Ukrayna müharibəsində seçim anı - Türkiyə açar ölkə rolunda, Fransa isə...

12-03-2024, 09:35   


Politoloq: “Rusiya növbəti mərhələ üçün bu fürsəti çoxdan gözləyir”

“Rusiya və Ukrayna arasında davam edən hərbi münaqişə dirəniş həddinə çatıb”. Bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan irəli sürüb. Onun sözlərinə görə, iki ölkə silahlı qarşıdurmanı davam etdirməklə böyük nəticələr əldə edə bilməyəcək, ona görə də dinc dialoqun vaxtı yetişib. Nazir əlavə edib ki, Ankara Kiyevi “işğal olunmuş əraziləri tanımağa” deyil, yalnız atəşkəsə nail olmağa çağırır. 

“Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla mümkün əldə edilə biləcək həddə çatıb. Biz hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtıdır. Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın zamanıdır”, - Fidan vurğulayıb. 

Bu arada “Politico” nəşri yazıb ki, Fransa Qərb qoşunlarını Ukraynaya göndərməyə açıq olan ölkələrin ittifaqını yaradır. Martın 8-də Fransanın xarici işlər naziri Stefan Sejurne Litvaya gəlib və burada Baltikyanı həmkarları və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. “Yaxın aylarda və ya illərdə Ukraynaya necə kömək edəcəyimizin Rusiyaya dəxli yoxdur. Bu, Rusiyanın işi deyil. Ona görə də öz aramızda qərar veririk”, - deyə fransalı nazir görüşdən sonra vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron isə ötən həftəsonu bildirib ki, əgər Rusiya qoşunları Kiyev və ya Odessaya girsə, Ukraynaya qoşun göndərmək olar. Bu barədə “İndependent” nəşri məlumat yayıb.

“Makron müdaxiləyə səbəb ola biləcək ssenaridən - yəni cəbhənin Odessaya və ya Kiyevə doğru irəliləməsindən bəhs edib”, - nəşr qeyd edib. 

Hadisələrin bu cür inkişafı mümkündürmü? Bu, NATO-Rusiya hərbi toqquşmasına gətirməzmi? Hərçənd BMT Nizamnaməsinə görə, hər bir ölkənin işğala son qoymaq üçün bir və ya bir neçə dövlətə müraciət edib onlardan hərbi kömək istəmək haqqı var. Bəs Türkiyənin açar dövlət kimi vasitəçilik təklifini tükənmiş kimi görünən tərəflər, nəhayət, qəbul edəcəkmi?

Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev hesab edir ki, Ukraynanın nicat yolu müstəqil qərar verməsindədir: “Əslində Hakan Fidanın təklifi hazırkı durum üçün ən ideal variantdır və Ukrayna bu barədə ciddi düşünməlidir. Çünki güvəndikləri Qərb də, Avropa da əvvəl-axır onları yolun düzündə qoyacaq, əllərini prosesdən çəkəcək və heç nəyin cavabdehliyini daşımayacaq.

Əlbəttə, kaş Ukrayna lap əvvəldən Amerikanın fitvasına uymayaydı, ortalıqda bu qədər itki olmayaydı, o boyda dövlət viran günə qalmayaydı. Amma nə yazıq ki, artıq gecdir. Bunları düşünmək üçün də gecdir, keçmişə nəzərən heyfsilənmək üçün də...

Gedilməməli idi bu kritik müharibəyə. Gedilmişdisə də hansısa məqamda, mərhələdə dayanmaq lazım idi. Və bəlkə də dayanacaqdılar. Fəqət, imkan vermədilər. Rusiyanın zəifləməsində, Ukraynanın məhvində maraqlı olan Qərb dairələri sırf öz maraqları üçün imkan vermədilər. Bundan sonra da imkan verməyəcəklər! Rusiya və Ukrayna liderləri masaya otursalar, razılaşmaya yaxın olsalar, Amerika və müttəfiqləri mütləq bir şəkildə həmin prosesi pozacaqlar. Deyim ki, elə işartılar da indidən görünür. Və ya, diqqət edin: türkiyəli nazir bir tərəfdən dövlətləri sülhə çağırır. Fransalı nazir isə o biri tərəfdən müharibənin dayanmasının qeyri-mümkünlüyü barədə açıqlama verir. Hərgah, həmin müharibə təşviqatçısından bir soruşan lazım ki, bax bunun sizə nə isti-soyuğu var? Niyə yuyulmamış çömçə kimi özünüzü ortalığa atmısız? Niyə odun üstünə benzin tökürsüz? Niyə hər pisliyin, hər provokasiyanın, hər qarşıdurmanın, hər nadürüstlüyün altından siz çıxırsız? Niyə qana, qırğına, skandala bu qədər meyllisiniz?

Göründüyü kimi, Fransa yenə də öz riyakar ampluasına sadiqdir və hər addımı ilə bir daha göstərir ki, sabitliyin yanında olmağa qərarlı deyil. Ukrayna gec də olsa, bu dairələrin təsir dairəsindən çıxmalıdır. Müharibə dayanmalıdır. Üzbəüz oturulmalı, xalqların gələcəyi naminə müdrik qərarlar verilməli, sülhə doğru addımlar atılmalıdır. Eynən, Hakan Fidanın söylədiyi kimi..."

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov atəşkəsin Kremlə sərf etdiyini düşünür: “Türkiyənin Ukrayna-Rusiya müharibəsinin nizamlanmasında önəmli rol oynaya biləcəyi məlumdur. Ankaranın həm Kiyevlə, həm də Moskva ilə yaxşı münasibətləri var və hər iki dövlət başçısı prezident Ərdoğanın avtoritetini qəbul edir. Lakin müharibə artıq elə bir həddə çatıb ki, Ukrayna və Rusiya hansısa güzəştlərə getməyi məğlubiyyət kimi qəbul edir. Mövqelər aydındır, Rusiya təcavüz nəticəsində ələ keçirdiyi əraziləri özündə saxlamaq istəyir, Ukraynanın hədəfi isə ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdir. Belə çox çətin, ziddiyyətli mövqeləri uzlaşdırmaq qeyri-mümkündür. Qərbin bu müharibədə iştirakı Rusiyanın ələ keçirdiyi yüksək rütbəli alman zabitlərinin səs yazılarında bir daha öz təsdiqini tapdı. Aydın məsələdir ki, Qərbin hərtərəfli dəstəyi olmasaydı, Ukrayna Rusiya ordusuna qarşı bu qədər müddətdə dirəniş göstərə bilməzdi. ABŞ və müttəfiqləri müharibənin ilk dönəmlərində Kiyevə yardımları ləngitsə də, həmçinin kiçik partiyalarla bunu həyata keçirsə də, artıq daha çevik hərəkət etmək niyyətlərini ortaya qoymağa çalışırlar. Lakin hücum silahları və hərbi təyyarələrin Ukraynaya tədarükündə yenə də tərəddüdlər özünü göstərir. NATO-nun Ukrayna-Rusiya müharibəsində birbaşa iştirakı vəziyyəti, məncə, daha da gərginləşdirə və təhlükəli fazaya gətirər. Nəzərə alsaq ki, bu zaman nüvə silahının işlədilməsi riski çox yüksək olur. Rusiyanın indiki hakimiyyəti isə belə riski gözə almaya bilər. Çünki Rusiyanın bu müharibədə məğlubiyyəti ilk növbədə Putinin hakimiyyətinin faciəvi sonluğu demək olardı, eyni zamanda Rusiya nəinki dünyanın qütbləşdirilməsi ilə bağlı ambisiyalarını, hətta regiona aktor olaraq mövqeyini itirərdi. Belə sonluğu Rusiya hakim siyasi elitası qətiyyən qəbul etməz. Təəssüf ki, müharibənin indi nizamlanması mürəkkəb olan bir mərhələdədir. Fransa və bəzi Qərb dövlətləri Rusiya ilə ikili oyun oynayır. Bir tərəfdən guya Ukraynaya birbaşa hərbi dəstək göstərilməsinə çağırış etsə də, digər tərəfdən mümkün iqtisadi əlaqələrini bərpa etməyə səy göstərir. İndiki mərhələdə atəşkəs əslində Rusiyanın xeyrinə olardı. Rusiya növbəti mərhələ üçün bu fürsəti çoxdan gözləyir. Özünü toparlayaraq yeni canlı və hərbi qüvvə cəlb etmək Moskvanın planlarına daha uyğundur. Odur ki, zənnimcə, Ukrayna atəşkəs təklifinə elə həvəs göstərməyəcək. Zelenskinin Türkiyə səfəri daha çox hərbi siyasi və digər yardımların artırılması, həmçinin Putinin işğalçılıq niyyətindən əl çəkməsi üçün razı salması baxımından da vacib səfər kimi xarakterizə olunur. Heç kəsə sirr deyil ki, bu gün dünya düzəninə, beynəlxalq hüquq normalarına əhəmiyyət verən yoxdur. Böyük dövlətlər güc amilindən geninə- boluna bəhrələnirlər. Biz bunun acı nəticələrini yaşamışıq”.

Politoloq bir vacib məqama da toxundu: “BMT nizamnaməsinə əhəmiyyət verilsəydi, o zaman işğalçılıq müharibələri də olmazdı. Azərbaycanın BMT-nin qəbul etdiyi 4 məlum qətnaməsi də illərlə havada qalmazdı. Acınacaqlısı odur ki, BMT nizamnaməsini pozanlar elə həmin qurumun Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan dövlətlərdir. Halbuki həmin dövlətlər dünyada sülhün və təhlükəsizliyin qorunmasında birbaşa məsuliyyət daşıyır. Yeri gəlmişkən, Ukraynanın nüvə silahından imtina etməsi və əlində olduğu həmin silahın ölkədən çıxarılması ilə bağlı razılığa gələrkən Ukraynanın təhlükəsizliyinə ABŞ, Böyük Britaniya ilə yanaşı, Rusiya da təminat verib. Məlumat üçün deyim ki, sovetdən miras olaraq Ukraynada 1700 nüvə başlıqlı nüvə silahı qalmışdı və həmin silahlar ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya tərəfindən Ukraynanın təhlükəsizliyinə zəmanət verməklə Rusiyaya təhvil verildi. İndi Ukraynanın təhlükəsizliyinə zəmanət verən Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsi aparır. Belə bir həqiqət var, əksər müharibələr sonra sülhlə bitir. Baxır bu sülh şərtləri tərəflərin necə qane edir və hansı tərəf qazanır. Ümid edirəm ki, təcavüzə məruz qalan Ukrayna ədalətli sülhə nail ola biləcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.