Birləşmiş Ştatların Ukraynadakı səfiri Bricet Brinks bildirib ki, bu yaxınlarda Kiyevdə bir çox ölkələrin milli təhlükəsizlik müşavirlərinin görüşü olub.
Məlumata görə onlar Rusiya ilə müharibənin başa çatdırılması üçün Ukraynanın “sülh formulunu” müzakirə ediblər.
Bu görüşün keçiriləcəyi barədə əvvəlcədən xəbər verilməyib. Amma bu yaxınlarda bir sıra media orqanları ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Kiyevə səfər etdiyini yazmışdılar. Lakin bu xəbərlərdə Sallivanın daha geniş forumda iştirak üçün gəldiyi bildirilmirdi.
ABŞ səfiri martın 21-də Rusiyanın Kiyev üzərinə şiddətli raket hücumunu məhz bu toplantıya “cavab” kimi dəyərləndirib. Bu son 44 gündə Kiyevə ilk hava zərbələri idi.
Səfir Ukrayna hərbçilərinə təşəkkürünü bildirib, beləki raketlərdən biri də hədəfi vura bilməyib.
Bununla belə vurulan raketlərin qırıntıları mülki obyektlərə düşərək ziyan vurub. Xəsarət alanların olduğu xəbər verilir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, raket zərbələri Ukrayna silahlı qüvvələrinin “qərarların qəbul olunduğu mərkəzlərinə” endirilib.
Kiyevdə keçirilmiş bu görüşün təfərrüatları barədə xəbər verilmir. İlk bu qəbildən olan yığıncaq ötən il Danimarkada keçirilmişdi. Bunun ardınca Səudiyyə Ərəbistanı və İsveçrədə də görüşlər olmuşdu.
Belə görüşlərin məziyyətlərindən biri də budur ki, bu tədbirlərdə təkcə Ukraynanı dəstəkləyən ölkələr deyil, həm də neytral, bəzən isə Moskva ilə “isti” münasibətləri olan dövlətlərin nümayəndələri də iştirak edirlər.
Belə bir görüş Ukraynada ilk dəfədir ki, keçirilib.
Ukrayna və onun müttəfiqləri bu il İsveçrədə beynəlxalq sülh sammitinin keçirilməsini planlaşdırırlar. Bu görüşə Rusiya dəvət olunmayacaq.
Kiyevin təklif etdiyi “sülh formulu” Rusiya qoşunlarının Krım da daxil Ukraynanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutur. Moskva bunun “qeyri-məqbul” olduğunu dəfələrlə bəyan edib.
Ceyk Sallivan Kiyevdə olarkən deyib ki, ABŞ Ukraynanın bu müharibədən qalib çıxacağına inanır.
O əmin olduğunu bildirib ki, Ukrayna üçün nəzərdə tutulmuş 60 milyard dollarlıq hərbi yardım paketi Nümayəndələr Palatasında təsdiq olunacaq.
Sallivan bunu da deyib ki, Rusiya bu müharibədə artıq məğlub olub, çünki Ukraynanın dövlətçiliyini məhv edə bilməyib.
Sallivan suverenliyinin qorunub saxlanmasını, demokratik və azad bir ölkə olmasını Ukraynanın qələbəsi adlandırıb.
Martın 21-də NATO hərbi komitəsinin başçısı Rob Bauer Kiyevə gəlib.
“Ukrainskaya Pravda” qəzetinin yazdığına görə admiral deyib ki, o Ukraynanın NATO üzvü olacağına inanır.