 7 fevral tarixi seçkilərdən çox ordumuzun Xankəndi paradının davamıdır. Biz Xocalıya, Xankəndinə, Şuşaya, azad torpaqlara səs verəcəyik. Gördüyünüz kimi, belədə hamınız namizədsiniz.
Biz sizə gələcəkdən danışacagıq. Biz təkcə kimə deyil, həm də hansı sabaha, hansı milli ideyaya səs verəcəyimizi həll edirik. İndi dünyada onlarla dövlət taleyini qutuda deyil, səngərdə həll olunur. Bizsə səngərdə birləşən səsimizi 7 fevrala daşımağı bacarmalıyıq!
Biz ilk dəfədir qalib başlayırıq. Həmişə dövlətçiliyimiz faciədən sonra seçimə məcbur olub. Çar Rusiyası İranla savaşıb biz itirmişik. Sonra Cümhuriyyət və Sovetlər qurulub yenə uduzmuşuq, sonra SSRİ-i çöküb, yenə ortada torpaq, əhali və sərvətləri əldən gedən biz olmuşuq... İlk dəfədir, biz start vəziyyətində qələbə ilə başlayırıq... Biz 7 fevralı ölkəmizin tarixində bütün seçkilərdən onunla fərqləndiririk ki, burada parçalanmanı, qarşıdırmanı gücləndirmək deyil, birliyi, səfərbərliyi və gələcəyimiz üçün vahid bir platformada bir millət paradına çevrilməyi bacarmalıyıq. İnanırıq ki, bacaracağıq!
Bizim iki şüarımız var - Qalib Gələcəyə səs verin! Bəli, məğlubiyyət dövrü artıq qapanıb. İkinci şüarımız, ən böyük sərvət İnsandır! Neft də, qaz da, bütün təbii nemətlər də xalqımız üçündür. Sərvət millətimizin özüdür.
Mənim arzum budur ki, 7 fevral 8 noyabrın davamı olsun!
Biz inanırıq ki, bir daha işğala məruz qalmayacağıq!
Heç kəs bir daha 30 illik məşəqqətdən sonra çadır şəhərciklərinə dönməyəcəyik!
Bundan sonra Vətənimizdə dünyaya gələn hər bir uşaq qalib ölkədə doğulub, qalib ölkədə yaşayacaqdır!
Gəlin, 7 fevralda Qələbəmizi birlikdə qoruyaq və irəli aparaq!
Pənahəli xandan Cümhuriyyət qurucularına, Nərimanovdan Ulu öndər Heydər Əliyevə qədər hər biri sağ olsaydılar, 7 fevralda onların arzularının, ideallarının həyata keçdiyi bütövlüyə səs verərdilər.
300 illik müharibənin qalibi olan millət öz ölkəsində qanunun, ədalətin də Zəfər çalmasına nail olacaqdır.
Bizim son 30 ildə hər birimizin dediyi “Qarabağ boyda dərdimiz var”, “Qarabağ Azərbaycandır” şüarı müqəddəs olmaqla bərabər, artıq bu ideya tarixə çevrilir. Lakin biz bütün millətimizlə birlikdə gələcək hədəflərimizi düzgün tapmalıyıq. Ermənilərin səhvlərini təkrarlaya bilmərik. Biz ərazilər, işğal xəyalları ilə yaşaya bilmərik. Əlbəttə, Naxçıvan Azərbaycanla birləşəcəkdir, lakin bizim yeni milli ideyamız hərbi Zəfərimiz üzərində qurulmalıdır. Hamı bu uğura möcüzə kimi baxır. Çünki Qəzzada, Yaxın Şərqdə axan qan hələ də davam edir. Bizsə İkinci Dünya müharibəsindən sonra yaponların “iqtisadi möcüzə”sini döyüş meydanlarında qazanmışıq. İndi onu yeni əsrdə - qalib gəldiyimiz 20 senytabrdan sonra yaratmalyıq. Bizim yeni milli ideyamız “Azərbaycan möcüsəsi” adlana bilər. Kimin dilinə bizim ölkəmiz gələcəksə, qoy hamı düşünsün ki, Azərbaycanda belə bir xəyal gerçək olub.