Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Araşdırma: Avropa Parlamentinin latviyalı deputatı Rusiyaya işləyirmiş?

30-01-2024, 10:06   


Avropa Parlamentinin Latviyadan olan deputatı Tatyana Jdanok ən geci 2004-cü ildən Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları ilə əlaqədə olub və onların Avropa İttifaqı ərazisinə gəlmələrinə köməklik edib.

Bu barədə The Insider, Delfi və Re:Baltica media qurumlarının müştərək araşdırmasının hesabatında deyilir.

Təhqiqatçılar Jdanokun FTX ilə əməkdaşlıq etdiyini deputatın elektron poçt yazışmasından aşkar ediblər.

Məktubların mətnindən aydın olur ki, Jdanok 2005-ci ildə, artıq Avropa deputatı olandan sonra FTX-nin Sankt-Peterburq idarəsinin əməkdaşı Dmitri Qladeylə əlaqədə olub və onunla müntəzəm olaraq Rusiyada və Avropada görüşüb.

Təhqiqatçılar nümunə olaraq deputatın 8 sentyabr 2007-ci il tarixli məktubuna müraciət edirlər.

İddia edilir ki, Jdanok bu məktubu Qladeylə Moksvadakı görüşündən sonra yazıb. O məktubda Qladeyə “vəd etdiyi informasiyanı” Strasburqdan göndərə bilmədiyinə görə üzr istəyir. Jdanok bunun ardınca Qladeyə gördüyü işlərlə bağlı hesabat verir.


FTX-yə hesabat verirmiş

Məsələn o yazır ki, sovet əsgəri abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı Tallində keçirilmiş etirazlar barədə məsələnin Avropa Parlamentində dinlənməsinə nail olub.

Bundan başqa məktublarından birində Jdanok “Rus məktəbi saatı” adlı radio verilişlərinə başlanması barədə məlumat verir. Bu verilişlərdə valideynlərə uşaqlarını latış dilli məktəblərə göndərmələrinin xoşagəlməz nəticələri barədə “məlumat” verilirdi.

O habelə Avropa Parlamentində “Ruslar Latviyada” adlı sərginin açılmasına nail olmaq istəməsindən yazır.

2010-cu ilin aprelində Jdanok Qladeyə Latviyada Qələbə Gününün qeyd edilməsinə hazırlıq işləri barədə yazırdı.

2013-cü ildə Jdanokun elektron poçtunda daha bir ünvan peyda olur. Təhqiqatçılar düşünürlər ki, Sergey Krasin kimi təqdim olunan şəxs əslində Sankt-Peterburq FTX-sindən Sergey Beltyukov imiş.

Deputat 2014-cü ildə daha bir FTX əməkdaşı – Artyom Kurayevə Avropa Parlamentinə səfər edə bilməsi üçün Şengen vizası almaqda kömək edib.


Avropanın pulu ilə Avropaya qarşı?

Jdanokun özü təhqiqatçılara deyib ki, o Qladeylə 1970-ci illərdə Şimali Qafqazın turist bazalarından birində tanış olub.

Onun sözlərinə görə onlar orada xizək sürməyi öyrənirdilər. Deputat məktubların orjinallığını inkar etməsə də, onları şərh etməkdən boyun qaçırıb.

Təhqiqat müəlliflərindən İnqa Sprinqe CurrentTime telekanalına deyib:

"O Rusiya üçün bu işlərin çoxunu Avropa İttifaqının pulu ilə görüb. Biz, məqsədi cəmiyyətimizi parçalamağa, yerli rusların incidilməsi və Baltikada faşizmin baş qaldırdığına dair yalanları yaymağa yönəlmiş bütün bu sərgilər, konfranslar üçün vergimizdən pul ödəmişik”.

Latviya təhlükəsizlik xidmətindən jurnalistlərə deyiblər ki, Jdanokun məktubları qanunun pozulması iddiasının yoxlanması üçün təhlil edilə bilər.

Jdanokun Avropa Parlamenti deputatı kimi səlahiyyətləri bu il başa çatır. O Rusiyanın Ukraynaya müdaxiləsini pisləməkdən imtina etdiyinə görə Avropa Parlamentinin Yaşıllar fraksiyasından çıxarılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar